Prezident bir neçə ölkəyə yeni səfir təyin etdiQalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Bundan başqa Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. Digər sərəncamla Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Fuad Eldar oğlu İsgəndərov isə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamla Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Anar Abel oğlu Məhərrəmov isə Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - SİYAHIAzərbaycanın bir neçə ölkədəki səfiri dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında, Vilayət Muxtar oğlu Quliyev isə Azərbaycanın Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin digər sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Qaley Əliyeviç Allahverdiyev Azərbaycanın Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, Kamil Tacid oğlu Xasiyev isə Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Qalib Malik oğlu İsrafilovu Rövşən Nüsrət oğlu Sadıqbəyli əvəzləyib.
Prezidentdən mühüm sərəncam: MN-də kadr təyinatlarıPrezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları göstərilən ali zabit heyəti vəzifələrinə təyin edilsinlər:

1.1. general-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi;

1.2. general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı;

1.3. general-mayor Əliyev Azər Əli oğlu – Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi;

1.4. general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Nə status var, nə Dağlıq Qarabağ – İlham ƏliyevŞarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı:

“Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib”.

Bundan sonra nə üçün Dağlıq Qarabağ sözündən istifadə olunduğunu izah edən Prezident İlham Əliyev deyib:

“Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.
Əziyyəti Azərbaycan çəkib, amma pulu Ermənistana verirlərPrezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib:

“Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. “Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Prezident Naftalana getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident qızıl mədənində süxurların partlayışını izlədiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.

Xəbər yenilənəcək
SOCAR-ın iki vitse-prezidenti vəzifəsindən azad edildi - SərəncamPrezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.


İlham Əliyev Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net əbrikin mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.

Əziz bacı və qardaşlarım!

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!"