ABŞ mətbuatında Azərbaycanda tolerantlıq
“Qalib Azərbaycan” Könüllü Təbliğat Qrupunun üzvləri jurnalist Fuad Hüseynzadə və Ədil Ədilzadənin ABŞ-ın Nyu-York şəhərində nəşr edilən “Bukharian Times” qəzetində Azərbaycandakı tolerantlıqla əlaqədar məqaləsi dərc edilib. “Azərbaycanın nümunəvi tolerantlıq siyasəti” başlıqlı məqalədə qeyd edilib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır.
Yazıda gündəlik yaşayışda hər zaman azərbaycanlıların tolerant ömür sürdükləri vurğulanır: “Heç kimi deyə bilməz ki, Azərbaycanda hansısa milli azlıq və dini konfessiyalarla bağlı problem olub. Bu ondan irəli gəlir ki, etnik və dini azlıqların müdafiəsi sahəsində milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda dövlət siyasəti həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqlarının təsbit olunub. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident Fərmanı imzalanıb. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub. Ölkədə etnik-mədəni müxtəlifliyin qorunması, millətlərarası və dövlətlərarası münasibətlər sivil normalar əsasında tənzimlənir. Eləcə də tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində çoxsaylı tədbirlər görülür.
Tolerantlıq xalqımızın həqiqi milli mənəvi dəyəridir deyə Azərbaycan dövləti hər zaman bu məsələyə diqqət və dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev bu baxımdan bildirib ki, ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar”.
Məqalədə bildirilir ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir: “Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edərək tarixən respublikada formalaşmış tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini səciyələndirən gözəl bir ənənəyə çevrildiyini önə çəkir.
Azərbaycanda milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Bunu həmin milli azlıqların nümayəndələrinin dilindən də tez-tez eşidirik”.
Yazıda tarixən bir çox millətlərin nümayəndələri Azərbaycan ərazisində yaşadığı bildirilirib: “Həmçinin erməni xalqının nümayəndələri də bu ərazilərə gəldikdən sonra Azərbaycan xalqı ilə birgə yaşayıblar. Yeri gəlmişkən, qalib ölkənin Prezidenti cənab İlham Əliyev dəfələrlə Qarabağın erməni sakinlərinə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq birgə yaşayış üçün öz çağrışlarını edib. Xalqların bir-birilərini daha da yaxından tanıması və əlaqələrin möhkəmlənməsində mədəniyyət sahəsində layihələrin keçirilməsi önəmlidir”.
Məqalədə bir neçə ABŞ rəsmilərinin Azərbaycanda mövcud olan tolerantlıq, milli azlıqlara hörmət, gender bərabərliyi ilə bağlı fikirləri yer alıb. Həmçinin Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin Prezident İlham Əliyevin dini icmalara, o cümlədən yəhudi icmasına göstərdiyi diqqətlə bağlı fikirləri verilib.
Xatırladaq ki, “Qalib Azərbaycan” Könüllü Təbliğat Qurupunun məqsədi ölkə xaricində və daixlində Azərbaycan Respublikasının Prezidentliyə namizədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin namizəd kimi təbliğatına könülllü dəstək vermək, eyni zamanda xaricdəki soydaşlarımızı seçkidə iştiraka təşviq etməkdir. Jurnalistlər Fuad Hüseynzadə və Ədil Ədilzadənin təşəbbüsü ilə yaradılan qrupun fəaliyyəti çərçivəsində dünyanın müxtəlif nüfuzlu KİV-lərində, eləcə də diaspor təşkilatlarının saytlarında yazılar dərc olunur.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.bukhariantimes.org/wp-content/uploads/2023/06/BT_1147_Mobile.pdf