“Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?”

“Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?”İkinci Qarabağ müharibəsi başlamazdan öncə hər zaman belə fikirlərin qulaq şahidi olardıq: “Azərbaycanda elə oğullar var ki, torpaqlarımızın işğaldan azad olunması əmrini gözləyirlər. Onlar 30 ilə yaxındır erməni işğalçıları tərəfindən yağmalanmış torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşaraq bu xalqın illərdir həsrətində olduğu qələbəni qazanmağı və bu yolda canlarından keçməyi, şəhidlik zirvəsinə yüksəlməyi özlərinə şərəf bilirlər”. Bəli, bunlar gəlişi gözəl fikirlər deyilmiş. Və xalqımız, eyni zamanda, bütün dünya 44 günlük Vətən Müharibəsində Azərbaycan oğullarının hər birinin yazdığı qəhrəmanlıq dastanlarının şahidi oldu. Bu dastanlardan birinin də müəllifi Vüsal Tahir oğlu Allahverdiyevdir...

Cənnətin tam özü olan Qubadlı

...Vüsalın ata babası əslən Qubadlının Seytas kəndindən, nənəsi isə Xocamsahlıdan idi. Ancaq Qubadlıda yaşayırdılar. Baba evləri Qara İlyasov adına 1 saylı orta məktəbdən bir qədər aralı, “Təzə bazar” deyilən yerə yaxın, Bərgüşad çayının həndəvərində yerləşirdi. Vüsal təbiəti əvəzedilməz və cənnətin tam özü olan Qubadlıda 1988-ci il avqustun 16-da dünyaya gəlib. Atası Tahir bəy və əmisi Mahir bəy, eləcə də, dayısı Akif Alıyev Birinci Qarabağ Müharibəsində könüllü olaraq Vətənin müdafiəsinə qalxıblar. Qubadlıda, Laçında döyüşüblər. Hər üçü Qarabağ Müharibəsi əlilidirlər. Mahir bəy, eyni zamanda, ehtiyatda olan zabitdir. 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda Vüsalın 5 yaşı vardı. Və 5 yaşlı Vüsalın yaddaşına həmin illərin acı xatirələri necə həkk olunmuşdusa, 27 il evdə də, dostlarla söhbətdə də o xatirələrdən söz açar, “torpağı işğalda olan bir xalqın alnındakı qara ləkəni nə vaxt siləcəyik?”, sualını dönə-dönə təkrarlayardı...
...Qubadlıdan olan məcburi köçkünlərin demək olar ki, əksəriyyəti Sumqayıt şəhərində məskunlaşdılar. Allahverdiyevlər ailəsi də Sumqayıta yaxın Sarıqaya deyilən ərazidə yerləşdilər. Bütün qubadlılar kimi onlar da məcburi köçkün adının üzərlərindən götürülməsi, doğma yurdlarına nə vaxt qayıdacaqları günün həsrəti ilə yaşadılar. Düz 27 il. Bu 27 ildə Tahir bəy və Hicran xanım övladları Günay və Vüsalı böyüdüb boya-başa çatdırdılar. Hər ikisi ali təhsil aldılar. Əsl vətəndaş kimi böyüdülər.

“Soyadımızı daşıyan oğul kimi oğul idi”

Əmisi Mahir bəy: “Biz ailədə iki qardaş olmuşuq. Qardaşım Tahirin bir oğlu, bir qızı vardı. Mənim isə 3 qızım var. Vüsal hər ikimizin oğluydu. Soyadımızı daşıyan oğul kimi oğul idi. Hələ orta məktəbdə oxuyanda hər hansı tədbirdə şeir yarışı keçirilərdisə, Vüsal yalnız Vətəndən, Şəhidlərdən, Türkçülükdən şeir deyərdi. Bu adam təpədən dırnağa türkçüydü (söhbətin bu yerində Mahir bəy ayağa qalxdı və Vüsalın oxuduğu kitabları gətirdi - A.Ş.). Baxın, Vüsal bunları oxuyardı. Türkiyədən sifariş verdiyi kitabların dördü şəhid olandan sonra göndərilib”...
...Kitablara baxıram. Hüseyn Nihal Atsızın “Turancılıq, milli degerler ve genclik”, “Türk tarihinde meseleler”, “Türk ülküsü”, “Türk tarixi üzerinde toplamalar”, “Bozkurtlar”, “Yolların sonu”,”Ruh adam”...

...Mahir bəy davam edir: “Ali məktəbi qurtarıb 2010-2011-ci illərdə Gəncədə hərbi xidmət keçdi. Hərbidən qayıdandan sonra elə hey deyərdi: “Gücümüz var, qeyrətli oğullarımız var. Niyə düşmənin başını əzib torpaqlarımızı azad etmirik?” El arasında deyirlər ki, “filankəsin oğlu dəliqanlıdı”. Bu deyim Vüsala da aid idi. Ailəsinin, elinin, obasının, dövlətinin təəssübünü çəkən oğul olub. Sonuncu iş yerinə (Kapital Bankda, filialların birində müdir vəzifəsində çalışıb-A.Ş.) kimi bir neçə bankda işləyib. Kiminsə tapşırığı ilə deyil, özünün bacarığı ilə işə qəbul olunub.
2020-ci il iyulun 14-də Tovuz stiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimov şəhidlik zirvəsinə ucaldı. Həmin gün Vüsal özünə yer tapmırdı. Valideynlərindən xəbərsiz gedib ordu sıralarına könüllü yazıldı. Nəhayət, sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması, Qarabağımızın işğalçılarımızdan təmizlənməsi əmrini verdi. Həmin gün Vüsal üçün toy-bayram idi. İyulda orduya könüllü yazılmağına baxmayaraq, yenə də hərbi komissarlığa dönə-dönə müraciət elədi”.

Vüsalın səsli mesajlarını dinləyirəm, onlayın förmada hərbi komisarlığa ünvanladığı müraciətini oxuyuram: “Könüllü olaraq yazılmışam. Artıq arzuma çatıram yavaş-yavaş”, “Samir, qismən səfərbərlik nədir e, mənə çatmır. Evdəyəm, geyinib çıxıram. Ürəyim dözmür. Səhərə kimi yata bilməmişəm. Durub xəritəyə baxıram, sosial şəbəkələrdə baş verənləri izləyirəm. Gəlim səni götürüm, gedək Şəhidlər Xiyabanına. Deyirlər iki şəhidimiz var”, “Mən Allahverdiyev Vüsal Tahir oğlu könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə əsgər qardaşlarımla çiyin-çiyinə döyüşmək istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm müraciətimi qəbul edəsiniz. Əvvəlcədən təşəkkür edirəm. Hərbi vəzifəm baş radio-telefonçu”.
Vüsalın facebookda paylaşdıqlarına diqqət yetirirəm: “Ey Türk övladları! Sənin üçün və yurdun üçün can verən ulu şəhidlərini unutma”, “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil, onlara Vətəni tanıdın, özləri sevəcəklər”,”Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?”


“Şəhid olmaq üçün tələsirdi...”


İçin-için ağlayan anası Hicran xanım söhbətə qoşulur: “Atası da, mən də, əmisi də dedik ki, torpaqlarımızın azad olunması əmri verilibsə, onsuz da sən yaşda olan hər kəsi döyüşə çağıracaqlar. Gedib könüllü yazılma, iki ailənin tək oğul övladısan. Gözümüzü sənə dikmişik. Kimə deyirdin? Əmisi Mahir müharibə başlayanda könüllü olaraq getdi ki, “Qarabağ əlili olsam da, heç olmasa şəhid olanları, yaralıları döyüş bölgəsindən çıxarmağa kömək edərəm”. Bunu eşidəndə Vüsal dedi: “Halal olsun əmimə. Mənə deyirdi gözlə, ancaq özü məndən əvvəl gedib”. Sonra deyirdik ki, işin-gücün var, vəzifən var. Sanki bu sözümüzü gözləyirmiş. Gedib ərizə verdi ki, döyüşə gedirəm məni işdən azad edin. Sonra gəlib bizə elan elədi: “Demirdiniz ki, işin-gücün, vəzifən var. Baxın, artıq nə işim, nə də vəzifəm var. Boş-bekar adamam və Vətən məni çağırır”. Bir də deyərdi: “Mən döyüşə getməyim, Qubadlı da işğaldan azad olunsun. Sizcə bunu necə qəbul edərəm? Sonra o yerlərə ayaq basanda vicdanım qarşısında necə cavab verərəm ki, bu yerlər qeyrətli oğulların hesabına azad edilib, ancaq mən rahat-rahat gəzirəm”. Şəhid olmaq üçün tələsirdi...

Döyüşə gedən gün çiyinlərimdən tutdu, alnımdan öpdü: “Başını dik tut, bax evimizin eyvanından asdığım bayraqlarımız kimi. Mənə dua eylə. Oğlun Vətənin azad olunması üçün gedir”. Vüsal şəhid olan günə kimi mən də baş verənləri toy-bayram olaraq qəbul edirdim. Oğlumun könüllü olaraq getməməsi üçün bəhanələr axtarsam da, əslində torpaqlarımız azad olunurdu deyə, sevinirdim. Özümə bunu aşılamışdım ki, Vüsal qalib ordunun, qalib əsgəri kimi qayıdacaq”...

...Vüsal döyüşdə olan zaman dostlarından biri zəng vurur və bildirir ki, Stansiya Sumqayıtda şəhidlərimizin adını əbədiləşdirmək üçün bulaq inşa ediblər. Vüsal bu xəbərə çox sevinir: “Hər birinizə təşəkkür edirəm ki, şəhidlərimizi unutmursunuz. İnşallah, mən də qayıdım məhəlləmizdə bir bulaq inşa edəcəm”. Vüsalın arzusunu ailəsi gerçəkləşdirib. Yaşadiqlari binanın baş tərəfində şəhidin - Vüsalın barelyefi vurulub.
Anası davam edir: “Vüsal dostlarıyla Bakıya gəzməyə gedəndə birinci olaraq Şəhidlər Xiyabanını, Mübariz İbrahimovun, ötən ilin iyul ayından sonra da Polad Həşimovun məzarını ziyarət edərdi. Dostlarına da deyərmiş: “Burada uyuyanlar hər zaman yaşayacaqlar. Bu cür yaşamaq qismətimiz olsun”. Allahdan nə arzuladısa qisməti oldu”.

Vüsalın Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşduğuna diqqət çəkən əmisi Mahir bəy deyir: “Demək olar hər gün Vüsalla danışardım. Ancaq Cəbrayıl uğrunda gedən döyüşlər zamanı dörd gün Vüsaldan xəbər ala bilmədik. Beşinci günü zəng vurdu, məlum oldu ki, mühasirəyə düşüblər. Sonra düşmən mühasirəsin yarıb çıxıblar. Döyüş yoldaşları danışırlar ki, Cəbrayıl düşməndən azad ediləndən sonra qalan ərzaq məhsullarını bölüşdürüb yeyiblər. Vüsala da təklif edəndə deyib: “Mən yuyunub, qüsul alıb gəlmişəm ki, şəhidlik zirvəsinə pak olaraq çatım”.

Vüsalın son döyüşləri həmlə bölüyü ilə birgə olub. Həmin bölüyə 22 nəfər könüllü yazılıb. Onların hər biri, Vüsal da bilirmiş ki, bu bölükdə düşmənlə vuruşa girmək 99 faiz ölüm deməkdi. Ancaq yenə də həmin bölükdə vuruşublar. Xocavənd uğrunda döyüşlər zamanı mənə zəng vurdu və dedi ki, axşamkı döyüşləri çox ağır keçib: “Bütün yüksəklikləri götürmüşük. Xocavənd artıq ayağımızın altındadır. İnşallah oranı da azad edəcəyik. Mən qəhrəman olacam, mənimlə fəxr edəcəksiniz. Əgər bir işin sonu şəhidlikdirsə, qürur duymaq lazımdır”. Məni də, valideynlərini də şəhidliyinə hazırlayırdı”.

Anası Hicran xanım:”Qubadlının azad olunduğu günü mən dedim Vüsala. Sevinərək bildirdi: “Qürurlu xalqın oğulları kimi o yerlərdə gəzə biləcəyik”. Görmədi balam o yerləri”. Mahir bəy bu yerdə müdaxilə edir: “Xocavənd uğrunda gedən döyüşlərdə özünü mərminin üzərinə atıb 34 nəfəri ölümdən qurtarıb. Özü isə şəhid olub. Xəbəri eşidəndə Qubadlıdaydım. Özümü Füzuliyə çatdırıb şəhid balamın nəşini qucaqladım. Üzündə sanki bir rahatlıq vardı-arzusuna çatmışdı, şəhid olmuşdu”.

“Balam arzuladığı zirvəyə çatdı”

“Oktayabrın 30-da günortadan sonra yoldaşıma zəng vurublar ki, Vüsal şəhid olub. İnsafsızlar, heç olmasa bu xəbəri atanı hazırlayaraq da verməyiblər. Balam arzuladığı zirvəyə çatdı. Ancaq bizi gözü yaşlı qoydu. Özümə nə qədər toxtaxlıq versəm də, bacarmıram. Hara baxıram Vüsalı görürəm, səsi qulağıma gəlir. Elə bilirəm qapı açılacaq və həyat eşqilə dolu üzünü görəcəm, onun üçün süfrə açacam...” deyən, Hicran xanım sanki oğlunun xəbərini yenidən alıbmış kimi ağlayır...

...Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vüsal Tahir oğlu Allahverdiyev “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub...

...Anası məni Vüsalın otağına dəvət edir. Hər tərəf şəkillərlə bəzədilib. Uşaqlıq və gənclik illərinin şəkilləri, qol saatları, yarımçıq qalmış ətirlər, qurumuş gül dəstələri və sevdiyi kitablar... Bunların hər birində Vüsalın izi görünür...

...Oktyabrın 25-də Qubadlının erməni işğalçılarından azad olunmasının 1 ili tamam oldu. Şəhidim, həsrətində olduğun Qubadlın artıq azaddır və orada quruculuq işlərinə start verilib. Yollar çəkilir, müasir kəndlər, qəsəbələr salınır. Bir sözlə, Qubadli yenidən qurulur. Sənin kimi şəhidlərin və qazilərin, Vətənin hər qarış torpağını almaq üçün tökdüyünüz qanlar, hesabına. Allahdan sizlərə rəhmət, qazi silahdaşlarınıza şəfa diləyirik!

Arzu Şirinova