Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrini cəmi 44 günə reallaşdırdı

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrini cəmi 44 günə reallaşdırdıBayramova Tərlan Rüstəm qızı
51 №-li tam orta məktəbin direktoru,
Əməkdar müəllim,


Azərbaycan ötən il sentyabrın 27-də Ermənistan Ordusunun başladığı hücuma əks-həmlə əməliyyatları ilə cavab verdi. Vətən müharibəsinin 44 günü ərzində Silahlı Qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, keçən il noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

Xatırladaq ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüş, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalmışdır. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.

Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcərin infrastrukturu Ermənistan tərəfindən vandalcasına dağıdılmış və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilmişdir.

Artıq Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırmışdır. Eyni zamanda dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşdur. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olmuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilmişdir. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyulmuşdur.

Bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır.

Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.