Əməkdar jurnalist qaranlıq məqamlara aydınlıq gətirib

Əməkdar jurnalist qaranlıq məqamlara aydınlıq gətirib“Media haqqında” qanunun Milli Məclisdə ictimai müzakirəsindən sonra və hətta müzakirənin davam etdiyi zaman çərçivəsində sosial şəbəkələrin Azərbaycan seqmentində, həmçinin bəzi informasiya resurslarında sənədin mahiyyətinə tamamilə zidd olan, həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Müzakirədən sonra yayılan məlumatlara, fikirlərə, rəylərə, onların bir hissəsi reallığa uyğun gəlməsə də, yanlış anlaşılmanın nəticəsi olsa da, təbii yanaşıram. Amma müzakirənin davam etdiyi vaxtda səslənən fikirlərə heç bir münasibət bildirməyən, ağzına su alıb oturan bəzi şəxslərin içəridən əməkdaşlarına yanlış anlaşılmış, kontekstdən çıxarılmış, təhrif edilmiş “məlumat” ötürmələrini, ən azı etik saymıram.

Təəssüf ki, “Media haqqında” Qanun və digər qanunlar hüquqi-normativ akt olduqlarından insanları, o cümlədən insanlara obyektiv informasiya çatdırmaq kimi böyük bir məsuliyyətin yükünü daşımaqda görəvli olanları “birüzlü” edə bilmir.

İndi keçək mətləbə...

Yanlış anlaşılma 1:

“Media haqqında” Qanun layihəsində jurnalistlərin attestasiyadan keçirilməsi ilə bağlı heç bir tələb yoxdur. Belə bir fikir millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev tərəfindən səsləndirilib. Bu fikir kimlərinsə xoşuna gəlməyə, yaxud kimlərisə narahat edə bilər. Anlaşılandır... Amma Qüdrət Həsənquliyev kimlərinsə məqsədyönlü şəkildə “linç” predmeti etməyə çalışdığı sözügedən yanaşmasından başqa, qanun layihəsinin təkmilləşdirilməsinə xidmət edən fikirlər də səsləndirmişdi. Onları niyə qanun layihəsini gözdən salmaq üçün marığda saxladığınız əməkdaşlarınıza ötürmədiniz?

Digər tərəfdən, əgər jurnalistlərin testdən, yaxud attestasiyadan keçmələri haqqında fikir sizdə bu qədər narahatlıq doğurursa, bu haldahansıs səbəblərdən müəllimlərin, həkimlərin, dövlət qulluqçularının, vəkillərin, hakimlərin və sadalamaq istəmədiyim digər peşə sahiblərinin attestasiyadan keçmələrinə münasibətdə eyni yanaşmanı sərgiləmirsiniz?

Jurnalistin başqa peşə sahiblərindən nəyi artıqdır? Mən jurnalist həmrəyliyinin tərəfdarı olan bir media mənsubiyam, amma jurnalist eqoizminin yox! Məhz bu eqoizm bizə həmrəy olmağa və digər peşə sahibləri ilə etimadlı münasibətlər qurmağa mane olur.
Bir daha xatırladıram: “Media haqqında” Qanun layihəsində jurnalistlərin attestasiyadan keçmələri ilə bağlı heç bir tələb yoxdur. Əgər olsaydı da belə, hesab edirəm ki, peşəkarlar, öz istedadına, intellektinə güvənənlər bundan narahat olmayacaqdılar.

Yanlış anlaşılma 2:

“Media haqqında” Qanun layihəsi sosial şəbəkələr və digər internet resursları üzərindən yayımlanan “internet televiziyaları”nın fəaliyyətinə heç bir məhdudiyyət qoymur və belə subyektlərin lisenziyalaşdırılmasını tələb etmir. Onlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirə bilərlər.

Qanun layihəsində audiovizual media subyektlərinin siyahısı yer alıb. Bunlar aşağıdakılardır:

- yerüstü yayımçı:
- ümumölkə yerüstü televiziya yayımçısı;
- regional yerüstü televiziya yayımçısı;
- ümumölkə yerüstü radio yayımçısı;
- regional yerüstü radio yayımçısı;
- platforma yayımçısı:
- peyk yayımı həyata keçirən platforma yayımçısı;
- peyk yayımı həyata keçirməyən platforma yayımçısı;
- platforma operatoru:
- sadə platforma operatoru;
- universal platforma operatoru;
- multipleks operatoru;
- infrastruktur operatoru;
- sifarişli yayım xidməti provayderi.

Sosial şəbəkələr üzərindən yayım həyata keçirən “internet televiziyaları”ndan hansısa biri yuxarıda təqdim etdiyim siyahıda yer alan statusda və bu statusun çətiri altına daxil olan, qanun layihəsində müvafiq ardıcıllıqla izahı verilmiş istiqamətlərdə fəaliyyət göstərmək istəmirsə, o zaman onların lisenziya almalarına da ehtiyac yoxdur.

Yanlış anlaşılma 3:

Media subyektlərinin, yaxud ayrı-ayrı sayt və portalların Media Reyestrinə daxil olmaları məcburi deyil. Hansısa media subyekti Media Reyestrinə daxil olmaq üçün qanun layihəsində yer alan şərtlərə cavab verə bilmirsə, yaxud bunu istəmirsə, o zaman fəaliyyətini əvvəlki qaydada davam etdirə bilər.

Bu, jurnalistlərə də aiddir. Belə olduğu təqdirdə sözügedən media subyektlərinin əməkdaşları vahid jurnalist vəsiqəsi ala və aşağıdakı imytiyazlardan istifadə edə bilməyəcəklər:

- jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
- dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;
- əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara qanunun müvafiq maddəsinə uyğun akkreditasiya olunduğu halda daxil olmaq;
- qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
Güzəşt və imtiyazlar isə aşağıdakılardır:
- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Əgər kimlərsə bu güzəşt və imtiyazlardan yararlanmaq istəmirlərsə, o zaman heç kim bunu onlardan tələb etməyəcək. Belə media subyektləri öz əməkdaşlarına öz vəsiqələrini verə və fəaliyyətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə davam edə bilərlər.

Bütün bunlarla yanaşı, vacib hesab etdiyim bir məqama da diqqət çəkmək istəyirəm:

“Media haqqında” Qanun layihəsi ölkədə bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir. Qanun hüquqi çərçivədir, fəaliyyət üçün hüquqi platformadır, cəza mexanizmi deyil. İnzibati xətalara və cinayət əməllərinə görə ölkəmizdə digər qanunvericilik aktları var. Yaxşı olar ki, bir fincan suda fırtına qoparmağa çalışanlar inzibati xətalar və cinayət məcəlləsinin müvafiq müddəalarına nəzər salsınlar. “Media haqqında” Qanun layihəsini sözügedən hüquqi-normativ aktlarla səhv salmasınlar.

Digər tərəfdən, Azərbaycanda nə qədər media subyekti və təmsilçisi varsa, bir o qədər də baxış bucağı var. Qanunlar arzu və istəklərin toplusu deyil. Əgər belə olsaydı, bütün bəşəriyyət xaosa sürüklənər, özbaşınalığın, dərəbəyliyin pəncəsində məhv olardı.
Qanun layihəsi çox yaxşı hazırlanıb. Onun mükəmməlliyi isə bizim fəaliyyətimizdən, məsuliyyətimizdən, obyektiv və vicdanlı olmağımızdan asılıdır.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist