"Biz sülh istəyirik, müharibə istəmirik"

"Biz sülh istəyirik, müharibə istəmirik"Orucova Məhin Əli qızı
Səbail rayonu, C.Hacıyev adına 3 nömrəli Onbirillik
Musiqi Məktəbinin direktoru, əməkdar müəllim


Bu günlərdə Avrasiya məkanının bir sıra önəmli məsələlərinin müzakirə edildiyi Brüsseldə Avropa İttifaqı Şurasının və NATO rəhbərlərinin təşkil etdiyi görüşlərdə fəal iştirakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi yenidən dünya informasiya məkanında əsas siyasi fiqurlardan biri kimi diqqət mərkəzinə çıxarıb. Ölkə rəhbərinin keçirdiyi görüşlər barədə verilən geniş informasiya və onun media üçün açıqlamaları ilə yanaşı, müxtəlif səpkili şərh və təhlillər də beynəlxalq media vasitələrində aparıcı yer tutur.

Müharibə dövründə olduğu kimi, indiki mərhələdə də Ölkə başçısının informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Belə bir məqamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə müsahibəsi, siyasi analitiklərin hərtərəfli şərhlərində Azərbaycan Prezidentinin suallara dolğun və arqumentli cavabları, konstruktiv mövqeyi yüksək dəyərləndirilib.

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan ordusu tamamilə məhv edildi. Ermənistan hökumətinin başçısı ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq, Azərbaycanın 44 günlük müharibədə geri almadığı əraziləri geri qaytarmağa razılıq bildirdi. Bununla bağlı Ölkə başçısı müsahibə zamanı qeyd etmişdir ki: “İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu.

Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər”.

Bu gün sivil dünya görür və əmindir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və xalqı regionda sülhün əldə olunması üçün çalışır.Müsahibə zamanı Ölkə rəhbəri bu fikirləri də xüsusilə diqqət çəkib: “Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik.

Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır”.

Ölkə başçısı cənab İlham Əliyevin istər sammitdəki çıxışında, istərsə də qəzetə müsahibəsində və bəyanatlarında münaqişəni araşdıran analitiklər və ekspertlər üçün bir çox prinsipial məqamlar var və bunlar hərtərəfli şəkildə təhlil edilməli, əsl həqiqəti əks etdirən nəticələr əldə olunmalıdır.

Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır.

Bir mühüm detalı xatırlatmaq yerinə düşər ki, bir neçə gün öncə Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qələbə qazanması dövlət başçımızın Brüssel görüşünə böyük üstünlüklə getməsini təmin etdi. Ermənistanın, demək olar ki, heç bir məsələdə və iddiada haqlı olmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, beynəlxalq oyunçular da Azərbaycanın bu mövqeyindən xəbərdardırlar. Amma ölkəmiz bu məsələdə müsbət dinamika görərsə, əlbəttə ki, bundan yararlanılacaq və sülhün gücləndirilməsinə öz töhfəsini verəcək.