Millət vəkilləri Naxçıvanın 98 yaşını qeyd ediblər - Bakıdakı daimi nümayəndəliyində

Millət vəkilləri Naxçıvanın 98 yaşını qeyd ediblər -  Bakıdakı daimi nümayəndəliyindəFevralın 9-da Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü tamam oldu. Bu münasibətlə, bu gün Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı dəyirmi masa keçirildi. Mən və həmkarlarım bu tədbirdə iştirak etdik.

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.

“Naxçıvan” sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və mötəbər tarixi qaynaqlara görə, “Naxçıvan” ”Nəqş-i cahan”, yəni ”dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə, “Naxçıvan” toponimi Nuh peyğəmbərlə, daha doğrusu, ”dünya tufanı” ilə bağlı olub, ”Nuhçuvan” - “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” deməkdir. Naxçıvan yaxınlığında dəniz səviyyəsindən 3725 m yüksəklikdə yerləşən ”Gəmiqaya” adlı qədim yaşayış məskəni və həmin yaşayış məskənində ”Nəbi yurdu” (“Peyğəmbər yurdu”) adlanan çox qədim bir qəbiristanlıq aşkar olunmuşdur. Nuh peyğəmbərin qəbri isə Naxçıvan şəhərinin özündədir. Ümumiyyətlə Azərbaycan xalqı, o cümlədən Naxçıvan əhalisi arasında qədim abidələr və əntiq mallarla bağlı olaraq ”Nuh Nəbidən qalma” (“Nuh peyğəmbərdən qalma”) ifadəsi çox işlədilir.

Qeyd etməliyik ki, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üstündə yerləşən Naxçıvan tarix boyu Azərbaycan dövlətçiliyinin sütunu, əsas mərkəzlərindən biri olaraq daim fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi bir məkan olub. Naxçıvan tarixin heç bir mərhələsində düşmənləri qarşısında baş əyməmiş, xalqımıza məxsus qürur nümayiş etdirmiş, qan yaddaşını, mədəniyyətini, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlaya bilmişdir. Burada qədim, milli dövlətçilik ənənəsinin çoxəsrlik tarixi vardır. Atabəylər dövləti - Naxçıvan bəylərbəyliyi, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Naxçıvan mahalı kimi müxtəlif adlarla dövlət qurumlarının mövcud olması Azərbaycanın bu qədim diyarında dövlətçilik təfəkkürünün həmişə qüvvətli olmasını şərtləndirib. 20-ci əsrdə isə Naxçıvanın xarici müdaxilələrdən qorunmasında 1918-ci ildə yaradılmış Araz-Türk Respublikasının mühüm, ayrıca xidmətləri olub. Bu dövrdə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı idi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

1921-ci ildə Azərbaycan, rus, erməni nümayəndələrinin iştirakı ilə Naxçıvan əhalisi arasında rəy sorğusu keçirilib, əhalinin 90 faizdən yuxarı hissəsi muxtar respublikanın Azərbaycanın tərkibində qalmasını istəyib. Sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Kazım Qarabəkir Paşanın “Şərqin qapısı”, Mustafa Kamal Atatürkün isə “Türk qapısı” adlandırdıqları Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə təsbit olunub. Moskva müqaviləsinin 3-cü bəndinə, Qars müqaviləsinin 5-ci bəndinə əsasən Naxçıvanın ərazisi təsdiq olunub və bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilib. 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret imzalayıb. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.

20-ci əsrin sonlarında da bu Ümummilli Lider Heydər Əliyevin məhz bu diyarda yenidən siyasi fəaliyyətə başlaması, onun rəhbərliyi ilə qəbul edilmiş qərarlar Azərbaycanın gələcək inkişafının təməlini qoydu. 1990-cı ilin noyabrın 17-də muxtar respublikanın adından «sovet, sosialist» sözlərinin çıxarılması, Ali Sovetin adının dəyişdirilib Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılması haqqında öz tarixi qərarını qəbul etdi.

Gerb və himnin qəbul edilməsi üçün müsabiqə elan olunması da qərara alındı. Bununla yanaşı, muxtar respublika ərazisində Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirak etməkdən imtina etməsi, 1990-cı il 19—20 yanvar hadisələrinə siyasi qiymət verilməsi, 31 dekabr gününün dünya azərbaycanlılarının həmrəylik günü elan olunması kimi siyasi aksiyalar həyata keçirildi. Bu gündə İlham Əliyev kimi sərkərdənin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad oldu və yüz illərlə bəlamıza çevrilmiş erməniçilik xəstəliyinə dəmir yumruqla əlac tapıldı.


Sadiq Qurbanov
Millət vəkili