Eldar Mahmudovun tutdurduğu sahibkarın ətrafında nə baş verir?Həbsindən əvvəl iş adamından “mahmudovçu”lar xərac tələb ediblər.

Eldar Mahmudov nazir olarkən ölkənin bir çox gəlirli sahələrini özünə tabe etdirə bilmişdi. Ətrafına topladığı “çete” üzvləri hər ötən gün onun sərhədsiz biznes imperiyasını genişləndirmək üçün çalışırdılar. “Mahmudovçu”larla razılaşmayan, onların qanunsuz tələblərini yerinə yetirməyənlər üçün də “çarə” tapılırdı. Məsələn, Moskvadan hansısa erməninin şirkətindən Azərbaycandakı xərac ödəmək istəməyən sahibkara zəng gəlirdi, zəng edən şirkətin istehsal etdiyi mallarla maraqlanırdı. Sahibkar xəttin o tərəfindəkinin kimliyini, milliyətini bilməsə də, heç nə dəyişmirdi.

Həmin zəngdən 3-5 gün sonra sahibkarı MTN-ə çağırırdılar və ermənilərlə işbirliyində suçlayıb qabağına sübut kimi telefon danışığını qoyurdular. Beləcə, xoşluqla 100 min verməyən 1 milyon verib can qurtarırdı. Eldar Mahmudov varlanır, dəstə üzvləri qazanır, müflis duruma çatdırılan, borc bataqlığına atılan sahibkar da səsini, cınqırını belə çıxarmırdı.

Eldar Mahmudovun “çete” üzvlərinin başqa metodları da vardı. Məsələn, bu günlərdə azadlığa çıxması xəbəri yayılan “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mircəfər oğlu Mahmudova qarşı atılan addımlar sadəcə ağlasızmazdır. Onun barəsində “azadlığa çıxıb” xəbərinin mətbuata ötürülməsinin kökündə də mübhəm məqamlar yox deyil.

Həbsindən əvvəl iş adamından “mahmudovçu”lar xərac tələb ediblər. Sahibkar imtina edib, tələb olunan pulu verməyib. Və MMC-nin üzlədiyi binada elə bir yanğın baş verib ki, hələ də yaddaşlardan silinməyib.

Kimdir Miryusif Mahmudov və niyə həbs olunub?

2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi. 15 nəfər öldü, 50 nəfərin xəsarət aldı. Bu olay bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi günlərdə baş verdiyindən dərhal dünya mətbuatının 1 nömrəli mövzusuna çevirildi.

Olaydan sonra ilk həbs edilənlər sırasında Miryusif Mahmudov da oldu. Çox sonra Eldar Mahmudovun qurduğu səltənət “başına uçuruldu” - özü işdən çıxarıldı, “MTN çete”si ifşa edildi. Həmin vaxt artıq baş vermiş faciəyə görə M.Mahmudov və bir neçə nəfər həbsdə idi.

Dəmir barmaqlıqlar arxasından söylədikləri də əslində geniş istintaq araşdırmalarının mövzusu olmalı idi.

Miryusif Mahmudov məhkəməsində nə demişdi?

M.Mahmudov ittham üzrə özünü təqsirli bilməyərək, hadisənin qəsdən törədildiyini bildirmişdi: “Hadisə baş verən gün günorta yanan binanın qarşısına gəldim. Sonra səhhətim pisləşdi. Yanğın heç vaxt bu şəkildə ola bilməzdi. Yanğın baş verən vaxt mənə xəbər etdilər ki, MTN-dən ofisimizə yoxlama gəlib. Mən dərhal ofisə qayıtdım və gördüm ki, 29 MTN işçisi şirkəti yoxlamağa gəlib. Məni idarəyə dəvət etdilər. Orda ifadəmi aldıqdan sonra prokurorluğa apardılar”.

M.Mahmudov məhkəmədə Eldar Mahmudovun diqqətinə düşmələrinin tarixçəsini də danışmışdı:

“Bir az əvvələ qayıtmaq istəyirəm. 2012-ci ildə MTN "Texnikabank"da əməliyyat keçirdi və bizim oradakı bank hesabımızı öyrəndikdən sonra bizə qarşı təqiblər başladı. Bizi MTN-ə dəvət etdilər. 2014-cü ildə mən qəti şəkildə telefonlarımın dinləndiyinə və avtomobilimin izləndiyinə əmin oldum. Mən demirəm ki, bu hadisəni sabiq Milli Təhlükəsizlik Nazirliyi edib, sadəcə, başıma gələnləri danışıram..."

Xatırladaq ki, sözügedən faciə ilə bağlı həbs olunanların arasında ən ağır cəza Miryusif Mahmudova kəsilmişdi. Belə ki, binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına, qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunaraq, barəsində 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə 8 il azadlıqdan məhrum edilmişdi.

Ancaq ictimaiyyəti bu işdə əsas günahkarın Miryusif Mahmudov olduğuna inandırmaq mümkün olmadı.

Maraqlı bir məqam isə odur ki, neçə gündür M.Mahmudovun guya azadlığa çıxması xəbərləri dövriyyəyə buraxılıb. Azərbaycanda həbsdə olan məşhur arestantların azadlığa çıxması xəbərləri tez-tez yayılır. Belə xəbərlər adətən əks effekt verir. Hətta haqqında “azadlığa buraxılıb” xəbəri yayılan şəxs bəzən heç azad edilmir, bu bir şayiə olur. Bunu 10 ildən artıq MTN kimi bir quruma rəhbərlik edən Eldar Mahmudovun, onun komanda üzvlərinin bilməməsi mümkün deyil. Miryusif Mahmudov haqda bu səpkili xəbərlərin məhz sabiq nazirin çevrəsindən ictimaiyyətə ötürüldüyünü iddia etmirik. Sadəcə, belə üsullarla qərar verən şəxslərin haqqında bəhs olunan arestantlara qarşı münasibətinin hansı formada dəyişilməsi də maraq kəsb edir.

Yada salaq ki, bir müddət əvvəl mətbuatda elə Eldar Mahmudovun həbsdəki dəstə üzvlərinin də azadlığa çıxması haqda xəbərlər tirajlanmışdı. Bu, sanki bir nəbz yoxlaması kimi məqsədli şəkildə mediaya sızdırılır və demək olar ki, bütün hallarda media da vicdanlı yanılma anlayışı ilə bu xəbərləri dərc edir.

Bu baxımdan Miryusif Mahmudovun azadlığa çıxması xəbərinin də onun uzun müddət həbsdə saxlanılmasına hesablanan bir məlumat olmasını istisna etmək olmaz. (Musavat.com)
Bakı metrosunda dəhşət: Oğlan qızı plaformaya saldıDünən metronun "Nizami" stansiyasında sərnişinlər arasında dava olub.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, hadisə dünən axşam saatlarında qeydə alınıb:

"Metronun Nizami stansiyasında bir oğlan qızı vuraraq qatardan platformaya itələyib. Hadisənin təfərrüatı barədə məlumatımız yoxdur. Hadisə zamanı polis əməkdaşları vəziyyətə müdaxilə edib. Şikayət səbəbindən hadisənin görüntüləri əsasında polis bu məsələni araşdırır. Araşdırma bitdikdən sonra yekun açıqlama veriləcək".
Şəhid vərəsələrinə veriləcək birdəfəlik ödəniş və mənzillərin - SiyahısıXəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmə veriləcək.

“Qafqazinfo”nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi ilə bağlı arayış hazırlayıb.

Siyahıya əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir.

2018-ci il üçün 58 milyon manat; 2019-cu il üçünisə 50 milyon manat maliyyə vəsaiti ayrılıb.

07.12.2018-ci il tarixində 750 şəhidin 1035 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə Komissiya tərəfindən qərar qəbul edilib.

O cümlədən, 02.11.2018-ci il tarixinə 114 hərbi qulluqçu üzrə 146 vərəsəyə, 14.11.2018-ci il tarixi üçün 110 hərbi qulluqçu üzrə 135 vərəsəyə, 22.11.2018-ci il tarixinə 223 hərbi qulluqçu üzrə 304 vərəsəyə, 27.11.2018-ci il tarixi üçün 161 hərbi qulluqçu üzrə 240 vərəsəyə, 01.12.2018-ci il tarixinə 142 hərbi qulluqçu üzrə 210 vərəsəyə ödəmə edilib.

Onlardan 350-dək vərəsənin bank hesabına vəsait köçürülüb. Eyni zamanda, məhkəmə qərarı əsasında 473 şəhidin 474 vərəsəsinə ödəniş edilib.

Cəmi 1223 şəhid üzrə 1509 vərəsəyə dair qərarlar verilməklə ödənişi aparılır.

01.10.2018-ci il tarixinə kimi şəhid ailələrinə və əlilliyi olanlara verilən mənzillərin sayı 6 063 ədəddir. Onlardan 5,6 mini şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib.

2018-ci ildə 583 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Onlardan artıq 01.08.2018-ci il tarixində Qaradağ rayonunda 35 mənzil verilib.

2018-ci ilin sonuna kimi Bakı və Abşeronda satın alınaraq veriləcək mənzillərin sayı 391, o cümlədən Qaradağ rayonunda 200, Zabrat qəsəbəsində 95, Mehdiabad qəsəbəsində 72 mənzil, Müşviqabad qəsəbəsində 24 mənzil verilməsi planlaşdırlıb.

2018-ci ilin sonuna kimi regionlarda istifadəyə veriləcək binalardakı mənzillərin sayı 90-dır. O cümlədən, İmişlidə 54 mənzil (6 mərtəbəli yaşayış binası), Şamaxıda 36 mənzi (4 mərtəbəli yaşayış binası) veriləcək.

2018-ci ildə regionlarda 67 fərdi evin inşası başa çatdırılacaq.

Qalan və ilin sonunadək paylanacaq mənzil və fərdi evlərin sayı 548 ədəddir.

Qeyd edək ki, prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni 2018-ci ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.

Belə ki, 01.11.2018-ci il tarixə kimi müharibə əlillərinə verilən avtomobillərin cəmi sayı 6 144 (Cari ildə 265 avtomobil verilib) ədəddir.

Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü:

I qrup 182 AZN;

II qrup 158 AZN;

III qrup 121 AZN;

Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, qalan az bir qismi isə əlilliyə görə müavinət də alır.

Müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir.

İl ərzində dövlət vəsaiti hesabına 1,8 min-2 min nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Onlara orta hesabla 6500-7000 reabilitasiya vasitəsi (əlil arabası, eşitmə aparatı, ortopedik ayaqqabı və digər) verilir.

Qarabağ müharibəsi əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Şəhid ailələrinin sosial təminatı

Şəhid ailələrinə 242 AZN aylıq Prezident təqaüdü ödənilir.

Əmək pensiyasına hər ay əlavə vəsait ödənilir.

Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir.

Şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət verilir.

Şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və

şəhid ailəsi üzvünə ƏƏSMN tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir.

Özünəməşğulluq proqramına 2018-ci ildə 158 şəhid ailəsi, 1000 nəfərdən çox əlilliyi olan şəxs (onlardan bir hissəsi Qarabağ müharibəsi əlilidir) cəlb olunub.

Milli Qəhrəmanlara (və ya həlak olanların ailələrinə) aylıq 1500 AZN Prezident təqaüdü ödənilir. Milli Qəhraman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir.
Politoloq, QHT sədri, Akademiyanın doktorantı... - Bələdiyyə sədriÜçüncü aydır ki, Binəqədi rayon Binəqədi bələdiyyəsinə rəhbərlik edir. Bələdiyyə üzvlərinin yekdil qərarı ilə sədr postunu ona həvalə edildikdə bu işin məsuliyyəti və ağırlığını bilirdi və üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyinə də əmin idi. Elə bu əminlik, bacarıq və təşkilatçılıq onu Bələdiyyə sədri postuna yüksəltdi.

Söhbət Salman Umudovdan gedir.

Gənc kadr olmasına baxmayaraq yüksək bacarıq və novatorluğu onu hələ sədr olmazdan öncə də ictimaiyyətə yaxından tanıdıb. S.Umudov bələdiyyə sektoruna təsadüfən düşən simalardan deyil. Binəqədi rayon Binəqədi bələdiyyəsində “Yerli İqtisadi Məsələlər” Daimi Komissiyasının sədri olub.

S.Umudov 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. Hazırda həmin ali məktəbin doktorantıdır.

S.Umudov həmçinin Azərbaycan gənclər hərəkatının fəal üzvlərindəndir. 1995-2004-cü illərdə Demokratik Tələbə Gənclər Təşkilatı sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrini tutub. 1998-2004-cü illərdə Demokratik Seçki Mərkəzinin şöbə müdiri, 2006-2007-ci illərdə Milli Məclis deputatının köməkçisi olub.
Politoloq, QHT sədri, Akademiyanın doktorantı... - Bələdiyyə sədri
Hazırda Gənc Sahibkarlar Klubu İctimai Birliyinin sədridir. 2014-cü ildə keçirilən IV çağırış bələdiyyə seşkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bakının Binəqədi rayon bələdiyyəsinin üzvü seçilib.

Azərbaycan ordusunun sıralarında zabit kimi xidmət edib.

S.Umudov həm də ölkənin ictimai-siyasi həyatında önəm daşıyan bir politoloq kimi də özünü göstərib. İctimai, siyasi hadisələri dövlət və dövlətçilik, milli maraqlardan analiz edən S.Umudovun verdiyi proqnozlar, irəli sürdüyü ehtimallar həmişə özünü doğruldub. Yerli mediada üzdə qalmağı xoşlamayan S.Umudov vaxtını daha çox sakinlərin problemlərinin həllinə yönəltməyə xərcləyir. Eyni zamanda bələdiyyənin iclaslarında təsdiq olunan yerli sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji proqramların həyata keçirməsinə çalışır. S.Umudov həyata keçirdiyi layihələrin vacibliyi və səmərəliliyinə böyük diqqət yetirir.
Politoloq, QHT sədri, Akademiyanın doktorantı... - Bələdiyyə sədri
Onu da qeyd edək ki, bələdiyyənin layihələri ərazinin müxtəlif sahələrini əhatə edərək insanları narahat edən yerli problemlərin həllinə yönəldilib.

S.Umudov əhalinin maarifləndirilməsi, sağlamlığının qorunması, aztəminatlı təbəqələrindən olan vətəndaşlara sosial yardımın, mərasim xidmətlərinin göstərilməsi, gənc nəslin formalaşması, ərazisinin abadlaşdırılması, müxtəlif məhəllə ərazilərində kommunal infrastrukturunun yaradılması və inkişafı, parkların salınması və yenidən qurulması, xarici əlaqələrin genişləndirilməsi, bələdiyyə müəssisəsinin maddi - texniki bazasının yaradılması kimi sahələrə diqqətini artırıb.

Həm bələdiyyə üzvləri, həm də Binəqədi bələdiyyəsi ərazisində yaşayan sakinlərin yeni sədrdən gözləntiləri çoxdur. S.Umudov isə bu inam və etibarı doğruldacağına əmindir. Bu əminliyi ona savadı, iş təcrübəsi və ictimaiyyət arasında nüfuzu verib.
Politoloq, QHT sədri, Akademiyanın doktorantı... - Bələdiyyə sədri

Avrasiya.net
11 yaşlı məktəblinin ürək dağlayan məktubu - "Çox kədərliyəm""Mən heç nə yazmıram, sən nə istəsən gətirərsən"

Masallı rayonunun Bədəlan kəndinin 11 yaşlı sakini Şaxta Babaya məktub yazıb.

AzNews.az xəbər verir ki, məktəbli məktubunda 2018-ci ilin onun üçün kədər gətirdiyini yazıb:

“Salam Şaxta Baba, mən bu il çox kədərliyəm. Çünki atamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm, sən gətirə bilməzsən onları. Amma az da olsa sevindirə bilərsən. Mən heç nə yazmıram, sən nə istəsən gətirərsən”.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov həmin şagirdin tapılıb sevindiriləcəyini qeyd edib.
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”“Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”.

Avropa.info xəbər verir ki, bunu deputat Cavid Qurbanov bu gün parlamentin plenar iclasında səsləndirib.

Deputat deyib ki, Zatulin “Lazaryan klubu”unda yallanır: “Onun fikirləri Azərbaycan-Rusiya münasibətlərinə zərrə qədər də təsir edə bilməz. Elə təkcə Azərbaycana gələn rus turistlərin sayına nəzər yetirsək, bu münasibətlərin Atillanın ayağı dəyən bütün türk torpaqlara biz iddialıyıq. Bizim işimiz siyasətimizi doğru aparmaq, iqtisadiyyatımızı gücləndirmək və Ermənistana göz dağı verməliyik”.

Deputat Əflatun Amaşov isə İrəvanda QDİƏT PA-nın toplantısında iştirak etdiklərindən danışıb: “Orada bizə təqdim edilən yubley medalından imtina etdik. İrəvana səfər zamanı biz şəhərlə tanış olduq və bir daha şahidi olduq ki, Azərbaycan nə qədər inkişaf edib və etməkdədir. Lakin biz torpaqlarımızın işğaldan azad olunması üçün düşüncələrimizi dəyişməli, xaricdə daha çox təbliğat işləri aparmalıyıq. Torpaqlarımız işğaldan azad etmək üçünsə daha da güclü olmalıyıq. Bu yolla biz torpaqlarımızı işğaldan azad edə bilərik”.
Usubov rəis müavinlərini işdən çıxardıTərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri işdən çıxarılılb.

Report-un xəbərinə görə, şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov, şöbənin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov və şöbənin kadrlar üzrə baş inspektoru, baş leytenant Firudin Ağayev tutduqları vəzifədən azad ediliblər.

İşdən çıxan rəis müavinləri və bölmə rəisi vəzifələrinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Elçin Qasımov Tərtər RPŞ-yə rəis təyin olunub.
DTX vətəndaşlara müraciət və xəbərdarlıq etdiDövlət Təhlükəsizliyi Xidməti (DTX) vətəndaşlara müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a DTX-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir:

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin etimad telefon nömrəsi (+99412) 405 99 99 və 1656 qaynar xətti vətəndaşların (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə vasitəsidir.

Vətəndaşlar qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxud törətmiş şəxs (şəxslər) barədə, milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə DTX-ya məlumat verə bilərlər.

Azərbaycan Respublikasının və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin, terror aktlarının, eləcə də digər mümkün təhdidlərin aşkarlanmasının və qarşısının alınmasına kömək edə biləcək bütün məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) üçün əhəmiyyət kəsb edir.

Etimad telefon nömrəsinin (+99412) 405 99 99 və 1656 qaynar xəttinin növbətçiləri həftənin 7 günü 24 saat ərzində məlumat qəbul edirlər".

DİQQƏT!!!

Vətəndaşlar xəbərdar olunurlar ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ünvanı və əlaqə xətləri:

AZ1006, Bakı şəhəri, Parlament prospekti 14.

Telefon: (+99412) 405 99 99

Faks: (+99412) 405 92 22

Qaynar xətt: 1656 (bölgələrin sabit telefon şəbəkələri üçün (012) 1656)

E-poçt: [email protected]
Maşının vurduğu süpürgəçi qadın xəstəxanada öldüÖtən gün avtomobil tərəfindən vurulan süpürgəçi Muradova Almaxanım Pirağa qızı vəfat edib.

Bu barədə Axar.az-a onun yerləşdirildiyi 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib.

Almaxanım Muradova ötən gün xəstəxanada dünyasını dəyişib. 1965-ci il təvəllüdlü A.Muradova döş qəfəsinin küt travması və digər ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, hadisə paytaxtın Heydər Əliyev prospektində “Bağırov” körpüsünün yaxınlığında baş verib.
Bakıda daha bir qalmaqal: ailəli qadının intim videosu çəkildi – TəfərrüatBakının Qaradağ rayonunda qadını intim video və fotoları ilə şantaj edən Miryusif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Miryusif Məmmədova şərti cəza verilib və məhkəmə zalından sərbəst buraxılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib, cəzanın sərtləşdirilməsini istəyib.

Prokurorun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Qədim Babayevin icraatına verilib.

İlkin baxış iclası dekabrın 20-nə təyin olunub.

İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Əfsanə Babayeva (ad və soyad şərti verilib – red.) Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.

O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.

Müəyyən edilib ki, Miryusif Məmmədov Əfsanə ilə sosial şəbəkələrdən birində tanış olub.

Sonradan Miryusif ilə Əfsanənin münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər.

Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib.

Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb.

Miryusif Əfsanədən ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib.

Bundan sonra Əfsanə hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.

İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.