Tovuz Peşə Liseyində “Zəfər Günü” qeyd olunub

Tovuz Peşə Liseyində “Zəfər Günü” qeyd olunubTovuz Peşə Liseyində 2020-ci ilin sentyabr ayının 27-də düşmən təxribatlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə başladılan əks hücum əməliyyatının zəfərlə başa çatmasının 1 ili, “Zəfər Günü” təntənə ilə qeyd olunub.

İlk olaraq Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğurunda canından keçən dəyərli vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bir sıra idarə və təşkilatıların rəhbərləri, Şəhid ailələrinin nümayəndələri, liseyin müəllim və tələbələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Tovuz Peşə Liseyinin direktoru Abbas Məmmədov 44 gün çəkən Vətən Müharibəsinin tarixi önəmindən söz açıb. O bildirib ki, 30 illik düşmən işğalında qalan torpaqlarımızın cəmi 44 günə azad edilməsi xalq, dövlət və ordu birliyinin təntənəsi idi: “Möhətərəm Ali baş komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qurduğu güclü ordu “Dəmir Yumruq Əməliyyatı”nın başlanması ilə 30 illik həsrətimizə son qoydu. Azərbaycan bütün dünyaya göstərdi ki, öz torpaqlarını işğaldan azad etmək, qorumaq iqtidarındadır. Artıq heç kimə sirr deyil ki, dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində işğaldan cəmi 1 il öncə azad edilən torpaqlarda böyük tikinti və quruculuq işləri aparılır, yaxın gələcəkdə orada yaşayacaq həmyerlilərimizin rahat yaşayışını təmin etmək üçün bütün mümkün infrastruktur layihələr uğurla icra edilir.

Biz hər birimiz torpaqlarımızın azadlığı uğurunda canından keçən bütün Şəhidlərimizin əziz xatirəsini daim ürəyimizdə yaşadacağıq”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi polkovnik leytenant Ceyhun Əliyev də Tovuz rayon sakinlərinin Vətən Müharibəsi və ondan əvvəlki dövrlərdə göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki sücaətlərindən söhbət açıb. Natiq çıxışında vurğulayıb ki, 44 günlük müharibənin başlanğıcında orduya könüllü yazılanların sayı-hesabı bilinmirdi. O tələbələrin bu cür vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə fəal iştirakını təqdir edib.

Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov da Tovuz Peşə Liseyində vətənpərvərlik mövzusunda müntəzəm təşkil edilən tədbirlərin əhəmiyyətindən söz açıb. O bildirib ki, məhz bu cür tədbirlərin, görüşlərin sayəsində gənclər dövlət, xalq, millət anlayışlarını daha yaxşı öyrənib, vətəni qorumağın nə demək olduğunu bilib və torpaqlarımızın azadlığı uğurunda başlanan döyüşlərdə qəhrəmanlıqla döyüşərək böyük qələbə əldə ediblər.

Tədbirdə çıxış edən Qazilər keçdikləri döyüş yolundan danışıb, qəhrəman əsgər və zabitlərin göstərdikləri sücaətlərə diqqət çəkiblər.

Daha sonra tədbirin təşkilatçılarından biri, ehtiyatda olan kapitan, Tovuz Peşə Liseyinin Hərbi rəhbəri Nizami Cəfərov tələbələrdə vətənpərvərlik ruhunun yüksəldilməsi işində göstərdiyi xidmətlərə görə və “Zəfər Günü” münasibətilə Liseyin direktoru Abbas Məmmədov tərəfindən Fəxri Fərmanla təltif edilib.
Tədbir tələbələrin hazırladığı “Zəfər Günü”nün ruhuna uyğun bir-birindən maraqlı çıxışlarla davam edib