Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi - HƏBS QƏTİMKANÖzünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

Avrasiya.net xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş.

Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub.

İstintaq orqanı tərəfindən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Goranboyda it öz sahibini xəstəxanalıq etdiGoranboyda itdişləməsi faktı qeydə alınıb.

Hadisə şəhərin Rəhimli kəndində baş verib.

İtlə gəzintiyə çıxan 2006-cı il təvəllüdlü kənd sakini Vəliyev Nurlan Elnur oğlu gözlənilmədən öz itinin hücumuna məruz qalıb.

Hər iki ayağından və əlindən xəsarət alan yeniyetmə xəstəxanaya çatdırılıb. Zəruri tibbi yardım göstəriləndən sonra sakininin vəziyyəti stabilləşib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil (apa).
Öldürüb basdırdı, sonra meyiti çıxarıb balta ilə doğradı......İlk cinayəti 20 yaşında törədən Fuada türmə həyatı o qədər yad gəlməyib. Mütəmadi olaraq dələduzluq edərək həbsxanaya düşən Fuad azadlığa çıxan kimi köhnə vərdişindən əl çəkməyib. Hər dəfə kimisə aldadaraq yenidən dəmir barmaqlıqlar arxasına qayıdıb. Düzdür, ara-sıra xırda oğurluqlara görə də məhkum edilib. Amma Fuadın əsas “əl işi” dələduzluq olub. Hətta sonuncu dəfə qətlə yetirdiyi, meyitini hissələrə parçaladığı adama qarşı belə dələduzluq etməkdən çəkinməyib, qurbanının mənzilinin sənədlərini saxtalaşdırmaqla ələ keçirib.

Rəsmi sənədləri saxtalaşdırmaqda, dələduzluqda və tamah məqsədilə qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini 35 yaşlı Fuad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Virtualaz.org-un xəbərinə görə, qətl hadisəsi dörd il öncə paytaxtın Abşeron rayonu ərazisində baş verib. Bakı şəhər sakini 55 yaşlı Əli Rəsulovun itkin düşməsi ilə bağlı araşdırmalar aparılarkən onun öldürüldüyü, eləcə də mənzilinin dələduzluq yolu ilə ələ keçirildiyi üzə çıxıb.

Bağ evində basdırılan meyit

İstintaq müəyyən edib ki, Fuad Mustafayev Xırdalan şəhəri, Quşçuluq massivində, özünə məxsus mənzildə ailəsindən ayrı və tək yaşayan Əli Rəsulovu öldürüb mülkiyyətini ələ keçirmək qərarına gəlib. Bu məqsədlə onu 2016-cı ilin sentyabrında istirahət etmək adı ilə Pirşağı qəsəbəsində “Koşkin dom”un yaxınlığındakı bağ evinə (bağ evini hadisədən öncə icarəyə götürüb-red.) dəvət edib. Tiryəkin təsirindən qonağının sərxoş olduğunu, qurduğu planı həyata keçirmək üçün əlverişli şərait yarandığını görən Fuad vaxtı itirməyib. O, Ə.Rəsulovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla ardıcıl zərbələr endirib. Onun öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti selefona bükərək həyətdə basdırıb.

İcarəyə götürdüyü bağ evini təhvil verməli olan F.Mustafayev meyitin aşkar ediləcəyindən qorxuya düşüb. Ona görə də bağı təhvil verməmiş cinayətin izlərini silmək qərarına gəlib. 2017-ci ilin aprel-may aylarında yenidən bağa gələn F.Mustafayev meyiti basdırdığı yerdən qazıb çıxarıb, cəsədi hissələrə ayırıb torbalara yığaraq yaxınlıqdakı boş sahədə basdırıb. Bundan sonra mərhumun vaxtilə tək yaşadığı evdəki məişət əşyalarını alqı-satqı elanları vasitəsilə satıb, eləcə də mənzilə aid sənədləri saxtalaşdırmaqla ələ keçirib. Öldürdüyü şəxsə məxsus mənzili özününkü kimi göstərməklə 23 min manata Tural Mirzəliyevə satıb.

Qatil cinayəti boynuna almır: “Narkoman idi, əvvəllər məhkum olunmuşdu...”

Lakin təqsirləndirilən Fuad Mustafayev əksər cinayətkarlar kimi ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində deyib ki, bacısı Vüsalənin qonşuluğunda yaşayan Əli Rəsulovu 2016-cı ildən tanıdıyırdı, aralarında dostluq münasibətləri yaranıbmış, dəfərlə bir-birlərinin evində qonaq olublar.

“Əli özü narkoman idi, əvvəllər məhkum olunmuşdu. Onun dostları da narkotik vasitələrin satışı ilə məşğul olurdular. Birgə yaşadığı qadın məhz bu üzdən onu tərk etmişdi. Anam xəstə olduğuna görə Pirşağıda bağ kirayələmişdim. Əli dəfələrlə mənə həmin bağa getməyi təklif etmişdi”,-Fuad ifadəsində deyib.

F.Musayevin dediklərinə inansaq, Əli bağa getmədən öncə narkotik qəbul edib, sonra bazarlıq ediblər və bağa yollanıblar. Bağda kabab çəkiblər, samovar dəmləyiblər. Əli bağda ikinci dəfə narkotik qəbul edib. Söhbət əsnasında F.Musayev Əlidən yaşadığı qadından ayrılmasının səbəbini soruşub. Onun sualı Əlini qəzəbləndirib. Bu səbəbdən aralarında mübahisə yaranıb:”Əli dedi ki, sən türmədə mənim dustağım olmusan. Dedim, sözünə aydınlıq gətir. Sakitləşmədi, yumruq atdı. Kabab doğradığım bıçaqla Əlini vurdum. Sonra yarasını bağlamaq üçün əski parçası verdim, yarasını sıxdım. Amma beş dəqiqə keçməmiş Əli öldü”.

F.Musayev ifadəsində deyib ki, həmin ərəfədə oğurluğa görə axtarışda olduğundan polisə və təcili yardıma zəng vurmağa ehtiyat edib, tutulacağından qorxub. Ona görə də meyiti gizlətmək qərarına gəlib.

Bir saat şokda oldum, sonra kolları çıxarıb meyiti ora basdırdım...”

İstintaq zamanı F.Mustafayev əvvəlcə Əlinin narkotik vasitənin təsirindən öldüyünü deyib: “Bir saat şok vəziyyətində qaldım. Cəsədi gizlətməyə yer tapmadım. Kolları çıxarıb meyiti oraya basdırdım. Sonra kolları yerinə əkdim. Əlinin paltarlarını manqalda yandırdım, açarları götürüb onun evinə getdim. Onun evindəki mebelləri, məişət əşyaları, qab-qacağı internetdə satışa çıxarıb ucuz qiymətə satdım. Bir müddət sonra evi də internetdə satışa qoydum”.

Əlinin “dəfn” edəndən bir həftə sonra ailəsi ilə birgə bağa yollanan Fuadı anası bir kənara çəkib deyib ki, tualetin yanından pis qoxu gəlir, elə bil torpaq örtüyü şişib. O, isə cavabında kanalizasiya xəttinin xarab olduğunu deyib. Amma bir müddət sonra mərhumun evinin satlığa çıxarılması və alqı-satqı müqaviləsi imzalanan zamanı Fuadın anası oğlunun əməllərindən xəbər tutub. Daha doğrusu Fuad özü bu haqda anasına danışıb.

Öldürdüyü adamın evini, ev əşyalarını tap.az-da satıb...


Qətlə yetirdiyi şəxsin evini internetdə satışa çıxaran Fuad tap.az saytında müştərilərə özünü “Vüqar”kimi təqdim edib. Hətta özünə Mustafayev Vüqar Nazim oğlu adı ilə saxta şəxsiyyət vəsiqəsi də düzəldib və mərhumun üçotaqlı evini satıb. 2017-ci ilin aprelində icarəyə götürdüyü bağı təhvil vermək vaxtı çatdığından Fuad Əlinin cəsədini oradan çıxarıb başqa yerə basdırıb.

Qatilin tükürpədici ifadəsindən: “Ayıq başla bunu edə bilməyəcəkdim. Ona görə heroin qəbul etdim. Baltanı götürüb cəsədi hissələrə ayırdım. Selofan paketə yığıb boş sahədə basdırdım. Əlini qazıb çıxartdığım yeri torpaqla doldurdum, gülləri yerinə əkdim. Bu haqda anama heç nə demədim. Anam ölənə qədər elə bilridi ki, Əlini bağda basdırmışam”.

Zərərçəkmiş Sevda Rəsulova ifadəsində qardaşının ailəsində problemlər olduğunu, həyat yoldaşından ayrıldığını, işləmədiyini, həbsə düşdüyünü bildirib. Amma deyir ki, ailə üzvləri Əlinin narkotik istifadəçisi olduğunu həbs olunduqdan sonra öyrəniblər. Azadlığa çıxandan sonra tutduğu əməldən utandığını, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini deyib. Həmin ərəfədə, 2016-cı ilin yanvarında ata mülkləri tikinti planına düşdüyündən Ə.Rəsulova Xırdalandan ayrıca mənzil alıblar. Mənzili lazımi avadanlıqlarla təhciz ediblər. Novruz bayramında Əli həmin evə keçmiş vaxtlardan tanıdığı qadınla birgə köçüb, onunla bir yerdə yaşayıb.

Əli Fuadla necə rastlaşıb...


Əli doğmalarına “AAAF” parkda bağban kimi işə düzələcəyini və bundan sonra sakit həyat sürəcəyini deyib. Mənzilin kombi sistemində nasazlıq yarandığından Əli qonşuluğa tez-tez gedib-gələn Fuadla tanış olub, həmin şəxs də kombini düzəldib. Bundan sonra Fuad Əlinin evinə ayaq açıb. Bir dəfə sözarası Əli bacısına “Fuad kombini düzəltdi, amma alətləri hələ də bizdə qalıb, gəlib aparmır, nəsə qaranlıq adama oxşayır, elə bil kimdənsə gizlənir, qaçır” deyib.

Zərərçəkənin ifadəsindən: “Fuad tez-tez Əligilə gedib-gəlirdi. Ramazan bayramı ərəfəsində həyətdə kabab çəkib, içki içirdilər. Buna görə iradımı bildirmişdim. Əlinin birgə yaşadığı qadın zəng vurub dedi ki, qardaşın yenidən narkotikə qurşanıb, artıq onunla bacara bilmirəm, çıxıb gedirəm. Dözməyib, çıxıb getdi. Mən də xaricdə yaşayan həyat yoldaşımın yanına getdim, o vaxtdan sonra Əlini görmədim. Təsadüfən internetdə tap.az, lalafo.az saytlarına baxanda qardaşımın evinə aldığım bahalı əşyaları satışda gördüm. Zəng vurub bu barədə anama dedim. Anam neçə dəfə Əlinin evinə getsə də qapını açan olmayıb. Bir müddət sonra anam qardaşıma məxsus evdə başqa adamların yaşadığını öyrənib”.

“Hər yerdə oğlumu axtarırdım, tapa bilmirdim”


Mərhumun anası ifadəsində göstərib ki, oğluna aldıqları evə gedəndə mənzildə yad adamların yaşadığını görüb. Onlardan evi kimdən aldıqlarını soruşub. Amma cavab ala bilməyib.

Qətlə yetirilən şəxsin anasının ifadəsindən: “Oğlum tək yaşayırdı. Qızım dedi ki, Əli evin əşyalarını internetdə satışa çıxarıb. Üç ay ardıcıl olaraq Əlinin yaşadığı evə gedib-gəldim, qapını açan olmadı. Növbəti dəfə gedəndə bir qadın qapını açdı. Evi kimdən aldıqlarını soruşanda “bilmirəm” dedi. Hər yerdə Əlini axtarırdım, tapa bilmirdim. Ona görə də 2018-ci ilin yanvarında şikayət ərizəsi yazdım”.

Bu qəddar cinayəti törədən F.Mustafayevin işi üzrə proses yekunlaşıb. Məhkəmənin hökmü ilə Fuad Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Türkiyənin yeni silahı: “Patriot”lardan üstün olacaqTürkiyə müasir standartlara cavab verən hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməkdə davam edir.

Axar.az xəbər verir ki, HİSAR layihəsində yer alan HİSAR-U (SİPER) hava hücumundan müdafiə sisteminin tamamilə hazır olduqdan sonra Rusiya “Patriot”larından daha yaxşı olacağı iddia edilir.

HİSAR-U-nun ilk prototipinin bu ilin sonunda hazırlanması planlaşdırılır. Sistemin maksimum mənzili 150 kilometr olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə HİSAR-O+ zenit raket kompleksinin sınağını uğurla gerçəkləşdirib.
Hazırda ermənilər yeni müharibə qorxusu ilə yaşayırlarAzərbaycan Ordusunun təlimləri hər zaman erməniləri ciddi şəkildə narahat edib. Bu, 44 günlük müharibədən qabaq da belə idi, indi də belə davam edir. Hazırda ermənilər yeni müharibə qorxusu ilə yaşayırlar. Martın 15-dən 18-dək 10 min canlı qüvvənin iştirakı ilə, yüzlərlə hərbi texnika, aviasiya və PUA-lardan istifadə edilməsi şərtilə keçirilməsi planlaşdırılan anti-terror təlimləri düşmən ölkədə böyük xof və həyəcan yaradıb. Ermənistan KİV-lərində Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməyə hazırlaşdığı barədə fikirlər səsləndirilir. Ermənistan müxalifətinin nümayəndələri və politoloqlar bu cür proqnozlar irəli sürməklə erməni cəmiyyətini təşviş altında saxlamağa çalışırlar.

Lakin əsl həqiqətdə isə Azərbaycan Ordusu bu günlərdə hər hansı bir antiterror əməliyyatına hazırlaşmır. Sözügedən iki günlük qış təlimləri ənənəvi təlimlərdir. Azərbaycan Ordusu yay və qış dönəmlərində həmişə bu cür təlimlər keçirib. Odur ki, Ermənistan rəhbərliyinin və siyasilərinin bu təlimlərlə əlaqədar yersiz həyəcanlanmalarına, isterik duruma düşmələrinə ehtiyac yoxdur. Azərbaycan qalib ölkədir, təlim keçirmək üçün məğlub ölkənin arzu və istəklərini nəzərə alası deyil ki. Biz Ordumuzun müdafiə qabiliyyətini və döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün davamlı olaraq müxtəlif çaplı hərbi təlimlər keçirmək ixtiyarına malikik.

Əgər Ermənistan hərbi-siyasi rəhbərliyi və revanşist qüvvələr Azərbaycan Ordusunun Qarabağın dağlıq bölgələrində antiterror əməliyyatı keçirməsini istəmirsə, o zaman yeni müharibəyə hazırlaşdığımızı iddia edib isterika yaratmaq əvəzinə, buyursunlar 10 noyabr Bəyanatının şərtlərinə əməl etsinlər, Ermənistan ordusunun həmin Bəyanatdan sonra Azərbaycan ərazisini tərk etməyən silahlılarını və terrorçuları ərazilərimizdən təmizləsinlər. Bu elə də çətin məsələ deyil. Ermənistan hökuməti istəsə, bu məsələni çox qısa müddətdə çözə bilər.

Həmçinin, yeni müharibənin və ya antiteror əməliyyatının başlanmaması üçün sülhməramlılar da mühüm rol oynaya bilər. Zatən sülhməramlıların əsas işi də elə budur. Rusiya sülhməramlıları elə etməlidir ki, erməni silahlıları və terrorçuları Dağlıq Qarabağ ərazilərini tezliklə tərk etsinlər. Bu Rusiyanın öz maraqlarına da uyğundur.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Ölkədə koronaya yoluxanların sayı 700-ü ötdüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 239 692 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690-dir.

Ata Abdullayev DTX tərəfindən saxlanılıb - RƏSMİÖzünü videobloger kimi təqdim edən Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Onun hansı əmələ görə saxlanması hələlik açıqlanmayıb.

Qeyd edək ki, mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.
Əfv Komissiyası müraciətlərə baxıb – Siyahı prezidentə təqdim olunacaqAzərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Modern.az-a Komissiya üzvü Rəşad Məcid məlumat verib.

R.Məcidin sözlərunə görə, indiyədək keçirilən 9 iclasda 1000-nə yaxın müraciətə baxılıb:

"Daha bir iclas keçiriləcək. Bununla da Komissiya öz işini yekunlaşdıracaq. Sənədlər toplanaraq, cənab Prezidentə təqdim olunacaq".

Komissiya üzvü deyib ki, Novruz bayramında ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacaq.
Bu dərmanı qəbul edənlər koronavirusa yoluxmur? – İsrail həkimlərindən AÇIQLAMAİsrail alimləri aspirinin pandemiyada müsbət təsiri barədə açıqlama edib. Preparat koronavirusa yoluxmadan qoruya bilər.

Avrasiya.net medicina.az-a istinadən xəbər verir ki, elmi tədqiqatlar nəticəsində hər gün 75 mq aspirin qəbul etdikdə orqanizm koronavirusa qarşı səfərbər olur, yoluxma az olur. Yoluxma olsa da xəstə ağır keçirmir.

Alimlər birinci dalğada PZR test vermiş 10 477 nəfərin məlumatlatını analiz ediblər. Onlar hər gün ürək-damar xəstəlikləri ilə bağlı hər gün aspirin içən xəstə qrupunu ayırıblar.

Nəticələr göstərib ki, aspirin qəbul edənlərdə koronavirusa yoluxma riski 29% az olub. Yoluxanlarda isə sağalma 2 dəfə etz baş verib.

Reanimasiyaya düşən xəstələr arasında da illərdir aspirin içənlərdə ölüm daha az olub.

İsrail həkimləri bildirir ki, pandemiyadan xilas yolu vaksin göstərilsə də, bu 100% qorunma demək deyil. Ona görə bu fonda insanların aspirin qəbul etməsi də virusdan qorunmanı artıra bilər.
Ata müəmması: Onun himayəçisi kimdir?Özünü bloger, jurnalist, ictimai nəzarətçi, nə bilim, daha hansısa adlarla cəmiyyətə sırıyan və bunu çox yaxşı da bacaran Ata Abdullayevin ötən gündən saxlanılması xəbəri yayılıb.

Sosial şəbəkələrdə də, mediada da onun həbsi ilə bağlı müzakirələr gedir və demək olar ki, hamı bu “naməlum həbsdən” razılıq edir.

Narazılıq edənlər də var - Ata Abdullayev kimi şəxsin sosial şəbəkədə ciddi və intellektli kəsimin müzakirə predmeti olmasından, ciddi medianın bu xəbəri tirajlamasından... Amma burda narazılıq edəcək bir məsələ yoxdur: kimliyindən, necəliyindən, səviyyəsindən asılı olmayaraq, Ata Abdullayev faktdır.

Məsələ də budur: onun hətta ötən gün erməni mediasının “Azərbaycanda bloger həbs olundu” başlığı ilə manşetlərə daşıyacaq qədər “fakt”a çevrilməsinin səbəbi nədir?

Milanda parlayan “ulduz”?

Ata Abdullayev, əsasən, 2019-cu ilin noyabrında Milanda, Nikol Paşinyanın kilsədə keçirdiyi görüşdə peyda olması və ona verdiyi xəcalət dolu sualla medianın gündəminə gəlmişdi.

Yəqin xatırlayırsınız, məhz 2019-cu il noyabrında azərbaycanlı fəal Bəxtiyar Hacıyevin Paris Sülh Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyanla bir intellekt toqquşması olmuşdu. “Qələm məsələsi”ndən ustalıqla istifadə edən B.Hacıyevin bu söz oyunu xeyli uğurlu idi. Hətta media azərbaycanlı fəalın qısa debatdan uğurlu ayrıldığını bir müddət gündəmdə saxladı.

Aradan heç 10 gün də keçmədi ki, Ata Abdullayev Milanda, kilsədə peyda oldu və Nikol Paşinyana yalvarmaqla Bəxtiyar Hacıyevin “tryuk”unun üstündən xətt çəkdi, azərbaycanlı gənclər haqda yenicə formalaşmağa başlayan təsəvvürləri quyunun dibinə gömdü.

Ata Abdullayevin İtaliyada, Milanda və Paşinyanın görüşünün keçirildiyi kilsədə “təsadüfən” olması barədə nağıllara yəqin ki, siz də inanmırsınız. Hətta o kilsəyə hansı sənədlə və necə buraxıldığı da müzakirə olunmalıdır. Görəsən, Nikol Paşinyanın mühafizəçiləri Atanın o görüşə düşməsinə necə razı olmuş, hətta sual verməsinə şərait yaratmışdılar? Bu ki beynəlxalq tədbir deyildi; Bu ki Brüsseldə və yaxud Avropa siyasi təşkilatında keçirilən görüş də deyildi. Bu, Nikol Paşinyanın kilsədə ermənilərlə görüşü idi. Ata ora necə və kimin təqdimatı ilə düşmüşdü?

Atanın Milana diplomatik pasportla getdiyi haqda həmin vaxt iddialar da səsləndi. Nə baş verirdi? Kim Ata Abdullayevi ora göndərmişdi? Məqsədi və hədəfi nə idi?

Heç bir rəsmi açıqlama olmadı: doğrudanmı Atanın diplomatik pasportu var, ya yoxdur, Ata Abdullayev doğrudanmı “ictimai polis” görəvini daşıyır, ya yox – bilinmədi.

Bəzilərinin adı hallandı Ata Abdullayevin hamisi rolunda. Qaranlıq heç nə yoxdur, ad çəksək yaxşıdır: məsələn, Prezidentin sabiq köməkçisi Əli Həsənovun, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin...

Yeri gəlmişkən, Əli Həsənov bu olaydan cəmi bir həftə sonra istefaya göndərildi.

Dərhal əlavə edək ki, bu olayla Əli Həsənovun istefası arasında hər hansı əlaqəni istisna edirik. Ümumiyyətlə, Ramiz Mehdiyevin 5 martda keçirilən YAP qurultayından çıxarkən Ata Abdullayevin suallarını cavablandırması və onun fəaliyyətini yüksək qiymətləndirməsi də Ata Abdullayevin onun tərəfindən himayə olunduğu anlamına gəlməz – elə güman edirəm. Hər halda, Əli Həsənov və ya Ramiz Mehdiyevin Ata Abdullayevi, tüklər demiş, “kullanacaq” ağılda olduqlarını düşünmək olduqca çətindir.

Doğrudur, xaricdəki söyüşcüllərdən Ata Abdullayevin mahiyyətcə heç bir fərqi yoxdur və onların bir yerdən idarə olunduğunu düşünmək mümkündür. Ancaq ortada fakt olmadıqca ölkənin uzun müddət siyasi rəhbərliyində olan şəxslərinin bu qədər primitiv düşüncə sahibi olduqlarını iddia etmək məntiqə qətiyyən uyğun deyil.

Ata Abdullayev hər yerdə...

Ata Abdullayev hər yerdədir: icazəsiz toy keçirilən mərasimlərdə, fahişəxanalarda, karantin qaydaları pozulan restoranlarda... Və nə qədər qəribə də olsa, bu çəkilişlərin böyük əksəriyyətində polis müdaxiləsi görünür. Bu qanunsuzluqlara polis basqını nədənsə hər zaman Ata Abdullayevin kamerası və o məşhur kameraarxası nitqləri ilə müşayiət olunur.

Niyə? Polis qanunsuzluqlara müdaxilə edərkən çəkilişə ehtiyac duyursa, əməliyyat çəkilişini özü də aparmaq gücündədir. Bəs, niyə Ata Abdullayev hər dəfə peydə olur?

Səbəbi çoxdur: bəzi hallarda qanunsuzluqlar haqda “102”-yə Ata Abdullayev özü məlumat verir və oturub gözləyir, polis gələrkən onunla birgə içəri girir; bəzən isə ratsiyadan istifadə edir...

Ratsiyadan adətən, agentliklər və TV-lər istifadə edir, operativ olaraq xəbəri almaq və polislə birgə hadisə yerinə çatmaq üçün. Bütün dünyada belədir. O ayrı məsələdir ki, Ata Abdullayevdə bu ratsiya varmı və varsa, onun əlinə necə düşüb?

Ata Abdullayev polisin “ictimai köməkçisi”dirmi, yoxsa cəmiyyətə özünü elə sırımaq istəyir?

Gərək, bu suala aydınlıq gətirilsin. Ümumiyyətlə, onun bir vaxtlar keçirilən mitinqlərdə “polis köməkçisi” rolunda iştirakı da izah olunmalıdır.

Ata Abdullayev və müxalifət

Hesab edirəm ki, Ata Abdullayevin AXCP rəhbəri Əli Kərimli “sevgisi” də təsadüf deyil. Hər zaman adamın qabağına keçmək və qarşı tərəfə hakimiyyəti tənqid etmək üçün fürsət vermək və bunu hər yerdə tirajlamaq kimin ideyasıdır?

Ümumiyyətlə, Ata Abdullayevin Əli Kərimlinin önünə çıxması hər dəfə ikinciyə “zərərçəkən” imici qazandırmağa xidmət edən faktora çevrilir. Bunu düşünərəkmi edirlər?

Və kim edir? Bunda məqsədi nədir? Niyə Əli Kərimlini bütün tədbirlərdə gündəmə “əzabkeş” kimi gətirmək oyunu oynanılır?

Ata Abdullayevin həbs müəmması

Ata Abdullayev saxlanılıb, amma rəsmi açıqlama yoxdur.

Ehtimallar isə bunlardır: bir neçə məmurdan rüşvət tələb etməsi, 2008-ci ildə etdiyi hansısa sənəd saxtalaşdırması və Ramiz Mehdiyevin iddiası...

Ramiz Mehdiyevin iddiası əsasında həbs istisnadır, çünki bir neçə gün öncə R.Mehdiyev Ata Abdullayevə müsahibə verib, onu tərifləmişdi.

“2008-ci ildəki sənəd saxtalaşdırması” ehtimalı da çox şübhəlidir. 13 il niyə gözləyiblər ki?

Bəs, bunun saxlanılmasının səbəbi nədir?

Hüquq-mühafizə orqanlarından indiyə qədər heç biri rəsmi açıqlama verməyib. Bəziləri artıq məhkəmənin qərar da verdiyi, hətta şərti azadlıqdan məhrumetmə cəzası aldığı xəbərini yayıb. Elə olsa, Ata indi mütləq sosial şəbəkələrdə olardı.

Bəs nə baş verir və ümumiyyətlə, Ata Abdullayevin saxlanılması ilə bağlı məlumatsızlığın səbəbi nədir?

Bu şəxsin hələ 20 il öncə Heydər Əliyevlə görüşünü təşkil edən və Ümummilli liderlə fotosunun çəkilməsinə səbəb olan şəxs kimdir?

Ata Abdullayev kimi birindən illərdir kimlər istifadə edir və niyə?

Onun arxasında kimlər durur ki, iki gündür həbs xəbəri yayılmasına baxmayaraq, rəsmi açıqlama bu qədər gecikdirilir?

Kimlərdir bu hamilər? Onlar neçənci kolonun neçənci təkərləridir?

Bu sualların böyük əksəriyyətinin cavabları hamıda var – ancaq üzə çıxsa yaxşıdır.

Ata Abdullayev görünən kloundur, bəs, sirkin sahibi, tamaşanın rejissoru, sponsoru kimdir?

Kult.az