Sizin Reklam Burada

Qarabağa yeni həyat qayıdır

Qarabağa yeni həyat qayıdırOtuz ilə yaxın işğal altında qalan ərazilərin ölkəmizin iqtisadiyyatına vurduğu zərər 100 milyard dollardan artıq olub. Ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal altında qaldığından nə az, nə çox - düz 30 il münbit və bol suyu olan bərəkətli torpaqlardan istifadə edə bilmədik. Halbuki bu illər ərzində Azərbaycanda əhalinin sayı, deməli, ərzağa olan tələbat da artmışdır.
Bu ərazilərdə kənd təsərrüfatının inkişaf potensialının qiymətləndirlməsi üçün işğaldan əvvəlki dövrdəki vəziyyətin təhlil olunmasına ehtiyac vardır. 1988-ci ildəki statusu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar yüksək kənd təsərrüfatı göstəricilərinə malik idi. Həmin tarixdə ölkədə taxıl istehsalının 14,3 faizi, pambıq istehsalının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi, ət istehsalının 14,5 faizi, süd istehsalının 17,1 faizi, yumurta istehsalının 3,6faizi, yun istehsalının 19,3 faizi, barama istehsalının 17 faizihəmin ərazilərin payına düşürdü. Həmin dövrdəki texnoloji və idarəetmə sistemi ilə əldə olunan bu nəticələrin günümüzdə prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var.

İşğaldan əvvəlki dövrdə respublika üzrə iribuynuzlu mal-qaranın 15,1 faizi, xırdabuynuzluların isə 19,2 faizi həmin ərazilərin payına düşürüdü. İribuynuzlu heyvandarlıqda Laçın, Ağdam və Füzuli rayonlarının, xırdabuynuzlu heyvandarlıqda isə Laçın, Ağdam, Kəlbəcər, Füzuli və Cərbayıl rayonlarının göstəriciləri yüksək idi. Qeyd olunan göstəricilərlə yanaşı, işğaldan azad edilən ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzərə alınmaqla Dağlıq Qarabağ və ətraf rayonlarda kənd təsərrüfatının prioritet istiqamətlərini müyyənləşdirmək mümkündür.

İşğaldan azad olunan ərazilərin inkişaf etdirilməsi üçün ilkin zəruri addımların atılmasına ehtiyac var. İlk növbədə, uzun illər istifadəsiz qalan torpaq sahələrinin yararlı hala gətirilməsi, deqradasiya proseslərinin aradan qaldırılmasına paralel olaraq meliorasiya və irriqasiya sistemlərinin qurulması olduqca zəruridir. Sonrakı mərhələdə isə torpaqların uçotu aparılmalı,kateqoriyaları hazırlanmalı, əkin, örüş və otlaq sahələri müəyyənləşdirilməlidir.

Düzdür, aqrar sektorda geniş islahatların aparılması, kəndliyə dövlət dəstəyinin verilməsi sayəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli dərəcədə artım var. İndi ət və süd, toyuq əti və yumurta, eləcə də əksər meyvə və tərəvəzə olan daxili tələbatımızın xeyli hissəsi yerli istehsal hesabına ödənilir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra bu sahədə vəziyyət daha da yaxşılaşıb. Mütəxəssislərin hesablamalarına görə, işğaldan azad edilən ərazilərin aqrar sektor üzrə potensialı böyükdür. Bu region düşmən tərəfindən işğal edilməmişdən əvvəl respublikamızın kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində önəmli rol oynamışdır. Çünki aqrar sektorun inkişafında əsas şərt olan bol su və münbit torpaq burada var. O üzdən hazırda işğaldan azad edilən ərazilərdə minalardan təmizlənmiş torpaqlardan səmərəli istifadə etmək üçün tədbirlər görülür, o cümlədən mütəxəssislər tərəfindən ilk növbədə aqrar sektorun imkanları qiymətləndirilir

Mövzu ilə bağlı "Böyük Qayıdış" şirkətinin direktoru, QHT sədri Emin Əliyev “Xalq Cəbhəsi”nə deyib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra hökumətin əsas missiyası bu ərazilərdə təhlükəsizlik tədbirlərinin təşkil edilməsi, ərazilərin minalardan təmizlənməsi olub. Bu fəaliyyətlərlə paralel olaraq müəyyən edilmiş ərazilərdə yenidənqurma, bərpa işlərinin sistemli təşkili və keçmiş məcburi köçkünlərin tarixi torpaqlara “böyük qayıdış”ını təşkil etmək də prioritet sayılıb:

“El-obalarına geri qayıdan soydaşlarımızın məşğulluq məsələləri də dəqiq hesablanmalı və təminat yüksək səviyyətə təşkil edilməli idi. Bütün bu kompleks tədbirlər üçün ilkin araşdırmalar aparılmağa başlanıldı, şəhər və rayonları baş planları üzərində işlərə start verildi. Bunun üçün həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış şirkətlər cəlb edildi. Nəticədə bölgənin yeni dövrün tələblərinə uyğun olaraq iqtisadi potensialı və perspektivlər müəyyən edildi, eyni zamanda qısa müddətdə rayon və şəhərlərin baş planları hökumətə təqdim edildi. Bütün bunların fonunda isə 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Bu planla hökumətin qarşısında duran vəzifələr müəyyənləşdirilib və 2026-cı ilədək olan dövrdə icra olunası tədbirlər göstərilib”.

E.Əliyev Qarabağın bütün sahələrində inkişafın mümkünlüyünü deyib. Onun fikrincə, həm yerli, həm də beynəlxalq konsaltinq şirkətlərinin araşdırmalarına əsasən Qarabağ və Şərqi Zəngəzur ərazisində müasir dövr üçün aktual olan bir neçə perspektiv sahə müəyyən edilib. Bu perspektivlər müəyyənləşdirilərkən bölgənin yeraltı və yerüstü təbii resursları, coğrafi mövqeyi, torpaq və su ehtiyatları, iqlim şəraiti və xüsusilə də müasir dövrün trendləri nəzərə alınıb. Yekun olaraq müəyyən edilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, alternativ enerji, turizm, logistika və yeraltı resurslardan səmərəli istifadə edilərək ciddi iqtisadi inkişaf tempi təmin etmək mümkündür. Bunun üçün sadəcə bölgənin təbii və coğrafi imkanları deyil, eyni zamanda insan resurslarının müasir dövrün tələblərinə cavab verməsi üçün müvafiq tədbirlər görülməli, keçmiş məcburi köçkünlərin bilik və bacarıqları yuxarıda qeyd edilmiş istiqamətlər üzrə tələblərə cavab verməlidir. Böyük Qayıdışa dair I Dövlət Proqramında bütün bu istiqamətlər üzrə ilkin tədbirlər nəzərdə tutulub.
Ekspert aqrar sahədə yeniliklərdən də bəhs edib. Deyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən aqrar bölgə kimi xarakterizə edilib. Bölgənin zəngin torpaq və su resursları vardır. Bu ərazidə bir neçə iri su anbarları nəinki bölgənin suvarma tələbatını ödəyə bilər, hətta ətraf rayonların da ehtiyaclarını ödəyə bilər. Bundan başqa bölgənin relyefi imkan verir ki, kənd təsərrüfatının bir neçə sahəsi ilə bağlı layihələr icra olunsun-heyvandarlıq, arıçılıq, meyvəçilik, kartofçuluq, tərəvəzçilik, tingçilik, toxumçuluq, orqanik kənd təsərrüfatı bunlardan sadəcə bir neçəsidir:

“Hal-hazırda artıq Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl rayonlarında aqrar layihələr icra edilir və iri təsərrüfatlar yaradılıb. Hətta bu il bazarlara “Zəngilan əriyi” təqdim edilib. Bu bölgənin təbiəti imkan verir ki, müasir dövrün trendlərindən olan orqanik məhsul istehsalı ilə bağlı müxtəlif həcmli layihələr icra edilsin. Artıq bu bölgənin adı ilə “Orqanik Qarabağ” və “Orqanik Zəngəzur” kimi markaların yaradılması təklif edilib. Bu markaların altında bölgədə istehsal edilmiş və müvafiq sertifikatlar alınmış bir çox məhsullar bazarlara təqdim edilə bilər. Bal, ət və ət məhsulları, süd və süd məhsulları, meyvələr, tərəvəzlərin istehsalı üçün çox böyük perspektivlər vardır və bundan maksimal istifadə edilməlidir”.

O daha sonra vurğulayıb ki, xəritəyə nəzər salsaq görərik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Cənubi Qafqazın tam mərkəzində yerləşir və regionun əsas bazarlarına və tranzit ölkələrinə demək olar ki bərabər məsafədədir: “Naxçıvan Muxtar Respublikasını da “böyük səhnə”nin bir hissəsi kimi nəzərə alsaq bölgə üç dövlətlə həmsərhəddir. Ən əsası isə bütün dünyanın diqqət mərkəzində olan Zəngəzur koridorunun üzərindədir.

Bütün bunlardan başqa bu iki iqtisadi rayonumuzda dörd hava limanı vardır-Füzuli, Zəngilan, Xankəndi və tikilməkdə olan Laçın hava limanları. Hal-hazırda yekunlaşmaqda olan Zəngəzur dəhlizi ilə uzanan dəmir yolu xətləri, Qarabağ və Şərqi Zəngəzuru digər iqtisadi rayonlarımızla birləşdirməsi planlaşdırılan dəmir yol xətləri bölgənin logistic imkanlarını zənginləşdirir və dünya bazarlarına çıxış imkanlarını asanlaşdırır. Bir sözlə desək, bu bölgə Pekinlə Londonu birləşdirən bölgədir! Bu məqamda Naxçıvanın da imkanları barədə danışmaq lazımdır. Çünki Naxçıvanın da böyük iqtisadi perspektivləri vardır. Təəssüf ki, bu günədək bu resurslardan məqsədyönlü istifadə edilməyib və bölgənin resurslarının dünya bazarlarına çıxışı tam təmin edilməyib. Sadəcə onu demək lazımdır ki, Naxçıvanda alternative enerji sahəsinin, orqanik kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar vardır. Eyni zamanda yeraltı təbii resurslardan düzgün istifadə bölgənin iqtisadi inkişafının əsasını təşkil edəcəkdir.

Əlavə olaraq bölgənin logistik xətlərin kəsişmə nöqtəsində yerləşməsi, xüsusilə, Zəngəzur dəhlizi kimi beynəlxalq nəqliyyat xəttinin üzərində yerləşməsi geniş perspektivlər vəd edir. Müasir dövrün trendlərindən olan orqanik məhsul istehsalı isə Naxçıvanın əsas gəlir mənbəsi kimi xarakterizə edilə bilər. Artıq NAxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi orqanik məhsul istehsalına dah çox diqqət ayırmağa başlamış və “Orqanik Naxçıvan” brendi təsis edib. Bu çox mütərəqqi bir addımdır və bunun inkişaf perspektivi çox böyükdür. “”Orqanik Qarabağ”, “Orqanik Zəngəzur” və “Orqanik Naxçıvan” brendləri yeni mərhələdə yeni imkanlar üçün açar mahiyyəti təşkil edəcəkdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər