"Xocalı Soyqırımı-Tarixin unudulmaz cinayəti..."
Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və sivilizasiyaya qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri kimi tarixə düşmüşdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı və ağır texnikasının dəstəyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş bir qətliam törətmişdir. Xocalı şəhəri Dağlıq Qarabağın strateji əhəmiyyətli nöqtəsi və bölgədəki yeganə mülki hava limanının yerləşdiyi mərkəz idi. Məhz bu səbəbdən şəhər 1991-ci ilin oktyabrından etibarən tam blokadaya alınmışdı. Aylarla davam edən mühasirə nəticəsində əhali elektrik enerjisi, su, qida və tibbi ləvazimatlardan tamamilə məhrum edilmişdi. 1992-ci il fevralın 25-də başlayan hücum sadəcə şəhərin işğalı məqsədi daşımırdı-bu, Ermənistanın uzun illər boyu yürütdüyü etnik təmizləmə siyasətinin ən qanlı mərhələsi olub, dinc əhalini milli mənsubiyyətinə görə tamamilə məhv etmək planı idi.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, soyqırımı aktının nəticələri bəşər tarixinin ən ağır statistikalarından birini ortaya qoydu. Faciə nəticəsində 8 ailə tamamilə yer üzündən silindi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 487 nəfərin şikəst olduğu qətliamda 1275 dinc sakin əsir götürülərək dözülməz mənəvi və fiziki işgəncələrə məruz qaldı. Bu gün belə 150 nəfər xocalılının taleyi hələ də məlum deyil. Bütün bu faktlar göstərir ki, Xocalıda baş verənlər sadəcə bir müharibə epizodu deyil, xalqın varlığını hədəf alan, məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı aktıdır. Dünya birliyinin gözü qarşısında baş vermiş bu dəhşətli cinayətin əsl mahiyyətinin üzə çıxarılması və beynəlxalq müstəviyə çatdırılması yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu Öndər Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verərək, bu həqiqətlərin dünya dövlətlərinə çatdırılması üçün geniş diplomatik mübarizə aparmışdır. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul etmişdir. Heydər Əliyevin imzaladığı fərmanlar, o cümlədən 1998-ci il martın 26-da təsdiqlənən “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni vəhşiliyinin ifşası üçün tarixi sənədə çevrildi.
Ümummilli Lider tərəfindən müəyyən edilmiş strateji dövlətçilik kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji addımlar, o cümlədən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və 1918-ci il soyqırımının 100 illiyi ilə bağlı imzalanan sərəncamlar, tariximizin qanlı səhifələrinin unudulmaması üçün mühüm təməldir. Bu gün Azərbaycan dövləti həm beynəlxalq arenada, həm də informasiya müstəvisində Ermənistanın törətdiyi hərbi cinayətləri və Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, tarixi ədalətin bərpası naminə öz prinsipial mübarizəsini sürdürür.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri, sərgilər, konfranslar və digər maarifləndirici tədbirlər təşkil olunur. Xocalı soyqırımı dünya ictimaiyyətinin diqqət mərkəzində olsa da, hələ də bir çox ölkələr bu faciəyə adekvat hüquqi və siyasi qiymət verməyib. Bununla yanaşı, bir sıra dövlətlərin parlamentləri Xocalı soyqırımını tanıyan və pisləyən qətnamələr qəbul ediblər. Bosniya və Herseqovina, Meksika, Kolumbiya, Çexiya, Pakistan, Peru, Honduras, Sudan, İordaniya, Sloveniya və digər ölkələr bu faciəni rəsmi şəkildə tanıyaraq qətiyyətlə pisləyiblər. ABŞ-ın 20-dən artıq ştatında da Xocalı soyqırımı ilə bağlı müvafiq qətnamələr qəbul olunub.
K.Bayramov əlavə edib ki, Azərbaycanın Müzəffər Ordusu 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək işğal altında olan torpaqları azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçı qüvvələrdən tamamilə təmizləndi və Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağını ucaltdı. Bu, Xocalı şəhidlərinin ruhunun rahatlıq tapması və Azərbaycanın haqlı qisasının alınması demək idi.
Qeyd edək ki, Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsi Xocalı şəhidlərinin əziz xatirəsinə ithaf olunub. Hər il fevralın 26-da bu abidə önündə ümumxalq anım mərasimi keçirilir, insanlar qətliam qurbanlarının ruhuna ehtiramlarını bildirirlər. Qeyd edək ki, Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsi Xocalı şəhidlərinin əziz xatirəsinə ithaf olunub. Hər il fevralın 26-da bu abidə önündə ümumxalq anım mərasimi keçirilir, insanlar qətliam qurbanlarının ruhuna ehtiramlarını bildirirlər. Bu anım mərasimləri təkcə faciə qurbanlarının xatirəsinin yad edilməsi deyil, həm də xalqımızın tarixi yaddaşının, milli həmrəyliyinin və ədalət uğrunda sarsılmaz iradəsinin ifadəsidir. Xocalı həqiqətləri unudulmur, unudulmayacaq və gələcək nəsillərə ötürülərək beynəlxalq miqyasda ədalətin tam bərqərar olması istiqamətində mübarizə davam etdiriləcəkdir.
