Sizin Reklam Burada

Nüvə zərbəsi üçün 3 səbəbdən biri yetişdi - Polkovnik

Nüvə zərbəsi üçün 3 səbəbdən biri yetişdi - PolkovnikFikrimcə, mövzunu daha yaxşı anlamaq üçün NATO-nun ötən ilin yayında qəbul edilən 2030-cu ilədək dövrü əhatə edən konsepsiyasına nəzər yetirmək faydalı olar. NATO-nun sözügedən sənədində Rusiya və Çin əsas təhdid kimi təsbit olunub. Çin əsasən iqtisadi təhdid kimi görünür.

Bu sözləri Axar.az-a Rusiyanın Xersonu itirməsindən sonra nüvə silahından istifadə etməsi ehtimalı haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Sadiq Akyar deyib.

Akyarın sözlərinə görə, NATO və ABŞ-ın Ukrayna müharibəsində iki əsas məqsədi var:

“NATO-nun 2021-ci ildə keçirilən “Defender Europe” hərbi təlimi zamanı ABŞ bölgəyə xeyli silah-sursat və zirehli texnika yığdı. Bəhs etdiyimiz hərbi təlim mümkün müharibə vəziyyətində ABŞ-ın Avropadakı müttəfiqlərinə hansı kanallarla necə kömək edəcəyi ilə bağlı idi. Rusiya da buna qarşılıq kimi Ukraynanın şərqindəki sərhədə xeyli sayda əsgər, hərbi texnika və silah-sursat yığmağa başladı. Yəni əslində Ukrayna müharibəsi ilə bağlı hazırlıq bu ilin fevral ayından yox, ötən ilin mart ayından başladı. Ukrayna müharibəsi başlayanda NATO sənədinə görə də, xüsusilə ABŞ-ın iki əsas məqsədi var idi: birincisi, Rusiyanın klassik, yəni nüvə gücü daxil olmadan quru, hava və dəniz gücünü, bunların logistika elementlərini, əlaqələrini, əsgərin təlim səviyyəsini, komanda və nəzarət sistemini, hətta nizam-intizamını görmək; ikincisi Rusiyanın nüvə qabiliyyətini və bundan nə vaxt istifadə edə biləcəyini sınaqdan keçirmək. Yəni ABŞ Rusiyanın nüvə gücünü nə vaxt, hansı məqsədlə və harada istifadə edə biləcəyinə cavab tapmaq istəyir”.

Polkovnik bildirib ki, hazırda Qərbin Rusiyanın nüvə silahından istifadə ehtimalını qəbul etməsi, əslində Moskvanın işğal olunan ərazilərdə legitimlik hüququnun olduğunu qəbul etmək mənasına gəlir:

“Rusiya bu ilin 24 fevralında Ukraynaya dörd istiqamətdən hücum etdi və səkkiz ayın sonunda gəldiyimiz nəticəyə görə, işğal etdiyi və referendumla özünə ilhaq etdiyi dörd bölgədən biri olan Xersondan çəkilməyə məcbur oldu. Referendumdan sonra Dövlət Duması da ilhaq qərarını təsdiq etdi. Rusiya Konstitusiyası və Hərbi Doktrinasına görə, ölkənin Silahlı Qüvvələri üç halda nüvə silahından istifadə edə bilər: 1) ölkəyə nüvə hücumu olarsa, 2) müttəfiqlərinə təhdid olduqda, 3) ölkə klassik müharibə zamanı torpaq itkisi ilə üzləşərsə.
İndiki mərhələdə Rusiya nöqteyi-nəzərindən Xersonun itirilməsi nüvə silahından istifadə üçün şərtlərin formalaşması mənasına gəlir. Məsələyə hansı tərəfdən baxmaq önəmlidir. Əgər Qərb Rusiyanın nüvə silahından istifadə edəcəyini desə, əslində bu, həm də Krım və digər ərazilərin Rusiyanın olduğunu qəbul etmək mənasına gəlir. Krımı da Rusiyadan başqa heç bir dövlət onun ərazisi kimi tanımır. Yəni məsələ beynəlxalq münasibətlər baxımından problemlidir. Rusiya tərəfindən isə baxsaq, Xersonun “işğalı” ilə nüvə silahından istifadə zəmini artıq hazırdır”.

Polkovnik qeyd edib ki, NATO və ABŞ məqsədlərindən birincisinə, yəni Rusiyanın klassik gücünü görmək hədəfinə çatdı:

“Rusiya Ukrayna müharibəsində T-62 tanklarından və klassik olmasına baxmayaraq, strateji silah sayılan “İsgəndər” və “Kalibr” də daxil olmaqla, bütün silahlarından istifadə etdi, səfərbərlik oldu. İndi isə ABŞ və Qərbin öyrənmək istədiyi tək məsələ Rusiyanın nə vaxt, harada, necə və hansı məqsədlə nüvə silahından istifadə edə biləcəyidir”.

Sadiq Akyarın fikrincə, Rusiyanın ölkə daxilində və dünyada işğal nəticəsində müəyyən ərazilərin ilhaqının qəbul olunması ilə bağlı böyük problemləri var və buna görə də nüvə silahından istifadə etməyə tərəddüd edir:

“Müharibənin əvvəlində Rusiya Zaporojye AES-i ələ keçirdiyi zaman bir çox ölkə burada partlayış törədiləcəyini və ya sızma olacağını düşünürdü. Beləliklə, ətraf ölkələr və bütün dünya böyük bir fəlakətlə üzləşməli idi. Lakin Rusiya bunu etmədi. Rusiya Xersondan çıxanda da ağıllara taktiki nüvə silahından istifadə edə biləcəyi təhlükəsi gəldi. İndi isə ortaya çıxan sual Rusiyanın nüvə silahından istifadədən imtina edib-etməməsidir. Rusiyanın böyük nüvə potensialına, xüsusilə qitələrarası raket arsenalına sahib olduğunu deyə bilərik.

Zənnimcə, hərbi baxımdan taktiki məqsədlə müəyyən bölgədə Rusiya iki, üç, beş, ən çoxu on kilotonluq nüvə bombasından istifadə edə bilər. Lakin bu halda belə müharibənin getdiyi bölgələri nəzərə aldığımızda Rusiyanın öz ərazilərinin və ordu birləşmələrinin də ziyan görəcəyini demək mümkündür. Ukrayna tərəfi verdiyi açıqlamalarda Krımın da azad olunacağını bildirib. Ona görə də Xersondan sonra Donbas və Krımda döyüşlər zamanı nüvə silahından istifadə yenidən gündəmə gələ bilər. Burada əsas məsələ qanunilikdir. Rusiya Ukraynanın bəzi ərazilərini müharibədə ilhaq etdi, lakin dünya bu ilhaqı tanıyırmı? Hətta Rusiyanın daxilində də ilhaqın qanuniliyini müzakirə edənlər, şübhə ilə yanaşanlar var. Rusiya hələlik buna görə nüvə silahından istifadə etməyə bilər. Lakin bu, Moskvanın qətiyyən nüvə silahından istifadə etməyəcəyi mənasına gəlmir. Rusiyanın Şərqi Ukraynadan daha çox, Krımda çıxılmaz vəziyyətdə qalacağı durumda nüvə silahını gündəmə gətirəcəyini düşünürəm. Nüvə silahından istifadə də özündə müxtəlif məsələləri ehtiva edir. Birincisi, daxili ictimai-siyasi vəziyyətdir, ikincisi isə bunun üçün özünü fəda edə biləcək şahin bir qrupun olmasıdır. Ukrayna müharibəsində iştirak edən Rusiya Silahlı Qüvvələri komandanlığının dəyişməsi də bu məqsədə xidmət edir. Dolayısı ilə Qərb nə qədər Rusiyanın nüvə silahından istifadə etməyəcəyini desə də, buna tam əmin olmaq doğru deyil”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər