"Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq"

"Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq""Media haqqında qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir".
Bu sözləri Bakupost.az -a açıqlamasında Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Media haqqında" yeni qanun layihəsi barədə danışarkən deyib:

"İlk olaraq onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir. Bu gün Azərbaycan media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldırır".

Media eksperti qeyd edib ki, digər bir yenilik vahid reystrin yaradılmasıdır:

"Yeni qanun layihəsi vahid reystrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da çox önəmli məqamdır. Ölkədə nə qədər KİV, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reystrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq".

Media eksperti əlavə edib ki, jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir:
"Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalana biləcəklər. Yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və s. hallar hamısı detallı şəkildə layihədə öz əksini tapıb.

Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib. Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də "freelancer" - sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır.

Bununla yanaşı, layihənin dili üzərində işlənilməsi, korrekturaların edilməsi, bəzi maddələrə yenidən baxılması, konkretləşdirilməsi zərurəti də var. Hansı maddələr üzərində yenidən iş aparılmasının zəruri olması barədə qeydlər dünən Milli Məclisdə aparılan müzakirələr zamanı səsləndirilidi. Milli Məclis üzvləri və qanun layihəsini hazırlayanlar da qeydləri götürdülər, müsbət yanaşdılar.

Hesab edirik ki, səsləndirilən təkliflər də nəzərə alınmaqla qəbul ediləcək yeni qanun ölkədə peşəkar medianın inkişafını stimullaşdıracaq".