"Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır"
Hazırda dünyada yeni innovasiyaların tətbiqi dairəsinin genişlənməsi enerjiyə olan tələbatı da artırır və hər il dünya energetika təsərrüfatında enerjiyə olan tələb daha da çoxalır. Azərbaycan hökuməti ötən əsrin sonlarından başlayaraq enerji təsərrüfatının inkişafı ilə bağlı məqsədyönlü proqramlar həyata keçirməklə, respublikamızın enerji güclərinin bir neçə dəfə artmasına nail olub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biri olaraq dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyində danılmaz rola malikdir.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Ölkəmiz regionumuzda və Avropada yerləşən böyük iqtisadi gücü və siyasi nüfuzu olan ölkələrlə həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycan bugünə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır.
Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda «Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu» mövzusunda çıxışında qeyd etdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. "Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var." Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır ki, bu da öz növbəsində hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas almasında sözünü deyir.