Xocalı şəhidlərinin qanı yerdə qalmadı
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan xalqı heç zaman erməni faşistlərinin xalqımıza qarşı törətdikləri vəhşilikləri, cinayətləri və soyqırımıları unutmayacaq və unutdurmayacaq. Təkcə xalqımıza qarşı deyil, bəşəriyyətə, insanlığa qarşı tarixi bir cinayət olan və müstəqillik tariximizə qanla yazılan Xocalı faciəsindən otuz dörd il keçir. Mənfur düşmənimiz tərəfindən törədilmiş və tarixə soyqırım kimi daxil olmuş bu faciə istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda hər il ürək ağrısı ilə qeyd edilir. Bu kütləvi və amansız insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış, məqsədyönlü irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misilsiz vəhşilik və qara ləkə kimi qalacaqdır.
Xocalı faciəsi hər bir azərbaycanlının yaddaşında qanlı olay, qara ləkə və kədər kimi qalmaqla yanaşı, hər birimizin daxilində mənfur düşmənə qarşı intiqam hissini alovlandırmışdır. Bununla yanaşı dünyanın aparıcı dövlətləri də Xocalı soyqırımına siyasi qiymət verməli və zəruri tədbirlər görməlidirlər.
Xalqımız Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Tarixi unutmaq baş verəcək faciələrin əsasını təşkil edir. Məhz buna görə erməni vandalizmini, onların əsl simasını və xalqımızın başına gətirilən bütün faciələri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq istiqamətində daim bütün vasitələrdən istifadə etməliyik.
Fəxr və qürur hissi ilə deməliyik ki, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan xalqı tapdalanmış hüquqlarının müdafiəsinə qalxaraq düşmənə layiqli cavabını verərək tarixi ədaləti bərpa etmiş oldu. Bununla yanaşı Azərbaycan ərazisində yerləşən separatçılara qarşı 2023-cü il sentyabr ayının 19-da başlanan və cəmi 24 saat davam edən lokal xarakterli antiterror əməliyyatı keçirildi. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonunda olan separatizm yuvaları qısa vaxt ərzində məhv edilməklə milli suverenliyimiz tam bərpa edildi və şəhidlərimizin, eyni zamanda Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı.
Bildiyimiz kimi 15 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin 20-ci ilində növbəti dəfə tarix yazaraq xalqımıza sevinc və qürur dolu günlər yaşatdı. Belə ki, Möhtərəm cənab Prezident həmin gün lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad edilən Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə Şanlı Azərbaycan bayrağını ucaltdı. Azərbaycan xalqının qürurla izlədiyi bu görüntülər yaddaşlarımızda silinməz iz buraxmaqla yanaşı tariximizə qızıl hərflərlə yazıldı.
Xüsusi olaraq qeyd etməliyik ki, hər bir qarışı bizim üçün əziz və doğma olan işğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Dövlət Bayrağımızın Xocalı şəhərində ucaldılması ayrı bir dəyər kəsb edirdi. Müzəffər Ali Baş Komandanın güclü iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızı düşmən tapdağından azad etdik. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi və şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirdi.
Sevindirici və qürurverici haldır ki, işğaldan azad edilmiş bütün torpaqlarımıza, o cümlədən Xocalıya həyat qayıdır. Doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız bu gün öz evlərinə qayıdır. Azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalı şəhərində ucaldılan şanlı bayrağımız bir daha təsdiqlədi ki, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Bu günün reallığı bir daha sübut edir ki, Möhtərəm cənab Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
