Sizin Reklam Burada

Etimadın göstəricisi

Etimadın göstəricisiPrezident İlham Əliyev: “İlk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər”

Hazırda Azərbaycan-İran münasibətləri yetərincə yüksək səviyyədədir. İki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf etməkdədir. Azərbaycanla İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanır. Bu istiqamətdə hazırda işlər sürətlə davam edir. Mayın 19-da Araz çayı üzərində açılışı olan “Xudafərin” və “Qızqalası” su bəndləri iki ölkə arasındakı dostluğun növbəti rəmzidir. Bu layihənin reallaşdırılması hər iki ölkənin bir-birinə olan etimadının göstəricisidir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin görüşü və tutduqları mövqe münasibətlərin dərinləşməsində mübət addımdır. Prezident İlham Əliyevin mərasimdə dediyi kimi bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür: “Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.

Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək”.

Qeyd edək ki, Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Açılışda bildirildiyinə görə, bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.

Məlumdur ki, İran hökuməti Ermənistanla əməkdaşlıq etməkdədir. Azərbaycan Prezidenti çıxışında Ermənistana da öz mesajlarını vermişdir: “Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhv buraxmasın. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcəkdir”.

Azərbaycan Prezidenti hər zaman sülhün tərfdarı olduğunu deyir və həmkarlarını, tərəfdaşlarını da buna səsləyir. Sərhəddəki çıxışında da cənab Prezident İranla sülh yünüdə əməkdaşlığın önəminə toxunub: “Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır. Bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır”.

Tarixən Azərbaycanla İran arasında əlaqələr bütün sahələrdə, o cümlədən enerji sektorunda yaxşı səviyyədə olmuşdur. İkitərəfli münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçıları səviyyəsində bir sıra sənədlər imzalanmışdır. İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının çox müsbət oldğunu xatırladan Prezident İlham Əliyev energetika sahəsində çox böyük planların mövcud olduğunu deyib: “280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək”. İki ölkə arasında neft-qaz və energetika sahəsində əməkdaşlıq üçün geniş imkan var. Xüsusilə də neft-qaz yataqlarının birgə işlənilməsi, hasilat, nəql məsələləri, neft və qazın emalı, satışı və yaxud mübadiləsi, neft-kimya kompleksində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və bu kimi məsələlər mümkündür.
Ümumiyyətlə, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin marağındadır. Bu gün həm Azərbaycanda, həm də İranda neft və qaz sahəsinə yatırmaq üçün investisiya imkanları var. Neft və qaz ixracı, yeraltı qaz anbarları, elektrik enerjisi, kadr mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb gücləri birləşdirmək mümkündür. Hazırkı mərhələdə enerji sahəsində də əməkdaşlığın yeni imkanlarını araşdırmaq zəruridir. Hər iki ölkə bu baxımdan güclü potensiala malikdir. Ümid edirik ki, İran dövləti ilə müxtəlif sahələr üzrə razılaşdırılmış məsələlər tez bir zamanda həyata keçiriləcək.

Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər