BMT, NATO ləğv edilir...
Donald Tramp hansı ölkənin güclənməsinə çalışır?!
Onsuz da əsaslı şəkildə silkələnən İkinci dünya müharibəsindən sonra formalaşan beynəlxalq nizamın tam sıradan çıxarılmasının vacib mərhələsi başlayır. ABŞ - da Donald Trampın yenidən prezident seçilməsi və səlahiyyətlərinə başlama öncəsi Danimarkanın Qrelandiyasını tərkibinə tələb etməsi, digər narahatedici açıqlamaları ilə yanaşı dünyada beynəlxalq hüququn süqutunu, güc faktorunun isə əsas şərtə çevrildiyini mübahisəsiz sübut edir. ABŞ - ın istək və davranışları, bütövlükdə prosesin dünya ölkələrinin təhlükəsizliyi və suverenliyi üçün real təhlükələr vəd edir, yeni dünya nizamını formalaşdırır.
Təbii ki, ilk növbədə proseslər köhnə dünya nizamının əsas atribut və dayaqlarına olan beynəlxaq struktur və birliklərə inamı sarsıdacaq və bu beynəlxalq təşkilatlar əhəmiyyətlini, gərəkliyini itirəcək. Gücün haqqı beynəlxaq hüququ əhəmiyyətsiz hala gətirdiyindən ilk növbədə Birləşmiş Millətlər Təşkilatı suquta uğrayacaq, ən yaxşı halda isə əsaslı struktur islatına gedəcək.
ABŞ-ın özünün rəhbəri olduğu NATO üzvlərinə təhdid və təhlükə yaratdığından NATO-nun da indiki formatda dayanacağı çox çətin görünür. Əlbəttə ki, ikinci dünya müharibəsindən sonra dünya nizamını tarazlayan VARŞAVA hərbi blokunun ləğvi ardından, yeni dünya nizamın da NATO-nun da eyni taleyi yaşayacağı şübhə doğurmur. Ancaq proseslər yeni tarazllayıcı hərbi blok ortaya çıxara bilsə, NATO-nun yeni reallıqlara uyğun yenilənməsi də mümkündür. Yeni dünya nizamında iki güc mərkəzi deyil bir neçə güc mərkəzinin, blokların yaranması istisna deyil. Donald Trampın Danimarkadan Qrelandiya tələbi Avropa Birliyi ölkələrini NATO-dan kənar müdafiə mexanizmi düşünməyə məcbur edir. Danimarka baş nazirinin bu məsələdə Aİ-nın dəstəyinə ümid etdiyini bildirib.
Donald Trampın rəhbərliyi ilə. ABŞ-ın Qrelandiya, Panama kimi tələbləri dövlətlərin Rusiya və Çin ətrafında yeni birləşmələrə gətirib çıxara bilər. Əlbəttəki ABŞ - ın faktiki digər dövlətlərə qarşı ərazi tələbi, onların suverenliyinə hörmətsizliyi, Rusiyanın hələ ki, Ukraynaya qarşı, İsrailin Yaxın Şərq ölkələrinə qarşı işğalçılıq müharibəsinə, Fransanın və sair ölkələrin müstəmləkə istəklərinə haqq qazandırır. Adını çəkmədiyimiz bəzi ölkələr də, beynəlxalq arenada yaranmış fürsətdən istiifadə etmək qərarına gələ bilər.
ABŞ-ın yenidən seçilmiş prezidenti Donald Trampın açıqlamalarının hansı dəhşətli domino effektli ilə dağıdıcı nəticəyə səbəb olacağını təxmin etmədiyi mümkün deyil. O da bəllidir ki, Donald Trampın narahatedici açıqlamaları özü-özlüyündə Rusiyanın əlini gücləndirir, Rusiyanın ətrafında daha çox müttəfiq və tərəfdaş toplanmasına zəmin yaradır. Gedişat özü böyük sual yaradır.
ABŞ - ın Qrelandiya, Panama istəkləri əsasən ABŞ - ın hökmranlığını qorumaq, xüsusən də Çin başda olmaqla bəzi ölkələrin inkişafını əngəlləmək niyyətinə söykənə də, nəticənin bütün dünya və xalqlar üçün ağır nəticəyə gətirəcəyi şübhəsizdir. Bu nəticə üçüncü dünya müharibəsi ilə tarixə düşə bilər.
Vüqar Dadaşov