Sadiq Qurbanov şəhidlərin anım mərasimlərinə qatılıb - Fotolar

Sadiq Qurbanov şəhidlərin anım mərasimlərinə qatılıb - FotolarMilli Məclisin deputatı Sadiq Qurbanov Şabran rayonundan pərvazlanıb Vətənin müdafiəsinə yollanmış şəhid Nurlan Niyazi oğlu Nurməmmədovun anım mərasimində iştirak edib.

Mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin əzizləri, rayondakı şəhid anaları iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, ötən payız haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqı məhz Nurlan Nurməmmədov kimi igid oğulların sayəsində öz torpaqlarını 30 illik işğaldan azad etdi, düşmən üzərində Zəfər çaldı. Şəhidi tanıyanlar onun ordu sıralarındakı xidmətlərindən, Vətən müharibəsindəki hünərindən, Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdəki cəsurluğundan söhbət açıblar. Bildirilib ki, şəhid Nurlan Nurməmmədov ölkəmizin ərazi bütövlüyünün bərpası, yağı düşmənin torpaqlarımızdan qovulub çıxarılması yolunda Vətən və xalq qarşısında övladlıq borcunu vicdanla yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Anım mərasimində şəhidin doğmalarına dərin ehtiram bildirilib.

***

Milli Məclisin deputatı Sadiq Qurbanov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhid Sadiq Mübariz oğlu Məmmədovun anım mərasimində iştirak edib.

Çıxışlarda Sadiq Məmmədovun 44 günlük Vətən müharibəsindəki şücaətindən, döyüş əməliyyatlarındakı dəqiqliyindən və qorxmazlığından, torpaqlarımızı düşmən caynağından qurtarmaq əzmindən bəhs olunub.

Şəhidin əzizləri onun həyat yolundan, insani keyfiyyətlərindən, vətənpərvərliyindən danışıblar. Qeyd olunub ki, döyüş zamanı top komandiri vəzifəsini icra edən Sadiq Məmmədov düşmənin 4 mövqeyini, rabitə maşınını, rabitə qülləsini məhv edib. Müharibədə igidlik göstərərək xeyli sayda əsgərimizin həyatını xilas edib, düşmənin canlı qüvvəsini məhv edib. Vətən müharibəsində göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Şəhid Sadiq Məmmədov ölümündən sonra “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Deputat Sadiq Qurbanov şəhidlərin ailələrinə dərin minnətdarlıq bildirib, onların qayğıları ilə maraqlanıb.