Rəqəmsallaşma ölkəmizin dayanıqlı inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edir
Bildiyimiz kimi cari ilin fevral ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən dövlətimizin başçısı bu sahədə görülən işlərin cari vəziyyəti və qarşıda duran vəzifələr barədə proqram xarakterli çıxış etdi. Cənab Prezident rəqəmsallaşmanın əhəmiyyətindən bəhs edərək xüsusi vurğulamışdır ki, bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcəkdir.
Qeyd etməliyik ki, müasir dövrdə rəqəmsallaşma dövlət idarəçiliyinin, iqtisadiyyatın və cəmiyyətin inkişafında əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Məhz bu baxımdan Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən rəqəmsallaşma ilə bağlı keçirilən müşavirə ölkənin gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Keçirilən müşavirədə dövlət xidmətlərinin elektronlaşdırılması, idarəetmədə şəffaflığın artırılması, süni intellektdən istifadə imkanlarının genişləndirilməsi əsas müzakirə mövzuları sırasında olmuşdur. Cənab Prezident çıxışında vurğulamışdır ki, rəqəmsal transformasiya yalnız texnoloji yenilənmə deyil, eyni zamanda idarəetmə fəlsəfəsinin dəyişməsi deməkdir.
Bundan əlavə dövlətimizin başçısı müasir dövrdə dövlət idarəçiliyində yeni yanaşmaların tətbiqinin vacib olduğunu vurğulayaraq qeyd etmişdir ki, rəqəmsal texnologiyaların tətbiqi dövlət xidmətlərinin daha operativ və əlçatan olmasına, korrupsiya risklərinin minimuma endirilməsinə, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu istiqamətdə artıq bir sıra uğurlu addımlar atılsa da, cənab Prezident mövcud imkanların daha geniş istifadə olunmasının vacibliyini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi və vahid rəqəmsal platformaların yaradılması qarşıdakı dövrün əsas vəzifələrindəndir. Həmçinin keçirilmiş müşavirədə rəqəmsallaşmanın iqtisadi sahəyə təsiri, yerli startap ekosisteminin inkişafının və texnoloji sahibkarlığın dəstəklənməsi, insan kapitalının inkişafı məsələsi də geniş müzakirə edilmişdir.
Rəqəmsallaşma ilə bağlı keçirilən müşavirə bir daha göstərir ki, Azərbaycan bu sahədə sistemli və məqsədyönlü siyasət yürüdür. Möhtərəm cənab Prezidentin müəyyən etdiyi strateji istiqamətlər ölkənin rəqabət qabiliyyətinin artırılması, idarəetmənin müasirləşdirilməsi və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma Azərbaycanın gələcəyini məhz texnologiya və innovasiyalar üzərində qurmaq niyyətinin bariz göstəricisidir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
