Əflatun Amaşov MM-də gürcüstanlı soydaşlarımızla bağlı təklif səsləndirdiBu gün Milli Məclisin plenar iclasında «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi ilə bağlı millət vəkili Əflatun Amaşov çıxış edib:

“Mən qanuna olan dəyişikliyi müzakirə edərkən, bir məsələyə toxunmaq istərdim. Layihədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduqları yer üzrə qeydiyyata alınmaları üçün müddət 10 gündən 15 günə artırılıb. Bunu müsbət qiymətləndirirəm.

Ancaq diqqəti bir məqama yönəltmək istərdim. İl ərzində Azərbaycana gələn xarici ölkə vətəndaşlarının kifayət qədər çoxu Gürcüstanda yaşayan azərbaycanlılardır. Qonşu dövlətdə yaşayan 300 minə yaxın soydaşımızın demək olar, hər birinin aliəsi Azərbaycanla sıx surətdə bağlıdır. Tam əksəriyyəti Azərbaycanda bu və ya digər formada daşınmaz əmlaka malikdirlər. Elə ailələr var ki, ər bir dövlətin, onun həyat yoldaşı isə başqa bir dövlətin vətəndaşıdır. Bəzi hallarda onların uşaqları da belədir.

Təklif edirəm ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız, xüsusən də Gürcüstanda yaşayanlar üçün nəzərdə tutulan müddət daha çox olsun. Çünki bir də görürsən ki, iki qoca valideyn paylı-pürüşlü öz övladına, doğmalarına baş çəkmək üçün gəlir, bir gün gecikəndə 400 manat cərimə ödəməli olur. Buna bənzər problemlərlə eyni zamanda digər ölkələrdə, əsasən də Rusiya Federasiyasında vətəndaşlıq almış soydaşlarımız da qarşılaşırlar.

Düşünürəm ki, belə problemləri operativ və daha münasib formada həll etmək üçün ayrıca qanuna – «Soydaş haqqında» Qanunun qəbuluna ehtiyac var. Axı biz Azərbaycanı dünyaya səpələnmiş bütün azərbaycanlıların vətəni hesab edirik”.
Polis rəisi haqqında məlumat yayan şəxs həbs edildiWhatsapp sosial şəbəkəsində Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenantı Cavanşir Ələkbərovla bağlı səs yazısı yayan şəxs həbs edilib.

Bu, Qasımov Fariz Mürvət oğludur. Həmin şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumatı təsdiqləyib. O bildirib ki, F.Qasımov barəsində tərtib edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb: "Vətəndaş səmimi olaraq peşmançılığını bildirib və belə informasiya yaymaqla etdiyi avtoxuliqanlıq hərəkətinə görə məsuliyyətdən yayınmağa çalışmaq istədiyini etiraf edib".

Qeyd edək ki, Whatsapp-da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına ittihamlar səslənib. Səs yazısını yayan F.Qasımov bildirib ki, özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.(report.az)
Zakir Qaralov yeni prokuror təyin etdi - ƏMRİsmayıllı rayonuna yeni prokuror təyin edilib.

Avrasiya.net "Report”a istinadən xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib. O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.
“Veysəloğlu” şirkətindən şəhid ailələrinə jestLayihədə Qarabağ və aprel şəhidlərinin övladları, qohumları iştirak edirlər

“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verib.

Şirkətdən Avrasiya.net-ə verilən məlumata görə, şirkət Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda ailə üzvləri üçün sosial layihə olaraq, 3 aylıq “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) layihəsini təşkil edib.

Layihədə yaşı 17-25 aralığında olan 10 nəfər Qarabağ və aprel şəhidinin övladı, eləcə də qohumları iştirak edirlər. Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbəüsü və təşkilatçılığı, “Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyinin tərəfdaşlığı ilə 48 saatlıq proqram əsasında təşkil olunan kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər nazirliyin “Elektron Hökumət Təlim-Tədris Mərkəzin”də keçirilir. “Veysəloğlu” Şirkətlər Qrupunun "Veb Dizayn" kimi kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.
Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Vergi Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı təklif edib.

Millət vəkili bildirib ki, fəaliyyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil:

“Bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Paşa İnşaat” məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikdi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fiziki şəxsləri vergidən azad etsək, cəmiyyətə töhfə vermiş olarıq”.

Millət vəkili həmçinin məktəb, bağça tikintisi fəaliyyətinin stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 illik vergidən azad olması, 5 illik vergi güzəştinə salınmasını təklif edib:

“Sahibkarlığın stimullaşdırılması üçün vergi güzəştləri edilməlidir. Bununla yanaşı bölgələrə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər”.
Adı 30 min manat rüşvətdə hallanan başçısı haqda yeni şok məlumatlarAsif Əsgərov barəsində səslənən rüşvət ittihamlarına susqunluq göstərir, onun müavini Qurban İsmayılov isə ölkə rəhbərinin tapşırıq və tövsiyələrini qulaqardına vurur
Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov neçə gündür mətbuatın gündəmindən düşmür. Onun adı deputatdan 30 min manat rüşvət istəməkdə hallandırılır.

Xatırladaq ki, Milli Məclisin üzvü Adil Əliyev “Yeni Müsavat”ın canlı yayınında çıxış edərkən bildirmişdi ki, Bakı rayonlarından birinin icra başçısı vətəndaşdan bir qapı açmaq üçün 30 min manat rüşvət tələb edib. Həmin rüşvət verilmədikdə, qapı açmağa icazə verməyib. Vətəndaşın bu xahişini isə başçıya deputat şəxsən çatdırıbmış.

Adil Əliyev bildirib ki, əgər bir icra başçısı millət vəkilinin sözünü eşitmirsə, üstəlik, onun xahişinə, müraciətinə rəğmən rüşvət tələb edirsə, görün onda sıravi vətəndaşlarla necə davranılır.

Deputat ad çəkməsə də mətbuatın araşdırması zamanı bəlli olub ki, sözü gedən icra başçı Asif Əsgərovdur.

“Yeni Müsavat” bu günlərdə məsələ ilə bağlı yeni bilgilər əldə edib.

Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə, həqiqətən də Adil Əliyev seçicilərindən birinin Nəsimi rayon ərazisindəki evinə əlavə qapı açılması üçün icra hakimiyyətinə müraciət edib. Mənbəmiz bildirir ki, başçı deputatdan bu iş üçün 50 min manat “şirinlik” istəyib. Sonra isə “sənin xətrinə, bu işi 30 minə həll edərəm” deyib. Deputat isə onun bu cavabından xeyli təəccüblənib və başçıyla arasında kəskin mübahisə yaranıb. “Yeni Müsavat”a bildirildiyinə görə, iş o həddə çatıb ki, deputatla başçı arasında az qalsın əlbəyaxa dava düşəcəkmiş. Onların ortaq dostlarından biri araya girib, münaqişəni yatırda bilib.

Adı bu cür qalmaqalda hallanan icra başçısı isə hələ də bu haqda mətbuata açıqlama verməyib. Asif Əsgərov indiyədək bu iddiaları, ittihamları nə təsdiq edib, nə təkzib.

“Yeni Müsavat”ın müxbiri məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti başçısı ilə danışmaq üçün dəfələrlə cəhd edib, lakin qarşı tərəfin kontaktdan yayınması ucbatından bu mümkün olmayıb. Bu günlərdə Asif Əsgərovun 1-ci müavini Qurban İsmayılovla danışıb, ondan məsələyə münasibət öyrənmək istədik. Q.İsmayılov əməkdaşımızla kobud danışaraq, telefonu onun üzünə qapadıb.
Adı 30 min manat rüşvətdə hallanan başçısı haqda yeni şok məlumatlar
Qurban İsmayılov

Fürsətdən istifadə edib, Qurban müəllimin diqqətinə bəzi məqamları çatdırmaq istəyirik.

Əvvəla, vəzifəli şəxs qanunun tələblərinə görə jurnalistin suallarına cavab verməyə borcludur.

İkincisi, vəzifəli şəxs özünü tutduğu posta uyğun aparmalıdır. Ən pis halda, ona verilən sualı axıra kimi dinlədikdən sonra cavab verib-verməyəcəyini qərarlaşdırmalıdır. Ona müraciət edən mətbuat orqanının nümayəndəsindən cavab üçün vaxt istəməlidir. Jurnalistin sözünü yarımçıq qoyub, telefonu qapatmaq yolverilməzdir.

Üçüncüsü, icra hakimiyyəti başçısı, onun müavinləri yerlərdə prezidenti təmsil edirlər. Onları prezident o vəzifəyə ona görə təyin edir ki, xalqla işləsinlər, narazılıq olanda həll etsinlər, problemləri yoluna qoysunlar. Onların vəzifələrinin siyahısına mətbuatla normal əməkdaşlıq da daxildir. Qurban İsmayılov isə sadalanan halların hamısını kobud şəkildə pozur.

Ölkə prezidenti dəfələrlə məmurlara təvazökar olmaları ilə bağlı tövsiyələr verir. Prezident hər fürsətdə məmurlara deyir ki, xalqla normal rəftar edin, insanları incitməyin, xalqın xidmətçisi olun. Ölkə başçısının məmurlara əsas tövsiyələrindən biri də mətbuatla, jurnalistlərlə normal şəkildə əməkdaşlıq etmələri haqda olur. Prezidentin bu tövsiyələrinə əməl edən məmurlar da var, Qurban İsmayılovun timsalında bu tövsiyələri qulaqardı edənlər də.

İnanırıq ki, bu yazıdan sonra Asif Əsgərov barəsində yazılanlarla bağlı geniş açıqlama verəcək. İcra başçısının belə bir niyyəti olarsa, “Yeni Müsavat” onu dinləməyə, mövqeyini dərc etməyə hazırdır.
İlqar Mikayıloğlunun xanımı xərçəngə qalib gəldi"Hələ ki, sevincimdən söz tapa bilmirəm".

“9 aylıq müharibənin sonu və mən qalibəm”.

Bu sözləri xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış vəkil və aparıcı Zülfiyyə Bayramova deyib.

O, amansız xəstəliyə qalib gəldiyini vurğulayıb:

"Allaha min şükür! Sən çox böyüksən ya Rəbbim! 9 aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürüm, qarşınızda baş əyirəm. Hələ ki, sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm".

Qeyd edək ki, Zülfiyyə aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. O, uzun müddətdir mədə xərçəngindən əziyyət çəkirdi. (axşam.az)
Tural Mirzəliyevin işdən çıxardığı şəhid qardaşı: “Mənə rüşvət təklif etdi...”“Mirzəliyevin özü ilə gətirdiyi müavini Gülşən mənə dedi ki, biz şəhid ailəsi tanımırıq”.

Bu fikirləri Yenicag.az-a müraciət edərək, Bakı şəhəri, Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyevin işdən çıxardığı şəhid qardaşı Sadıqov David deyib.

Şəhid qardaşının sözlərinə görə, onun işdən azad edilməsinə səbəb məktəb direktorunun ona rüşvət təklif etməsi olub:

“Məktəbdə texniki işçi – ocaqçı idim. Digər texniki işçilər üçün yer boş idi. Mənə ayda 120 manat pul təklif etdilər ki, onların işini də mən görüm. Mən isə bildirdim ki, əgər o işlər mənə həvalə olunursa, bu məsələ qayda-qanunla sənədləşdirilsin.

Tural Mirzəliyev isə mənə dedi ki, rəsmi işçi kimi qeydiyyata ala bilmərik, ancaq o işləri görrmək üçün sənə ayda 120 manat pul verə bilərik. Onun mənə təklif etdiyi rüşvətin mənbəyini bilirdim.

Yəni məktəbdə müəllimlər repetitorluq edirdilər və buna görə onlardan rüşvət alınırdı. Mənə təklif olunan pulu da toplanan həmin rüşvət hesabına verərək, elektirik, santexnik işlərini gördürmək istəyirdilər.

Məni hədələyərək dedi ki, əgər istəməsən, səni xüsusi maddə ilə işdən uzaqlaşdıracam. Mən də ona dedim ki, şəhid ailəsiyəm, siz bilmirsiz ki, şəhid ailəsinə necə münasibət bəsləyirlər?

Tural Mirzəliyevin özü ilə gətirdiyi müavini Gülşən mənə dedi ki, biz şəhid ailəsi tanımırıq. Bu sözlərdən elə vəziyyətə düşdüm ki, mənə qarşı haqsızlıq edildiyi barədə heç bir qruma müraciət etmədim”.

Sadıqov iddia edir ki, Tural Mirzəliyev məktəbdə işləyən müəllimlərdən rüşvət yığır:

“Orada işləyəndə müəllimlərdən eşitmişəm ki, Tural Mirzəliyev böyük siniflərdə dərs deyən müəllimlərin hər birindən 100 manat rüşvət alır”.

Sadıqov daha sonra Tural Mirzəliyevin məktəbdə işləyən bəzi qadın müəllimlərə qarşı yolverilməz davranışı haqda da danışıb:

“Məktəbdə rəqs müəllimi var idi. O, rəqs dərslərində şagirlərlə birlikdə uyğun geyimlərdə olurdular. Rəqs geyimində olduqlarını deyən müəllimin etirazına baxmayaraq, Tural Mirzəliyev bir neçə dəfə rəqs dərslərini izləyib.

Sonucu dəfə isə həmin müəllim Tural Mirzəliyevi sərt şəkildə təhqir edərək, işdən çıxdı. Camaat övladını məktəbə etibar edir, direktor isə rəqs geyimində olan uşaqları izləyir. Bu, heç bir əxlaqa sığmır”.

Məktəb direktorunun qanunsuz işlər gördüyünü deyən şəhid qardaşının sözlərinə görə, o, müəllimlərin öz istəkləri ilə işdən çıxmalarına nail olmaq üçün onları bezdirirdi:

“Tural Mirzəliyev qəsdən müəllimləri bezdirirdi ki, işdən çıxsınlar, onların yerinə isə öz adamlarını gətirib qoysun”.
"Hadi Rəcəbli dövlətin pulunu altına yığıb belə danışır""Hadı Rəcəbli kimi millətin əleyhinə səs verən adamların, vaxtilə Heydər Əliyevə xəyanət edən və sonra H.Əliyevi ələ salan insanların vasitəsi ilə gəlib Milli Məclisdə komitə sədri olması bu dövləti sevmək deyil”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Məclisin ötən iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı Hadı Rəcəblinin 143 manatla bir ay normal yaşamağın mümkün olduğunu deməsinə münasibət bildirərkən deyib:

"Hadı Rəcəbli kimi vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən adamlar istəyir ki, insanlarda dövlətə qarşı kin-küdurət yaratsınlar. Bu, onların bir nömrəli məqsədidir. Onlar heç vaxt dövlətə xidmət etmək istəmirlər. Hadı Rəcəblidən soruşmaq lazımdır ki, onu bir toya dəvət edəndə nə qədər pul yazdırır. Hələ bunun yas yeri - filan var. Onun bir gündə yeməyinə çəkdiyi xərc nə qədərdir. Hadı Rəcəblinin bu dövlətə, xalqa xidməti nə olub ki, Lənkəranda özünün heykəlini qoydurub. Bu gün orda mollaları öyrədib dövlət başçısının üzərinə qaldırırlar. Ona görə də H.Rəcəbli kimi millətin əleyhinə səs verən adamların, vaxtilə Heydər Əliyevə xəyanət edən və sonra H.Əliyevi ələ salan insanların vasitəsi ilə gəlib Milli Məclisdə komitə sədri olması bu dövləti sevmək deyil. H.Rəcəbli bilməlidir ki, dediyi 143 manat bir adamın bir gün normal yaşayışını təmin etmir. Əgər onun özü və yaxınları dediyi məbləğlə yaşaya bilirsə, biz buna etiraz etmirik. Biz yarı ac, yarı tox yaşayan adamlarıq. Səhər heç yemirəm, günortda da bir-iki manatlıq nəsə alıb yeyirik. Bizim ailələrimiz də bu şəraitdə yaşayır. Amma çox təəssüf ki, biz Azərbaycanın müstəqilliyini qazanıb və gətirib bu cür (yolverilməz ifadə)lərin əlinə verdik. Bizi "yandıran” budur.

Acınacaqlısı odur ki, Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən insanlar ölkədə "Şah” kimi yaşayır, amma bu da müvəqqətidir. Zaman özü hər şeyi həll edəcək, haqq-ədalət bərpa olunandan sonra Hadı Rəcəblilər xalq tərəfindən dar ağacından asılacaq. Buna çox az vaxt qalıb. Ona görə də H.Rəcəblinin fikirlərinı sərt qınayıram. Düzdü, dəfələrlə müəyyən adamlar vasitəsi ilə mənə sifariş göndərərək deyib ki, məndən nə istəyir. Mən H.Rəcəblidən vicdan, qeyrət və namusdan başqa heç nə istəmirəm. H.Rəcəbli dediyi məbləğlə dolana bilirsə, onun detallarını açıqlasın. Bu gün sağımız-solumuz düşmənlərimizdir. Bunlar belə fikirlər səsləndirməklə kimlərə xidmət edirlər, biz bunu bilməliyik”.

H.Hacıyev ay ərzində bir ailəyə yaşamaq üçün beş min manata qədər pul lazım olduğunu bildirib:

"Bizdə övladlarım ayrı yaşayır. Ay ərzində yeməyim iki min manat pul tutur, amma onu alıb yeyə bilmirik. Dilənçi vəziyyətində yaşayırıq. Normal yaşamaq üçün 3 min və ya beş min manat pul lazımdır. Biz də insanıq axı. Hər ay on toya çağırılsan və hərəsinə də 100 manat yazdırsan min manat pul edir. Allah heç kimə qismət eləməsin o qədər də yas mərasimlərinə çağırılsIn, o da xeyli pul edir. H.Rəcəbli indi dövlətin pulunu altına yığıb belə danışır. Düşünürəm ki, bu cür insanları xalqımız "top atəşinə” tutmalıdır. Bizim millət unutqan millətdir, millətin xeyrinə danışan, xalq üçün ömrünü "şam kimi əridən” insanlar ehtiyac içində yaşayırlar”.

H.Hacıyev şəhid ailələrinə verilən 11 min manat kompensasiyanı da verə bilmədiyimizdən şikayətlənib:

"Bu gün şəhid ailələrimiz küçələrdə övladlarına veriləcək pulu ala bilmirlərsə, biz hansı kişilikdən danışırıq?! Şəxsən mən partiya sədri və siyasətçi olduğuma görə özümə nifrət edirəm. Dörd dəfə ölkədə prezidentliyə namizəd olan bir şəxs kimi yanıma yüzlərlə şəhid ailələri gəlir, amma biz onların pulunu verə bilmirik. H.Rəcəblinin nəvələri bu gün eyş-işrət işində yaşayır. Milləti bu cür ələ salmaq olmaz axı, nə vaxtsa bizdən bunun hesabını soracaqlar. Xalq bizi daşqalaq edəndə soruşacaq ki, Hafiz Hacıyev, bütün bunları gördüyünə görə niyə susurdun?! Ona görə də ortaya çox ciddi mövqe qoymalıyıq. H.Rəcəblini xeyirdə-şərdə görəndə dediyi sözlərə görə ondan cavab tələb etməliyik. Azərbaycan dövlətinin əleyhinə işləyən adamlara qarşı kəskin mövqe ortaya qoymaq lazımdır. Xalqımdan onu istəyirəm ki, öz haqları uğurunda mübarizə apararkən fəal olsunlar”.
''Lotu Quli''nin ailəsində üç gün üç gecə toy oldu - Məşhurlar pulsuz oxudu (VİDEO)Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin ailəsində toy mərasimi baş tutub.

Avrasiya.net xəbər verir ki, unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisikeçirilib.

''Lotu Quli''nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub.

Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tbilisinin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib.

Adıçəkilən sənət adamları ''Lotu Quli'' kimi tanınan azərbaycanlı ''qanuni oğru'' Nadir Səlifova hörmət əlaməti olaraq bu toyda təmənnasız iştirak ediblər.

Gürcüstanda keçirilən toyda ''qanuni oğru'' ''Lotu Quli''nin də iştirak etdiyi bildirilir. Şadlıq sarayının toy keçirilən zalında onun üçün xüsusi stol hazırlandığı bildirilir.

Toyda şairə Nazilə Səfərlinin onun anasına yazdığı "Həccə gedən gözəl anam" şeiri və mahnısı səsləndirilib. Müğənni Şəbnəm Tovuzlu həmin mahnını səsləndirərkən Hacı xanım sənət adamlarına nəmər verib. Bundan sonra digər ziyafət iştirakçıları sənət adamlarını pul yağışına tutublar.