“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”Gəncədə baş verən faciəvi hadisədən sonra binalarda təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. Qaydalara əsasən tikinti aparılan ərazidə alçaq təzyiqli qaz kəməri keçirsə, binanın fundamentindən 2 metr, orta təzyiqlidirsə 4 metr, yüksək təzyiqlidirsə 7 metr dərində olmalıdır. Çox təəssüf ki, belə məsələlərə ciddi riayət edilmir, kim harda gəldi, necə gəldi tikinti aparır, əlaqədar qurumlar tikintiyə lazımi qaydada nəzarət etmir, nəticədə belə ağır faciələr yaşanır.

Ən pisi də odur ki, baş verən bədbəxt hadisələrin əksəriyyəti məhz insanların səhlənkarlığı üzündən baş verir. Öz məsuliyyətsizliyimiz, səhlənkarlığımız başımıza bəla açır. Tikintilər aparılarkən layihələr bütün müvafiq qurumlarla razılaşdırılmalıdır. Qaz kəmərləri vaxtaşırı yoxlanmalıdır, nasaz kəmərlər təmir edilməlidir. Bu məsələlərlə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dedi ki, binalarda, ictimai yaşayış evlərində, bütün dövlət və özəl müəssisələrdə, təhsil, səhiyyə, biznes mərkəzlərində təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına, FNH-in yanğın təhlükəsizliyi təlimatlarına riayət etmək lazımdır: “Əgər yaşayış, yaxud qeyri-yaşayış yeri yeni tikilirsə, qazla bağlı olan təhlükəsizlik tədbirləri bünövrədən nəzərə alınmalıdır. Hazır olan, illərdir insanların istifadəsi üçün istismara verilən yaşayış binalarında isə binanın məxsus olduğu qurum tərəfindən qazla bağlı təhlükəsizlik tədbirləri görülməklə yanaşı, orada yaşayan sakinlər tərəfindən də evlərdə qazla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Birincisi, özbaşına qaz qurğularına müdaxilə etmək, hər hansı təmir işləri aparmaq və ən əsası standartlara uyğun olmayan, qeyri-metal borular ilə mənzilə qaz xətti çəkmək yolverilməzdir. Hər bir şəxsin mənzildə əməl etməli olan təhlükəsizlik qaydaları var ki, hər hansı bədbəxt hadisə ilə qarşılaşmasın”.

Onun sözlərinə görə, hər gün səhər, günorta və axşam evin havasını dəyişmək, qazdan istifadə zamanı, yəni qazı yandırarkən evdə qazın sızma ehtimalının olmamasına əminlik lazımdır: “Evdə qaz iyi hiss etdikdə, qapı-pəncərəni açmaq, alışqandan və elektrik cihazlarından istifadə etməmək lazımdır. Evdə qaz cihazı işləyə-işləyə evi tərk etmək olmaz. Bəzən qaz yanan otaqda tez alışan, partlamaya meyilli maddələr qoyulur ki, bu da yolverilməzdir. Qaz cihazının üzərində ip vurub paltar qurudanlar da olur, evdə qaz yanarkən pəncərənin nəfəsliyini bərk bağlayanlar da olur ki, bunlar təhlükəsizlik baxımından yolverilməzdir”.

Ekspert bildirdi ki, qazdan əsasən qış aylarında, havalar soyuyanda daha çox istifadə edildiyindən evlərdə tüstü bacalarının təmizlənməsinə ehtiyac yaranır: "İldə azı bir dəfə tüstü bacaları təmizlənməlidir. Hamam otaqlarında nəfəslik olması və qapının aşağı hissəsində içəri hava keçməsi üçün deşiklər olmalıdır. Yoxsa qazın yanması zamanı düzgün yanma getməzsə, dəm qazı yarana bilər və bu da insan həyatı üçün təhlükəlidir. Dəm qazı iysiz, dadsız və rəngsizdir deyə onu hiss etmək olmur. Baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq onun əlamətləridir. Yaxşı olar ki, ictimai yaşayış binalarında təbii qazdan istifadə ilə bağlı cavabdeh şəxslər olsun və onlar aidiyyəti qurumlar tərəfindən yoxlamadan keçmiş və işləməsinə icazə verilən şəxslər olsun ki, bu şəxslər binalarda sakinləri qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə maarifləndirsin və nəzarət etsin”.

Fuad
Sumqayıtda yol çökdü - Maşın çuxura düşdü Avtomobil sahibi bildirib ki, yol çəkilişi zamanı yanlışlığa yol verilib.

Sumqayıtda yol çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb. Hətta avtomobillərdən biri yaranmış çuxura düşüb.

Hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində, Polis İdarəsi ilə Təcili Tibbi Yardım Xəstəxanasına gedən yolun kəsişməsində baş verib. Belə ki, küçədə yolun lyuk olan hissəsi çöküb. Nəticədə qarşı tərəfdən gələn 90 OK 411 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomobil həmin çuxura düşüb.

Avtomobil sahibi bildirib ki, yol çəkilişi zamanı yanlışlığa yol verilib. Lyuk üzərində asfalt çəkilən yolun alt qatına çürük taxta parçası qoyulub. Məhz bu səbəbdən ağırlığa tab gətirməyən yol çöküb.

Görüntüdən də göründüyü kimi, həmin ərazidən kanalizasiya xətti keçir. Çöküntü olan həmin ərazinin qarşısına zibil qutusu qoyulub ki, qarşı tərəfdən gələn hər hansı bir avtomobil ora düşməsin.

Hazırda problemin aradan qaldırılması istiqamətində aidiyyatı qrumlar tərəfindən tədbirlər həyata keçirilir. (qafqazinfo)
"Hicab taxmayan qadının əri qeyrətsiz hesab olunur" - Azərbaycanlı ilahiyyatçı insanları TƏHQİR ETDİ - VİDEOAzərbaycanlı ilahiyyatçı Veysəl Orucovun hicab taxmayan qadınlar haqqında söylədiyi fikirlər sosial şəbəkələrdə qınaqla qarşılanıb.

Veysəl Orucov hicab taxmayan qadınların ərlərini "qeyrətsiz" adlandırıb:

"Hicab taxmayan qadının əri qeyrətsiz hesab olunur".(Bax TV)


modern.az
“Turan coğrafiyasının vahid güc kimi formalaşmasına çalışırıq” "Fəaliyyətimiz Türk Şurası platformasının memarlarından olan cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə əsaslanır".

Avrasiya.net xəbər verir ki, bunu Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib.

Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu işinə başlayacaq. Məlum olduğu kimi Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılan, Türk ölkələrini birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə xüsusi önəm verən, ortaq dil, mədəniyyət və tarixə malik dövlətlərlə münasibətlərin inkişafı və resurların ümumi milli məqsədlər ətrafında səfərbər olunması istiqamətində ardıcıl və prinsipal fəaliyyət göstərən ölkədir. Bakı həm də, Türk Konseyinin üç mərkəzindən (İstanbul, Bakı və Astana) biridir.

Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu çərçivəsində gələcək planlar müzakirə ediləcək və platformanın birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Forum çərçivəsində Naxçıvanın tarixi-mədəni abidələri, turizm obyektlərinə ekskursiyalar da təşkil ediləcək. Həmçinin, bir sıra mədəniyyət və idman tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

“Cənab prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 11 sentyabr 2015-ci ildə Qazağıstanda keçirilən V Sammitindəki çıxışında vurğuladığı tezislər hesab edirəm ki, Türk Dünyası gənclərinə verilmiş çox önəmli mesajdır. Ölkə başçısı çıxışında qeyd etmişdi ki, "Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır". Əlbəttə ki, Türk dünyasının birliyi istiqamətində çalışan Azərbaycan gəncləri olaraq fəaliyyətimiz Turan coğrafiyasının vahid güc kimi formalaşması üçün Türk Şurası platformasının və bu çərçivədə atılan mühüm addımların memarlarından olan cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə əsaslanır. Ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni dəyərlərə söykənərək bütün sahələrdə həmrəyliyi daha da gücləndirmək baxımından bu Forum mühüm əhəmiyyətə malikdir”,-Elməddin Behbud bildirib.
Azərbaycanda nazir, deputat və başçıların maaşları – SiyahıAzərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. İndiyədək sərəncama və məbləğlərə bəzi dəyişikliklər edilib. Həmçinin, Milli Məclis üzvlərinin maaşlarında bu ilin may ayında artımlar olub.

Axar.az Milli Məclis üzvləri, dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşlarını təqdim edir:

Milli Məclisin sədri – 2475 manat (ezamiyyətə və səfərlərə görə 3712,5 manat);

Spikerin birinci müavini – 2227 manat (ezamiyyətə və səfərlərə görə 3340,5 manat);

Spikerin müavinləri – 2103 manat (ezamiyyətə və səfərlərə görə 3154,5 manat);

Komitə sədrləri – 1980 manat (ezamiyyətə və səfərlərə görə 2970 manat);

Komitə sədrlərinin müavinləri – 1856 (ezamiyyətə və səfərlərə görə 2784 manat);

Deputatlar – 1732 manat (ezamiyyətə və səfərlərə görə 2598 manat);

Baş nazir – 2460 manat

Baş nazirin birinci müavini – 2160 manat

Baş nazirin müavinləri – 2060 manat

Nazir, komitə sədrləri, xidmət rəisləri – 1925 manat

Digər mərkəzi icra hakimiyyəti orqanı və ona bərabər tutulan vəzifə rəhbərləri – 1595 manat

Nazir, komitə sədrləri, xidmət rəislərinin birinci müavinləri – 1375 manat

Nazir, komitə sədri, xidmət rəislərinin müavinləri, digər mərkəzi icra orqanı rəhbərlərinin birinci müavinləri – 1280 manat

Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavinləri – 1155 manat

Bakı meri – 1925 manat

Gəncə və Sumqayıt meri – 1280 manat

Digər icra başçıları:

əhalinin sayı 100 mindən çox alan rayon başçısı – 1045 manat

əhalinin sayı 100 minə qədər olan rayon başçısı – 990 manat

əhalinin sayı 50 minə qədər olan rayon başçısı – 880 manat
Abel Məhərrəmov bizə niyə "uduzdu"?Nə deyim, nə yazım, çoxunuz onu məndən yaxşı tanıyırsınız. 19 il BDU-nun rektoru işlədi. Bəlkə də bu 19 ildə yanına xeyli xahişə gedənləriniz də olub. Bəlkə də xahişlərinizi eşidib, bəlkə də eşitməyib. Amma fərq etmir, müəllim işdən çıxarıldı və yaza bilən hər birimiz bacardığımızı yazdıq. Müşahidə etdiyim o oldu ki, heç kim Abel müəllim haqqında xoş bir söz demədi, hansısa yaxşı əməlini xatırlamadı. Amma belə olmamalıydı axı, bu 19 ili insanlığın yox, lap elə təbiətin vəhşi qanunlarının ixtiyarına buraxsaydıq da, Abel müəllim rektor yox, bioloji varlıq olaraq kiməsə, lap bir nəfərə olsa belə yaxşılıq etməli idi.

O bir nəfər mütləq də var. Amma susdu. Ətrafındakılara bənzəmək istədi - "Palaza bürünüb, ellə sürünənlərə"...

Və köməksiz qaldı Abel Məhərrəmov!

Əslində onun yerində kim olsaydı da, tək qalacaqdı. Cünki 30 ildir cəmiyyətdə psixoloji xaos hökm sürür. Qəzəbli cəmiyyət hər an "yem" istəyir - hansısa vəzifəli şəxs işdən çıxarılsın, hansısa nazir danlanılsın, hansısa deputat çıxışında, ya mətbuata verdiyi açıqlamasında bir səhv buraxsın, ki, cəmiyyət də qəzəbini boşalda-psixoloji orqazma çata bilsin.

Ancaq Abel Məhərrəmov olayının gedişatından görünür ki, cəmiyyət bu məsələdə "psixoloji orqazm"a çata bilməyib, necə deyim, "proses" hələ ki davam edir.

Yəqin sizlər də fikir vermisiniz. Abel müəllimin fizionomiyasında qəribə bir soyuqluq var. Soyuqluğa da bənzəyir, yadlığa da. Adamda sanki həmişə "millilik" çatışmayıb. Özümdən götürürəm, müəllimi ilk dəfə televizorda görəndən içim qaynamayıb, könlüm yatmayıb. Düşünürəm ki, yaşadığım bu hal çoxunuza tanışdır, Abel Məhərrəmov sizlərə də soyuq təsir bağışlayıb, yad adam kimi görünüb.

Bəs bu soyuqluğun, yadlığın kökündə nə dayanır? Rüşvətxor, korrupsioner rektor olmağımı, saysız-hesabsız villalara, obyektlərə, avtomobillərə sahib olmağımı? Xeyr! Azərbaycanda o qədər villası, avtomobilləri, obyektləri olan korrupsioner məmur var ki. Amma həmin məmurlar Abel müəllim qədər bizdə qəzəb oyatmayıb, oyatmır da, oyatmayacaq da. Hələ də vəzifədə olan, daha doğrusu dövləti-xalqı talamaqda davam edən həmin məmurlar Abel müəllim qədər bizə "yad" adam olmayıblar. Hələ bəlkə də yeri gələndə o korrupsioner məmurların hansınısa tərifləmişik, xeyirxah, mərhəmətli, səxavətli olduğunu demişik. Bəzən özümüzə yaxın hesab etmişik. "Böyük insan" olduğunu demişik. Amma Abel müəllim başqa idi, bumbuz idi...

Sizə qəribə gələ bilər. Abel Məhərrəmovun "soyuqluğunun", "yadlığının" səbəbi məncə onun bioqrafiyasında "gizlənib", daha doğrusu "kodlaşdırılıb". Abel müəllimin bioqrafiyasındakı iki məqam, necə deyərlər onun bizə olan "yadlığının", "soyuqluğunun" "təməl daşıdır". Birincisi, adam anadan olanda atası ona öyrəşdiyimiz kimi, hansısa imamın, peyğəmbərin adını yox, tanımadığımız rizayiyyatçı alimin adını verib. Abel müəllimin bu ad altında alim olmasının, uğur qazanmasının səbəbi isə sovetlər ittifaqı ilə bağlıdır. Bəlkə də biz 1991-ci ildə yox, məsələn, 1950 və yaxud 1970-ci illərdə müstəqillik əldə etsəydik Abel müəllim bu adla ən yaxşı halda Bakıda tanınmış repititor ola bilərdi. Və biz də bu "soyuq" adama isinişməyə-isinişməyə yenə də övladlarımızı savad alması üçün aparıb onun yanına qoyardıq. Hələ bəzilərimiz arada kənddən çaxır-zad da gətirərdik. Abel müəllimin bizə olan "yadlığının", "soyuqluğunun" bioqrafiyasında "gizlənən" ikinci məqamı isə müstəqilliyimizin ilk ilində müdafiə etdiyi doktorluq dissertasiyasıdır. Müəllimin dissertasiyasının mövzusu da özünün adı kimi cəmiyyətimizə yaddır: "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar"!

Ruhu sazla, sözlə yoğrulan, nağıllarında divi aşsüzənlə çaya su gətirməyə göndərən, quyuya sallanan qardaşının kəndirini kəsən xalqın hansı nümayəndəsinə "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Abel adlı alim doğma gələ bilərdi?!

... Dəhşət bu deyil. Heç Abel Məhərrəmovun vəzifədən çıxarılması da deyil. Sizlər kimi mən də Abel müəllimin vəzifədən çıxarıldığı gündən "psixoloji orqazm" yaşamaqdayam. Dəhşət YAP-ın 26 illiyində Abel Məhərrəmovun Fəxri Xiyabana tək getməsində idi məncə. Zənnimcə bunu etməyə, YAP-ın Fəxri Xiyabana ziyarətə gələn kolonuna qoşula, sakit gəlib-sakit gedə də bilərdi. Amma bunu etmədi. Yəqin, artıq özü də bizlərə "soyuq" olduğunun, "yad" olduğunun fərqində idi. Fəxri xiyabana tək gəldi, şəkil çəkdirdi, mətbuata açıqlama verərək siyasi kursa sadiq qaldığını, əslində bizlərdən biri olduğunu, bizlərə yad olmadığını dedi.

Axı adam kimdən artıq nə etmişdi, neyləmişdi ki? Bunu izah edən tapılmadı. Tək deyilən multikulturalizm mövzusunda İspaniyada keçirilən konfransa gedən təyyarədə Abel müəllimin çaxır içməsi idi. Deyilənə görə təyyarədə Qafqazın Şeyxülislamı da olmuşdu.
Abel Məhərrəmov bizə niyə "uduzdu"?
Multikulturalizmin bariz nümunələrindən birinin də şeyxin olduğu təyyarədə çaxırın içilməsi deyilmi?!
Abel Məhərrəmov bizə niyə "uduzdu"?
Mübariz Məmmədov
“Levelend” 150-dən çox vətəndaşı aldadıb - O qədər pasport yoxa çıxıbXarici ölkələrdəki ali məktəblərə imtahansız qəbul, müxtəlif ixtisasartırma kursları vəd edən və vətəndaşları aldadan təhsil mərkəzlərinin birindən - “Levelend” xaricdə təhsil mərkəzindən virtualaz.org-a çoxsaylı şikayət daxil olub.

Şikayətçilərin sözlərinə görə, təhsil mərkəzi ilə müqavilə bağlanıb, pul və sənədlər verilib, lakin mərkəz vədinə əməl etməyib.

Zərərçəkmiş Zaur Qurbanov bu ilin mayında paytaxtın Səbail rayonu, Nizami küçəsi, 48 ünvanda yerləşən “Levelend” xaricdə təhsil mərkəzinə müraciət edib. ABŞ-ın Nyu-York şəhərində bir aylıq ingilis dili kursu proqramı üçün rəsmi müqavilə əsasında kursun rəhbəri İsgəndər Ağayevə 1800 dollar ödəyib. Z.Qurbanova cəmi bir həftə sonra Amerikaya gedəcəyi deyilib. Bir həftə sonra Z.Qurbanov təhsil mərkəzinə müraciət etdikdə mərkəzin bağlı olduğunu görüb. Kursun rəhbərinə zəng vurub, telefonuna zəng çatmayıb. Bir qədər sonra İ.Ağayev ona mesaj yazaraq bildirib ki, müvəqqəti olaraq Amerikadadır, nigaranlığa heç bir əsas yoxdur, hər şey yaxşı olacaq.

Sonradan adıçəkilən təhsil mərkəzinin bağlandığını və onun yerində başqa şirkətin fəaliyyət göstərdiyini görən Z.Qurbanov çıxış yolunu polisə müraciət etməkdə görüb. O, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Az sonra məlum olub ki, adıçəkilən şirkət tərəfindən xaricdə təhsil adı ilə aldadılan təkcə Zaur Qurbanov olmayıb.

Dəfələrlə İ.Ağayevdən pulunu və pasportunu tələb etdikdə “səninlə əlaqə saxlayıb pulunu və pasportunu qaytaracaqlar” deyib: ”Hər dəfə bir bəhanə gətirir, xarici pasportum neçə aydır ki, ortada yoxdur. Konkret olaraq sənədin harada və kimdə olduğunu demir”.

İ.Ağayevlə bağlı sosial şəbəkələr üzərindən axtarış apardığını bildirən Z.Qurbanov son bir il ərzində onun müxtəlif adlarla xaricdə bakalavr-magistr və ya sadəcə bir neçə aylıq dil kursu adı ilə vətəndaşlardan 1000-2000-3000 dollar pul toplayaraq vacib sənədləri (xarici pasport, diplom, attestatlar) özü ilə götürərək guya imzaladığı müqavilələrdə qeyd etdiyi öhdəlikləri yerinə yetirmək üçün Amerikaya getdiyini öyrənə bilib: “İsgəndər Ağayevin ölkədən çıxışı iyulun 16-da olub. Bu günə kimi nə pullarımız qayıdıb, nə də sənədlərimiz. Aldadılan şəxslərin əksəriyyəti polisə şikayət edib. Şikayətçilərin sayı 150 nəfərdən çoxdur”.

Polşada ali təhsil almaq niyyətində olan Elxan Ağayev də eyni üsulla aldadılıb. O, rəsmi müqavilə ilə təhsil mərkəzinə 1900 manat ödəyib: “İsgəndərin dələduz olduğu anlaşılandan sonra onu ofisində tapa bilmədik. Məktublarımıza, zənglərimizə cavab vermədi. Polisə müraciət etdik”.

1997-c il təvəllüdlü Carullah Xəlilli də Polşada təhsil alacaq ümidi ilə təhsil mərkəzinə 2000 min manat pul ödəyib. Həmçinin, xarici pasportunu, attestatını və doğum haqqında şəhadətnaməsini də təqdim edib: “Sənədlərimin kimdə olduğunu təkidlə soruşduqda deyirdi ki, qardaşım Xaqanidədir, qaytarılacaq. Adları çəkilən hər iki şəxslə bağlı hüquqi tədbirlərin görülməsini xahiş edirəm”.

Finlandiyanın Helsinki şəhərində bir aylıq fin dili kursu proqramı üçün 3000 dollar ödəyən Alqış Eminliyə mart ayına təyin olunmuş kurs proqramının “təxirə” düşməsi bildirilib: “Bu bəhanə ilə iyul ayına kimi vaxtı uzatdılar. Sonradan isə suallarım cavabsız qaldı, İsgəndərin nömrəsinə zəng çatmadı. Sənədləri də özü ilə götürüb Amerikaya getdiyini dedilər”.

Xaricdə təhsli almaq istəyən və dələduzluğun qurbanı olduqlarını iddia edənlərin arasında Bakı şəhər sakini Fatimə Qurbanova, Sumqayıt şəhər sakini Güllər Qarayeva, Hüseyn Abdullayev, Zərnigar Əliyeva, Zərxanım Ağayeva da var.

Aldadıldıqlarını deyən gənclər aidiyyatı orqanlara müraciət edərək onlardan kömək istəyirlər: “Dələduzluq yolu ilə pullarımızı mənimsəyib xaricə qaçmış İsgəndər Ağayevin beynəlxalq axtarışa verilib tapılmasını və min bir əziyyətlə borc-xərc topladığımız pulların geri qaytarılmasına köməklik göstərməyinizi xahiş edirik”.

Qeyd edək ki, Təhsil Nazirliyi dəfələrlə belə mərkəzlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayaraq ehtiyatlı olmaqlarını tövsiyə edib. Nazirliyin xəbərdarlığında deyilir ki, xarici ölkələrdə ali təhsil almaq, eləcə də kurslarda iştirak etmək istəyənlər özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosesdurlarını sorğu edərək aidiyyatı üzrə müraciət etsinlər. Azərbaycan vətəndaşları xaricdəki bəzi təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar.
DTX avtomobillərini satışa çıxardıDövlət Təhlükəsizlik Xidməti balansında olan avtomobillərin bir hissəsini satışa çıxarıb. Onlar arasında qəzalı vəziyyətdə olanı da var.

Axar.az xəbər verir ki, müxtəlif markalı avtomobillərdən ən yüksək qiymətə təklif ediləni də məhz qəzalı vəziyyətdə olan “Mitsubişi Pajero” avtomobilidir.

2007-ci il istehsalı olan avtomobil üçün müəyyən edilən ilkin qiymət 10.000 manatdan başlayır.

Bundan başqa, DTX hərraca “Hunday H1”, “Şevrolet Niva 21230L”, QAZ-31105-120, “VAZ-21214” və “Hunday Sonata” markalı avtomobillər də təqdim edib.
Təcavüzə uğramış oğlanların sayı açıqlandı - AzərbaycandaUşaqlara qarşı zorakılığın profilaktikasının üç səviyyəsi müəyyən edilir

Son günlər azyaşlılara təcavüzlə bağlı xəbərlər yayılır. Xüsusilə qohumları tərəfində zorakılıq görən uşaqlar var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyevanın sözlərinə görə, hazırda uşaqlara qarşı zorakılığın profilaktikasının üç səviyyəsi müəyyən edilir:

“İlkin profilaktika, ikinci dərəcəli profilaktika, üçüncü dərəcəli profilaktika. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 1 milyon 500 min uşaq zorakılığa məruz qalır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq zorakılığının qarşısının alınması istiqamətində hazırladığı təkliflər əsasında qanunvericilik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayanlara qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib.

Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, uşaq 14 yaşadək olduqda bu müddət üç ildən altı ilədək müəyyən edilib”.

Komitə rəsmisi bildirib ki, qurum tərəfindən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi işlənib-hazırlanıb:

“Onlar Milli Məclis tərəfindən qəbul edilib. Sözügedən normativ sənəddə məhz uşaqların məişət zorakılığından qorunması ilə bağlı müddəalar nəzərdə tutulub, mühafizə orderinin müəyyən edilməsi, zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi məsələləri öz əksini tapır.

Məişət zorakılığının qarşısının alınması istiqamətində təlimlər keçirilir. Təlimlərdə məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumat verilir. Maarifləndirmə xarakterli çap materialları dərc edilir”.

Günel Nağdəliyeva qeyd edib ki, uşaqların təlim-tərbiyəsi sahəsində valideynlərin məsuliyyətinin gücləndirilməsinə olan zərurət nəzərə alınaraq 2015-ci ildə bu istiqamətdə müvafiq qanunvericilik sənədlərində islahatlar aparılıb:

“Bütün bu tədbirlərin nəticəsi olaraq ölkəmizdə uşaqlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin sayında, avaraçılığa və dilənçiliyə cəlb edilən uşaqların sayında, erkən nikah və təhsildən yayınma hallarının sayında azalma müşahidə edilib”.

Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə bildirib ki, bu gün uşaq böyüdən tək analar daha çoxdur:

“Onlar işləyir və uşaq diqqətdən kənarda qalır. İkinci dəfə ailə həyatı quran zaman da uşaq özünü tərk edilmiş hiss edir. Azərbaycanda uşaqların hüquqları üçün sosial xidmətlər yaradılmalıdır. Həssas ailələrlə iş aparılmalıdır.

Valideynlərə izah etmək lazımdır ki, bir uşağa qarşı zorakılığı gizlətməklə böyük səhv edirlər. Onlara yardım edilməsə, qorxaq, gələcəkdə xəyanətkar insan, ya da qatı cinayətkar kimi formalaşacaq. Çünki ona qarşı zorakılıq olub. Hər bir zorakılıq faktı olan cinayəti araşdıranda məlum olur ki, həmin şəxs uşaq vaxtı travmalar alıb”.

Kəmalə Ağazadə qeyd edib ki, zorakılığa məruz qalan uşaqlarla ilk ünsiyyəti valideynləri yaradır:

“İkincisi, vaxtının çox hissəsini keçirdiyi tədris müəssisəsidir. Məktəbdə müəllim uşaqla ünsiyyəti zamanı onun narahatlığını, susqunluq görərsə, məsələni araşdırmalı, ailə ilə danışmalıdır. Çünki bir çox hallarda uşaqların zorakılıq faktları gizli qalır. Uşağı şiddət gördüyünü hiss edən psixoloqu ailəni, İcra Hakimiyyətlərinin tabeliyində olan qəyyumluq komissiyasını və hüquq-mühafizə orqanlarını dəvət etməli, onların hüquqları qorunmalıdır.

Zorakılığa məruz qalan uşaq bu faktı gizlədə bilər. Çünki uşaq düşünür ki, o, bunu desə, yalançı adlandıracaqlar. Ona qarşı cinayət törədən, zorakılıq edən hər bir şəxs “sənə kim inanacaq” deyərək ona psixoloji təzyiq edir. Ailə və qurumlar birlikdə əməkdaşlıq edərsə, problem həll olunacaq”.

“Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumovabildirib ki, həm qızlar, həm də, oğlanlar cinsi zorakılığa məruz qalır:

“Bu cür uşaqların reabilitasiyası zamanı ailəsinə, cəmiyyətə qaytarılmasına çalışılmalıdır. Təəssüflər olsun ki, bizim cəmiyyətdə uşaqlar bu barədə məlumat verməyə qorxur, ailənin xəbəri olmur. Təhsil ocaqları bu cür mənfi hallarla bağlı məlumatları gizlədirlər. Ona görə də həmin halların baş verməməsi üçün çalışmalıyıq ki, uşaqlarla mütəmadi ünsiyyət quraq, maarifləndirmə işləri aparaq.

Təəssüf ki, bütün Azərbaycanı əhatə edə bilmirik. Valideynin də uşaqla münasibəti normal olmalıdır. Onlar elə şərait yaratmalıdır ki, uşaq onlara bütün çətinliklərini, problemlərini bildirsin. Zorakılıqla bağlı fəaliyyət göstərən xidmət mərkəzləri, dövlət qurumları barədə ailələr məlumatlı olmalıdır ki, uşağın taleyinə xələl gətirilmədən travmanın aradan qaldırılmasında onlara dəstək göstərilsin”.

Kəmalə Aşumova qeyd edib ki, 2011-2017-ci ildə sosial reabilitasiya mərkəzində 670 cinsi zorakılığa məruz qalmış uşaqla işləmişik. Onlardan altı nəfəri oğlan olub”. (Oxu.az)
"Dodaqlarım əyridir, burnumdan qan gəlir" - "MedEra Hospital"dan növbəti şikayət "MedEra Hospital”la bağlı şikaytlər səngimək bilmir.

Bu dəfə burun-dodaq əməliyyatı etdirən xanımı çıxılmaz vəziyyətdə qalıb.

Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib.

O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib.

Evelina Şükürovanın sözlərinə görə, ödədiyi məbləğə baxmayaraq onun əməliyyatı uğursuz olub:

"Əməliyyat uğursuz oldu. Xoşuma gəlmədiyi üçün həkim dedi ki, bir müddət gözlə, yerinə oturacaq. Bir il tamamında dodağım da əyri, burnum da bərbad vəziyyətdə idi. Burnumdan qan, çirk gəlirdi, istədiyim formada deyildi”.

Evelina Şükürovanın burun-dodaq əməliyyatı ikinci dəfə birinci əməliyyatdan bir il sonra baş tutur. Bu zaman qaydalara görə uğursuz əməliyyatdan sonra pulsuz olmalı ikinci əməliyyat üçün ödəniş tələb edilib, vətəndaşdan estetik əməliyyat üçün anesteziya və analizlərin pulu adı ilə 500-600 manat alınıb.

Bu əməliyyat da uğursuz olub. Vətəndaş qeyd edir ki, "əziyyət çəkirəm, nəfəs ala bilmirəm. Dodaqlarım əyridir, burnumdan qan gəlir, şəkillər də təqdim edəcəyəm. Əməliyyatdan öncə bundan daha yaxşı idi dodağımla burnum, nəinki indi. Dodaqlarımın tikişləri düz qoyulmayıb, geli dodağımdan tam olaraq çıxartmayıb, dodaqlarım əyridir, danışan zaman dartılır”. Şikayətçi bildirdi ki, "MedEra Hospital”ın direktoru və onun əməliyyatını aparmış Qəhrəman Qəhrəmanov hal-hazırda, "Həyat” klinikasında estetik cərrah olaraq fəaliyyət göstərir.(Yenicag.az)