Operativ komissiyaya təkliflər
Vətəndaşların hərəkətləri elektron izləməylə həyata keçiriləcək. Olsun, etirazımız yoxdur. Karantin rejiminə ciddi əməl edilməsi üçün məcburi tədbirlərdəndir. Ancaq iki faktor əsasında narahatçılığa səbəb olacaq suallar yaranır
1. Xidmətin səmərəlilik əmsalı
a) Azərbaycan polisinin sıravi və kiçik zabit heyəti hansı saydadır ki, xidmətin operativliyinə əmin olaq? Fiziki cəhətdən çatdırılması mümkünmüdür? Axı müəyyən az faiz deyil, hamılıqla bütün əhaliyə şamildir. Mütləqdir ki, göndərilən mesajlar edilən zənglər eyni dəqiqələrə təsadüf edəcək. Məsələn, allergiyası olan bir vətəndaşın (xüsusən də azyaşlı və qocalara, asmatik xəstələrə) halı pisləşdi, evdə həb, vaksin yoxdur. Təcili yardım gələnə dək dərman qəbul etməlidir. Zəng edirsən, xətlər məşğuldur, ya texniki səbəbdən mesaj gec çatdı, yaxud müxtəlif amildən gec cavablandırıldı. Xəstə real ölümlə baş-başa qaldı. Onda necə olacaq?
b) Sputnik və telefon xətləri üzərindən olan texniki təminata yüz faizli qarantiya heç kim verə bilməz. Nasazlıqların yarana bilmə ehtimalı qaçılmazdır. Yerli və dünya praktikasında bu kimi şeylərin şahidi olmuşuq. Bu kimi şeylər nəzərə alınıbmı? Bu arzu olunmaz hal baş verərsə alternativ oxşar yol yoxdur əlbətt ki. Bəs onda nizamlanma necə həyata keçiriləcək?
c) polis əməkdaşlarının şəxsi heyət sayı yetərli olmadığı nəzərə alınıbmı? İşin bu səbəbdən çətinə düşməməsi üçün köməkçi heyətin yaradılaraq cəlb edilməsi haqda düşünülürmü? Proqramda varsa necə formalaşacaq? Hansı müddətə səfərbər olması nəzərdə tutulur?
d) vətəndaşın telefonu yoxsa ehtiyaclarını ödəməsi üçün nə etməlidir?
2. İnsan xarakteri faktoru və qarşılıqlı məsuliyyət daşıma, cəzalanma predmetləri
Dinc şəraitdən fərqli olaraq fövqəladə vəziyyətlərdə mühüm işə təhkim edilənlərin davranışı, düşüncə və yanaşması, məsuliyyət hissi hədsiz önəmlidir. Kiçik bir naqis davranış pis nəticələr verə bilər.
Tutaq ki, vətəndaş zərurət yarandığından gün ərzində bir neçə dəfə mağazaya getməlidir. Səhər mağazaya düşdükdə körpən üçün uşaq yeməyi, diabeti xəstən üçün məqbul ərzağı almağı unutmusan, ya üstündə pul azlığı olub. Ya da iki yaşlı körpən dayanmadan ağlayaraq hansısa şirniyyat istəyir. Rahatlıq vermir ev əhlinə.
Yaxud tez xarab olan bəzi məişət tullantısı əmələ gəldi. Aptekə təkrar düşməyə məcbursan. İzn üçün əlaqə yaratdığın polis və əməkdaşı və ya köməkçi şəxs anlayış göstərməyərək izn vermir.
Xəstən həmin gün dietik qidadan, yeddi aylıq körpən məhrum oldu. Xəstənin halı bir az da pisləşdi. Uzağı ən yaxşı halda komandiri, rəisi bilib o əməkdaşının üstünə açıqlandı. Lap töhmət də versin. Vəziyyət dəyişəcəkmi? Yox. Nədən? Çünki, bu barədə vahid təlimat yoxdur. Ən azı varlığı barədə məlumatlandırılmamışıq. Təlimatı pozanlar üçün də cəza şərtləri göstərilmir. Təlimat və cəza şərtləri göstərilmədikdə məsuliyyətsizlik, öz təbirincə davranış sərgiləməyə yol açır. Tətbiqi bu neqativliklərin baş vermə ehtimalını azaldar.
Əli İsgəndərov