Tehranın qorxulu yuxuları

Tehranın qorxulu yuxularıƏkrəm Bəydəmirli

Dunyada və regionda gedən geosiyasi prosesləri, mövcud vəziyyəti təhlil edən zaman müsəlman dövləti olan İranın bu siyasətini, son addımlarını heç cür anlamaq olmur. Cənubi Qafqazda sülhün, strateji iqtisadi əməkdaşlığın yaranmasına imkanların genişləndiyi məqamda İranın sərgilədiyi bu son mövqe, həmin ölkənin bəzi rəsmlərinin Azərbaycanın əleyhinə absurd, qərəzli çıxışları birmənalı şəkildə hər birimizdə hiddət doğurur. Azərbaycanda İsrail izi axtaran həmin İran rəsmiləri getdikcə öz hikkələrinin, nifrətlərinin qurbanlarına çevrilirlər. Bu bəlkə də Tehranın qorxulu siyasi yuxularıdır.

Tarixə və bu günə nəzər salsaq görərik ki, bütün xarici təzyiqlərə, təsirlərə baxmayaraq, Azərbaycandan İrana qarşı heç zaman zərrə qədər də olsa təxribatçı, xoşagəlməyən addımlar atılmayıb. Hadisələri düzgün təhlil edən, ağlı başında olan İran rəsmiləri də bunu görub fərqində olmalı idi. Təəssüf ki, bunu görməyib və kinin-küdərin qurbanına çevrilmiş, Azərbaycanın II Qarabağ savaşında ədalətli qələbəsini həzm edə bilməyən, yalnız İsrail izi axtaran İran rəsmiləri ortadadır. Bu da İranın birbaşa ziyanına işləyən, gələcəyinə zərbə vuran, erməniyə isə xeyir gətirən faktordur.

Həyata keçirilən bu siyasət İranda yaşayan xalqlar, o cümlədən sayı 40 milyondan çox olan soydaşlarımız tərəfindən rahatlıqla həzm ediləcəyi inandırıcı deyil. İranın bəzi dairələrinin Azərbaycana qarşı bu qədər düşmən münasibətinin kökündə nəyin durduğunu aydınlaşdırmaq çətindir. Tək Azərbaycanla deyil, bütün sivil dünya ilə aparılan belə qeyri praqmatik və qeyri sivil siyasət birinci növbədə İranın özünü təcrid vəziyyətə salır.

İranın Ermənistan sevgisi isə “Düşmənimin düşməni mənim dostumdur” prinsipinə daha çox oxşayır. Ancaq bir vacib məqam var, antisivil, antidünya siyasəti uzun müddət davam gətirə bilməz.
İranın bu davranışı dünyanın siyasi oyun qaydalarına, hüquq normalarına, ən əsası islami dəyərlərə zidd olduğu aydın şəkildə görünür. Digər tərəfdən hiss olunur ki, atom-nüvə proqramı İranda iqtisadi islahatların həyata keçirilməsinə problem yaradıb. Bu gün qonşu ölkənin rəsmi dairələri tərəfindən etiraf olunmasa da ABŞ-ın və Qərbin sanksiyaları İran iqtisadiyyatını tamamilə çökdürür.

Azərbaycanın üzərindən keçən nəhəng iqtisadi layihələrə qoşulub öz ölkəsini ağır blokadadan, tənəzzüldən qurtarmaq əvəzinə, bu miskin varlıqlar görün, nəyin iddiasınadırlar? Bu, həm də ondan qaynaqlanır ki, İranın yeni hakimiyyətində siyasi naşılıq ən yüksək həddədir.

Digər tərəfdən İranda kimin iqtidar olmasından asılı olmayaraq, orada bizim 40 milyondan artıq soydaşımız yaşayır. Ancaq hər şey bitməyib, bütün yollar bağlanmayıb. Axı tövbənin qapısı hər zaman açıq olur. Zamanında tövbə edib haqqın yoluna dönməyəndə, yəni belə qərəzli mövqeydən əl çəkməyəndə İranda sükut pozula bilər. İran kimi bir dövlətdə istər daxili, istərsə də xarici faktorların təsiri nəticəsində sükutun pozulması mümkündür. Biz bunu heç arzulamırıq.

Sükutun puzulmaması üçün İran həm Azərbaycanla, həm də digər dövlətlərlə dostluq və əməkdaşlığa önəm verərək praktik addımlar atmalıdır. Türkiyə, Pakistan və digər ölkələr Azərbaycanla səmimi, ləyaqətli döstluq aparırlar. Bütün çətin məqamlarda, münaqişənin, müharibənin ən kəskin anlarında həmin adı çəkilən ölkələr haqqın, ədalətin tərəfində duraraq Azərbaycanı müdafiə etdilər, mənəvi dəstək oldular.

İran isə bütün islami dəyərlərin ziddinə olaraq, separatizmə dəstək olan, terroru dövlət siyasətinə çevirən Ermənistana qucaq açdı. Regiona bu qədər fəlakətlər gətirən, dini abidələri, ziyarətgahları, məscidləri, qəbirləri dağıdan, şəhərləri yer üzündə silən Ermənistana qardaş, dost deyən İranla bu gün biz necə dost ola bilərik.

Ona görə də, İran Azərbaycanla dost olmaq istəyirsə, Türkiyənin, Pakistanın və digər qeyri müsəlman ölkələrin Azərbaycanla səmimi davranışından, dostluq münasibətlərindən nəticə çıxarmalıdır, ibrət dərsi götürməlidir. Azərbaycanla hədə yolu ilə deyil, səmimi, ləyaqətli qonşuluq prinsipləri, islami dəyərlərə söykənərək dost olmaq mümkündür.

Azərbaycan müstəqil dövlətdir. Hansı ölkə ilə diplomatik münasibətlər qurar, hansı ölkə ilə birgə hərbi təlimlər keçirər, bu, Azərbaycanın suveren, müstəsna hüququdur. Ərazisinin böyüklüyündən, kiçikliyindən, resurslarının çoxluğundan, azlığından asılı olmayaraq hər bir ölkə Azərbaycanın bu suveren hüquqlarına hörmətlə yanaşmalıdır.