Sizin Reklam Burada

Ermənistan ərazisindən Azərbaycanlıların mərhələli deportasiyası

Ermənistan ərazisindən Azərbaycanlıların mərhələli deportasiyasıvə qaçqınların təmin edilməyən hüquqları

Bir zamanlar Qərbi Azərbaycan torpaqları olmuş indiki, Ermənistan dövlətinin torpaqlarında Çar Rusiyasının Erməniləri mərhələli şəkildə yerləşdirilməsi regionda etnik balansı pozmaq və nəhayətində tampon Erməni dövləti yaradaraq Osmanlı Türk dövlətinin digər türk xalqları və dövlətləri ilə birbaşa torpaq əlaqələrinin kəsilməsi məqsədi daşımışdır.

Çar Rusiyası tərəfindən Ermənilər Qərbi Azərbaycan ərazilərinə yerləşdirildikcə tədricən yerli əhalinin bəzən məcbur, bəzən köçürülmə adı altında öz dədə-baba yurdlarından qovulma siyasəti həyata keçirilməyə başlayır. Bu siyasət 19-ci əsrin əvvəllərində Çar Rusiyasının Azərbaycan torpaqlarının işğalının ilk illərindən başlayaraq 20-ci əsrin sonlarına qədər durmadan davam edir. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilmişdir[8].

Ermənistan dövlətinin yerli xalq olan Azərbaycanlıları zorla deportasiya edərək etnik təmizləmə siyasəti aparması nəticəsində Ermənistan mono etnik dövlətə çevirmişdir.
Azərbaycanlıların Qərbi Azərbaycandan məcburən qovulması və zorla köçürülmə prosesi aşağıdakı 4 tarixi mərhələni əhatə edir:

1. Birinci mərhələ 1827-ci ildə Çar Rusiyasının İravan xanlığının işğalı ilə başlayan və 1905-ci ilə qədər olan dövür.

Bu dövürdə Ermənilər Çar Rusiyasının himayəsinə götürülür, imperiya tərəfindən torpaq və taxıl ilə təmin edilir. Yerli əhaliyə qarşı heç bir diqqət və qayğı göstərilmədiyindən bir çox yerli Türk və Kürd tayfaları Osmanlı ərazisinə köç etməyə məcbur olur.

2. İkinci mərhələ 1900-1920-ci illəri əhatə edir.

20-ci əsrin əvvələrində Qafqazda xüsüsən Azərbaycan və indiki Ermənistan ərazilərində Azərbaycanlıları köçə məcbur etmək və köçürülmüş erməniləri yerləşdimək məqsədiylə Azərbaycan Türklərinə qarşı törədilən qırğınlar və deportasiya siyasəti dahada sistemi və təhlükəli hal almağa başlayır. Çünki erməni dövlətini yaratmaq üçün ermənilərin sayı yetərli deyildi. Çar Rusiyasının köçürülmə siyasətinə baxmayaraq Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər. Çar Rusiyası 1905-1906-cı illərdə erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğınların qarşısını almalı olduğu halda bunu etmədi. Qırğınların miqyasının dahada genişlənməsində Rusiyanın 2 məqsədi vardı.

1. Bölgənin milli tərkibinin dəyişdirilməsi:
2. Hər iki tərəfi savaşdırıb zəiflətmək:

Yəni bölgənin etnik tərkibinin dəyişməsi həm Çar Rusiyasının, həmdə ermənilərin maraqlarına uyğun gəlməklə yanaşı digər tərəfdən Rusiyanın hakim dairələri 1905-1906-cı illər erməni-müsəlman iğtişaşlarından öz imperiya maraqları üçün istifadə edərək ikili oyun oynayırdılar. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən ehtiyyat edərək ermənilər tərəfindən müsəlmanların yaşadığı ərazilərdə törətdilən qırğınlara biganə qalmış, Azərbaycanılarında öz rəiyyətləri olamaqlarına baxmayaraq bəzi hallarda ermənilərin tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə nail olmuşdular [1., s.29].
Ermənilərin 1918-1920-ci illərdə həyata keçirdikləri kütləvi qırğınlar və soyqırım aksiyaları nəticəsində isə on minlərlə Azərbaycanlı Zəngəzurdan qovularaq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən tamamilə silinmişdir.

3. Üçüncü mərhələ 1948-1953-ci illər

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.

Ermənilər Azərbaycanlıların Ermənistan SSR-dən deportasiya edilməsi siyasətini bu dəfə fərqli bir üsuldan istifadə etəmklə həyata keçirdilər. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarının çıxarılmasına və 1948-1953-cü illərdə Azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. SSRİ Nazirlər Sovetinin bu haqsız qərarları nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün edilmişdir [2., s.221].

4. Üçüncü mərhələ 1988-1992-ci illər

1988-1989-cu illərdə başlamış Azərbaycanlıların Ermənistandan növbəti deportasiyası siyasəti nəticəsində 250 mindən yuxarı azərbaycanlı öz ata-baba torpaqlarından qaçqın düşüb. Təkcə bu sonuncu köçdən sonra Erməsitanda Azərbaycanlıların izini silmək üçün Azərbaycanlılara məxsus 2000-dən çox məzarlıq dağıdılıb, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları ya dağıdılıb yada erməniləşdirilib.
Ermənilərin törətdikləri bu vandalizm aktında məqsədləri Ermənistanın etnik olaraq Azərbaycanlılardan təmizlənməsi və izlərinin tamamilə silinməsi olmuşdur.

Əlbəttəki, proses təkcə Azərbaycanlıların köçürülməsi ilə məhdudlaşmayıb. Bu ərazidə azərbaycanlılara məxsus yer adlarını öz adları ilə əvəzləyərək Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonun adı dəyişdirilib [7].

Ermənistanda türkmənşəli toponimlərin erməniləşdirmə kampaniyasına hələ daşnak hökuməti zamanında başlanılmışdır. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə daxili işlər nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı. [3., s.170].

SSR dövründə Ermənistanın bütün toponimlərində dəyişikliklər qərara alınmışdı. SSRİ Nazirlər Kobinetinin çoxlu saylda sərəncamları ilə 2 mindən çox ərazi və yaşayış məntəqəsinin adları dəyişdirildi. Lakin Azərbaycanlılara aid toponimlər bütün Ermənistanı əhatə etdiyindən tam təmizlənməsinə sovet dövrü yetmədi. Hətta Ermənistanın məsul işçilərindən biri olan Manuk Vardanyanın sözlərinə görə ölkədəki bütün türk mənşəlli sözlərin dəyişdirilməsi 2007-ci ilə qədər davam etmişdir.

Azərbaycanlıların Ermənistandan köçürülməsi və əmlaklarının ermənilər tərəfindən qansuz ələ keçirilməsi nəticəsində soydaşlarımıza böyük həcmdə maddi və mənəvi zərər dəymişdir. Təəssüflər olsun bir sıra hesablamar olsada dəymiş zərərin tam həcminin hesablanması hələlik mümkün deyil. Bunun üçün xüsusi komissiyanın fəaliyyətinə ehtiyac vardır.

Təxmini hesablamara görə Ermənistan Kolxozlarında azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454 660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağlarının və yaşayış evlərinin mənimsənilməsi zamanı qaçqınlara dəymiş zərərin məbləği 17.5 milyard, bəzi hesablamalara görə 20 milyard dollardan yuxarıdır.

Azərbaycan Milli ElmlərAkademiyasının İnsan Hüquqları İnstitutunun mərhum
direktoru olmuş alim Rövşən Mustafayevin rəhbərliyi ilə institut əməkdaşlarının 2006-cı ildə apardıqları araşdırmalara görə isə soydaşlarımıza 20-50 milyard ABŞ dolları dəyərində maddi ziyan dəyib [6].
Lakin bu hesablamalar yuxarıda qeyd etdiyim kimi tam realığı əks etdirmir və əmlakların dəyəri deportasiya dövrünə aid qiymətlərlə hesablanıb.
Əslində isə Azərbaycanlılara dəymiş zərər aşağıdakı 3 prinsipin əsasında aparılmalıdır.

1. Dəymiş zərər indiki qiymətlərlə hesablanmalı:
2. Deportasiya edilmiş Azərbaycanlıların indiyə qədər Ermənistandakı torpaq və digər sahələrdən əldə edəcəkləri gəlirlərdə hesablanıb dəymiş zərərə əlavə edilməlidir:
3. Deportasiya zamanı öldürülmüş Azərbaycanlıların ailələrinə kompensasiyanın ödənilməsi və Ermənistanın üzr istəməsi:

Deportasiya dövründə Ermənistan dövlətinin Azərbaycanlılara qarşı cinayətlərinin nəticəsi olaraq əldə olan müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar [9].

Deportasiya edilmiş Azərbaycanlılara qarşı millətlər arası münaqişə zəminində törədilmiş cinayət hadisələrinə və qeyri insani rəftarlarına görə Ermənistan dövlətinin cəzalanması, qaçqınların pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi və Ermənistan dövləti tərəfindən kompensasiyanın ödənilməsi yalnız beynəlxalq hüquq norma və prinsipləri ilə təmin edilə bilər.

Silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusu, yəni silahlı münaqişələr hüququ beynəlxalq hümanitar hüquq tərəfindən müəyyənləşdirilir və tənzimlənir. Silahlı münaqişlər hüququ sayılan beynəlxalq hümanitar hüquq özlüyündə Cenevrə hüququ və Haaqa hüquq olaraq iki qola ayrılır.

Cenevrə hüququ:

Müharibə zaman mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək kimi məsələlər beynəlxalq humanitar hüququn bir qolu olan “Cenevrə hüququ” ilə tənzimlənir. “Cenevrə hüququnun” əsasını müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları təşkil edir. Ermənistan dövləti beynəlxalq hüququn bir çox norma və prinsiplərini, xüsusiylə Cenevrə konvensiyasının aşağıdakı müddəalarını pozmuşdur.

Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən razılığa gələn yüksək tərəflərdən birinin ərazisində beynəlxalq xarakter daşımayan silahlı münaqişə baş verdikdə münaqişədə iştriak edən hər bir tərəf ən azı aşağıdakıları etməyə borcludur:
Döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, o cümlədən döyüş silahını yerə qoymuş silahı qüvvələrin üzvlər ilə və xəstələnmə, yaralanma, tutulma və ya hər hansı bir səbəb üzündən sıradan çıxmış şəxslərlə onların onların irqinə,dərsinin rənginə, dininə və ya əqidəsinə, cinsinə, mənşəyinə və ya əmlak vəziyyətinə və ya hər hansı digər oxşar meyarlara görə heç bir ayrı seçkilik qoyulmadan bütün hallarda insanı rəftar olunmalıdır.

Bu məqsədlə yuxarıda göstərilən şəxslərə qarşı aşağıda sadalanan bütün əməllər qadağan edilir və hər zaman hər yerdə qadağan ediləcəkdir.

1. Dərisinin rənginə, dininə, inancına, mənşəyinə, cinsinə, əmlak vəziyyətinə və ya hər hansı bir oxşar meyarlara görə yuxarıda göstərilən şəxslərə münasibətdə aşağıdakı hərəkətlər hər zaman və hər yerdə qadağan edilir:
a) insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə və s;
b) girov götürmə;
c) insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranış;
d) sivil millətlər tərəfindən tanınan və zəmanət verilən məhkəmənin qüvvəyə minən qərarı olmadan kimisə məhkum etmək və ona cəzanı tətbiq etmək;

Haaqa hüququ:

Müharibə dövründə zorakılığın, artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək kimi məsələləri 1899-cu və 1907-ci illərdə Haqqa sülh konfranslarında qəbul edilmiş müvafiq sənədlərə əsasən beynəlxalq humanitar hüququn “Haaqa hüququ” tənzimləyir.

Beynəlxalq hümanitar hüquqa daxil olmayan, lakin Ermənistanın öz ərazisində Azərbaycanlılara məxsus olmuş mədəni irsi qorumalı olduğu halda tamamən yox etməsinə görə beynəxlaq hüquqi məsuliyyətə cəlb edilərək cəzalanması üçün əsas olan beynəlxalq sənədlərdən biridə 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı Münaqişələr Zamanı Mədəni Sərvətlərin Qorunması Haqqında Konvensiyası” və iki əlavə Protokoldur. Beynəlxalq hüquqda Haaqa Konvensiyası olaraq adlanan bu konvensiyaya görə tərəflər öz cinayət qanunvericikləri çərçivəsində bu konvensiyanı pozan və ya pozmaq əmrini verən şəxsləri vətəndaşlığından aslı olmayaraq üzə çıxarılması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər.

Konvensiyaya görə bir xalqın mədəni irsi üçün böyük əhəmiyyətə malik olan daşınar və ya danışmaz əmlaklar,məsələn dini və ya dünyavi memarlıq,incəsənət abidələri,yaxud tarixi abidələr, arxeoloji qazıntı yerləri, tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq abidələri, incəsənət əsərləri,əlyazmalar,kitablar, bədii,tarixi və ya arxeoloji əhəmiyyətli digər əşyalar, həmçinin elmi kolleksiyalar və ya mühüm kitab və arxiv materillarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının kolleksiyaları mənşəyindən və sahibindən aslı olmayaraq mədəni sərvətlər hesab olunur.
Ermənistan dövləti tərəfindən Azərbaycanlılara qarşı törədilən etnik təmizləmə, qətl, işgəncə, tarixi və mədəni abidələrin dağıdılması kimi beynəlxalq hüquq norma və prinsiplərinin pozulması hallarına beynəlxalq hüquqi qiymət vermək və günahkarları cəzalandırmaq üçün Ermənisitan dövləti barəsində aşağıdakı 3 müxtəlif beynəlxalq məhkəmədə iddia qaldıraraq həm Ermənistan dövlətini təzminat ödəməyə məcbur etmək mümkündür.

1. Beynəlxalq Ədalət Məhkəməsi:

Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin 92-ci maddəsinə əsasən BMT-nin ali məhkəmə orqanıdıdır. Məhkəmənin qərargahı Niderlandın Haaqa şəhərində yerləşir. Beynəlxalq Ədalət Məhkəməsinin səlahiyyətləri yalnız dövlətlər arasındakı mübahisələrə baxmaqla məhdudlaşır. Yəni Qərbi Azərbaycanlılar fərd və ya təşkilat olaraq deyil, yalnız Azərbaycan dövləti tərəfindən məhkəməyə müraciət edə bilər.Bunun üçün Azərbaycan dövləti tərəfindən təqdim olunmuş mübahisənin mahiyyəti üzrə baxılmasının məhkəmənin səlahiyyətinə uyğunluğu əsaslandırmalı, mübahisənin mövcudluğu faktını və onun beynəlxalq hüquqi normalara uyğunluğu sübuta yetirilməlidir.
BMT-in Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş işlər bir qayda olaraq yazılı və şifahi olmaqla iki mərhələdən keçir. Yazılı mərhələ hər iki tərəfdən uyğun yazılı izahatların (memorandumların) təqdimatının tələb olunduğu səbəbindən bir iki ay davam edir və iş iki dövlətin razılığının (məhkəmədə işin araşdırılması haqqında barışığın) məhkəməyə verilməsi ilə başlanır. Əgər dövlət məhkəmənin səlahiyyətinə tabe olacağı barədə öz üzərinə öhdəlik götürübsə iddiaçı dövlət tərəfindən bir tərəfli yazılı müraciət ilə ona qarşı iddia qaldırıla bilər.

2. Haaqa Daimi Arbitraj Məhkəməsi:

Bəzən yanlış olaraq “Haaqa Daimi Artibraj Məhkəməsi” Haaqa şəhərində və eyni binada yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ilə eyniləşdirilir. Əslində isə bu belə deyil. Haaqa Daimi Arbitraj Məhkəməsi BMT-nin orqanı deyil. Daimi Məhkəmə 122 dövlətin üzvlüyü ilə fəaliyyət göstərən beynəlxalq məhkəmdir. İnstansiyası ərazi və dəniz sərhədləri, suverenlik, insan hüquqları, beynəlxalq sərmayə və beynəlxalq və regional ticarətlə əlaqəli bir sıra hüquqi məsələləri əhatə edir. Beynəlxalq Ədalət Məhkəməsindən fərqli olaraq Haaqa Daimi Artibraj məhkəməsi təkcə iki dövlət arasında mübahihələri deyil, eyni zamanda beynəlxalq təşkilatların və transmilli korporassiyaların dövlətlərlə aralarındakı beynəlxalq müqavilələrdən irəli gələn mübahisələri həll etmək üçün arbitraj məhkəmə xidmətləri göstərir.
Məhkəmə dinc nizamlama haqqında 1899-cu və 1900-cu il Haaqa Konvensiyaları əsasında yaradılmışdır. Arbitraj məhkəməsi tərəflərin beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələrini əsas tutur və mübahisənin həllinə beynəlxalq hüquqi faktların istifadə edilməsi ilə nail olur. Məhkəməyə müraciət etmək üçün Ermənistanın hərbi cinayətləri və Azərbaycanlıların pozulmuş hüquqları ilə bağlı faktlar, sənədlər və sübutlar Arbitraj məhkəməsinə təqdim edildikdən sonra məhkəmə işə baxılması prosesinə başlaya bilər.

3. Avropa İnsan Hüquqları Məhkəməsi:

İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 19-cu maddəsinə əsasən razılığa gələn yüksək tərəflərin bu Konvensiya və ona dair Protokollar ilə öz üzərilərinə götürdükləri öhdəliklərə riayət etmələrini təmin etmək məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra «Məhkəmə» adlanacaq) təsis olunur. O, daimi əsaslarla fəaliyyət göstərir [4., s.16].

Məhkəməyə kimlər və necə müraciət edə bilərlər? Beynəlxalq Ədalət Məhkəməsi və Haaqa Daimi Artibraj Məhkəməsindən fərqli olaraq İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası və ona əlavə edilmiş Protokolları imzalamış dövlətlərlə yanaşı həmin dövlətin vətəndaşları yəni fiziki şəxslər, ayrı-ayrı şəxslər qrupu və Qeyri Hökümət Təşkilatları bu Konvensiyada və ona əlavə edilmiş Protokollarda təsbit edilmiş beynəlxalq norma və prinsiplər pozulduğu təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdirlər.

Ermənistan dövləti tərəfindən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və ona əlavə edilmiş Protokolları imzalanmışdır. Yəni Ermənistan dövləti yuridiksiyasında olan hər kəs üçün Konvensiyada və Protokollarda göstərilmiş insan hüquq və azadlıqlarını təmin etmək öhdəliyi götürmüşdür. Konvensiya və Protokollarda əksini tapmış insan hüquq və azadlıqlarını pozduğu təqdirdə barəsində məhkəməyə müraciət edilə bilər.

Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qaydalarına görə Məhkəməyə müraciət o halda edilir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası və ona əlavə edilmiş Protokollarda təsbit edilmiş insan hüquq və azadlıqları pozulmuş olsun[5., s.37].

Ermənistan dövləti tərəfindən irqi ayrı-seçkilik edilərək vətəndaşları olan Azərbaycanlılar etnik təmizləməyə yəni deportasiyaya məruz qalaraq dədə-baba torpaqlarından qovulmuş, deportasiya edilmiş şəxslər mülkü hüquqlarından məhrum edilmiş, deportasiya zamanı təqiblər, işgəncələr edilmiş və qətillər baş vermişdir. Qısacası Ermənistan dövləti tərəfindən Avropa Konvensiyası və onun Protokollarında əksini tapmış, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş aşağıdakı norma və prinsipləri qəsdən və bilərək pozularaq beynəlxalq xarakterli cinayət törədilmişdir:

• Yaşamaq hüququ;
• Mülki hüququ;
• Səmərəli hüquqi müdafiə vasitələri hüququ;
• Ədalətli məhkəmə araşdırması hüququ;
• Seçmək və seçilmək hüququ;
• Hərəkət azadlığı;
• İşgəncə verilməsi, qeyri-insani və ya ləyaqəti alçaldan təhqiredici rəftar və cəza;
• Ayrı seçkilik;
• Konvensiyada təsbit olunan hüquq və azadlıqlardan qeyri-bərabər istifadə olunması;
• Dövlətin öz vətəndaşlarını ərazisindən çıxarması və ya onlara həmin dövlətin ərazisinə daxil olmağa qadağa qoyması;

Bu norma və prinsipləri əsas tutaraq ayrı-ayrılıqda 4 müxtəlif formada Ermənistan dövlətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırmaq mümkündür.

1. Azərbaycan dövləti Ermənistan dövlətinə qarşı:
2. Ermənistandan deportasiya edilmiş fiziki şəxslər fərdi olaraq Ermənistan dövlətinə qarşı:
3. Ermənistandan deportasiya edilmiş fiziki şəxslər qrupu Ermənistan dövlətinə qarşı:
4. Ermənistandan deportasiya edilmiş şəxslərin hüquqlarını müdafiə edən hüquq müdafiə təşkilatları Ermənistan dövlətinə qarşı:

Ermənistan dövləti tərəfindən Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə, soyqırım və insanlıq əleyhinə cinayətlərə beynəlxalq hüquqi qiymət verilməsi, cinayətkarların beynəlxalq məhkəmələrin qarşısına çıxarılaraq cəzalandırılması, Ermənistan dövlətinin maddi və mənəvi təzminata məcbur edilməsi məqsədiylə Azərbaycan dövləti və Ermənistandan deportasiya edilmiş Azərbaycanlılar beynəlxalq hüququn və beynəlxalq hümanitar hüququn bütün imkanlarından yararlanılmalıdır. Bütün bu fəaliyyətləri həyata keçirmək, Qərbi Azərbaycanlıların beynəlxalq məhkəmlərdə haqqlarını tələb etməkləri istiqamətində hüquqi yardımlar və aralarında hüquqi marifləndirmə işləri aparmaq və eyni zamanda tərəf kimi beynəlxalq məhkəmələrdə iştirak edə biləcək hüquq müdafiə təşkilatlarının yaranmasına ehtiyac vardır.


Ədəbiyyat siyahısı

1. Vaqif Arzumanlı., Nazim Mustafa, Azərbaycan Milli Elmlər Akademiyası Tarixin Qara Səhifələri-Deportasiya, Soyqrım, Qaçqınlıq. Bakı, Qartal, 1998
2. Aslan Bayramov. Tarixi Facilərimiz:Deportasiya,Represiya və soyqrım, Bakı,2015
3. Rüstəm Məmmədov., Xaqani Məmmədov, Müasir Beynəlxalq Hüquq Nöqteyi Nəzərindən Azərbaycanın İşğal Olunmuş Ərazilərində Ermənistanın Qanunsuz və Hüququ Zidd Fəaliyyəti. “MM-S” müəassisəsi, Baki, 2017
4. Avropa İnsan Hüquqları Konvensiyası, məlumat kitabçası,European Court of Human Rights Council of Europe F-67075 Strasbourg cedex/
5. Həsənov Hafiz., Quliyeva Aynur, Məhkəməyə müraciət qaydaları məlumat kitabçası. Baku-2011
6. Səxavət Əziz. Qərbi Azərbaycanlı qaçqınların hüquqlarının bərpası beynəlxalq müstəvidə…Bu barədə nə vaxtadək özümüz deyib, özümüz eşidəcəyik?4.03.2011.http://anl.az/down/meqale/merkez/2011/mart/161450.htm
7. Sevda Əsgərova.XX Əsrdə Qərbi Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi. 20.09.2018. https://1905.az/xx-%C9%99srd%C9%99-az%C9%99rbaycanlilarin-erm%C9%99nistandan-deportasiyasi-v%C9%99-kocurulm%C9%99si/
8. Azərbaycanlıların tarixi torpaqlarından,indiki Ermənistan ərazisindən kütləvi deportasiyaları. https://www.seferberlik.gov.az/az/military/menu/detail/262
9. Nazim Mustafa. Azərbaycanın əzəli torpaqlarından sonuncu 1988-1992-ci il deportasiyası.10.12.2013 . http://old.xalqqazeti.com/az/news/social/40315

Fərman Salmanlı
Hüquqşunas
[email protected]

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər