Hindistan Səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil etdi

Hindistan Səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil etdiSəfirlik, Hindistanın müstəqilliyinin 75-ci il dönümü ilə bağlı keçirilən tədbirlərin bir hissəsi olaraq, Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) ilə birgə 13 oktyabr 2021-ci il tarixdə “Əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığı” mövzusunda hibrid rejimdə İkitərəfli görüş – Vebinar təşkil etdi. Tədbirdə 130-dan çox iştirakçı, o cümlədən Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının, Pharmexcil, Hindistan Səfirliyinin və Hindistan və Azərbaycanın aparıcı əczaçılıq şirkətlərinin nümayəndələri iştirak etdi.
Hindistanın Azərbaycandakı Səfiri cənab B. Vanlalvavna açılış nitqi ilə çıxış edərək Hindistanın əczaçılıq sənayesinin qlobal əczaçılıq sektorunda hakim mövqedə olduğunu bildirdi.

İştirakçılara yeni əməkdaşlıq imkanları barədə məlumat verən Səfir, Hindistanda hər gün 8 milyon RT-PCR testinin istehsal olunduğunu qeyd etdi. O əlavə etdi ki, 200-ə yaxın Hindistanın əczaçılıq məhsulu Azərbaycanda artıq qeydiyyatdan keçmişdir. Səfir, Hindistanın sağlam iqtisadi artım nümayiş etdirdiyini və Beynəlxalq Valyuta Fondunun bu maliyyə ilində Hindistan iqtisadiyyatı üçün 9,5% artım olacağını proqnozlaşdırdığını bildirdi. Onun sözlərinə görə, bu iqtisadi artımın səbəbi Hindistan iqtisadiyyatında aparılan son islahatlar, o cümlədən yeni vergi qanunlarının təqdim olunması, İstehsal ilə əlaqəli Təşviq Proqramları, İnkişaf üzrə Maliyyə İnstitutunun qurulması, əmək qanunlarının qəbul olunması, aktivlərin monetizasiyası proqramının işə salınması, telekommunikasiya sektorunda investisiya siyasətinin liberallaşdırılması və s. ola bilər.

Tədbirdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitika Ekspertiza Mərkəzinin Qeydiyyat və Ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov Azərbaycanda dərman qeydiyyatı prosesi barədə təqdimatla çıxış etdi. Azərbaycan Respublikası Tarif Şurasının Baş Məsləhətçisi Vüsal Dəmirov Azərbaycanda dərman qiymətlərinin tənzimlənməsi barədə danışdı.

Daha sonra, Azərbaycan Respublikasl İcbari Tibbi Siğorta Agentliyinin Satınalma və təchizat şöbəsinin müdiri Rəşidə Abdullayeva Azərbaycanda əczaçılıq məhsullarının dövlət satınalması prosesi barədə məlumat verdi.

Pharmexcil-in Tənzimləmə Məsələləri üzrə Direktoru Lakşmi Prasanna “Hindistan Əczaçılıq Sənayesi və onun dünyaya töhvəsi” mövzusunda təqdimatı zamanı Hindistan əczaçılıq formulalarının ixracının həcminə görə 3-cü, dəyərinə görə 10-cu yer tutduğunu və dünyanın aparıcı 20 qlobal generik dərman istehsalı şirkətinin 8-inin Hindistan şirkəti olduğunu bildirdi. Eyni zamanda, o Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin kvalifikasiya olunmuş Aktiv əczaçılıq maddələrinin (API) 90%-nı Hindistanın təmin etdiyini nəzərə çatdırdı.
Tədbir zamanı, Makromedicine konsaltinq şirkətinin nümayəndəsi Ülviyyə Əzməmmədova Azərbaycanda dərman sənayesi sahəsində bazar imkanları barədə danışdı. Avromed şirkətinin İdxal üzrə Meneceri Orxan Quliyev, Avromed şirkəti və Hindistanın dərman şirkətləri ilə əməkdaşlıq imkanları barədə təqdimat etdi.
Hər iki tərəfin iştirakçıları faydalı müzakirələr apararaq, gələcək əməkdaşlıq imkanlarını müzakirə etdilər.
2020 -ci ilin aprel ayından 2021 -ci ilin mart ayınadək Hindistanın dərman məhsullarının qlobal ixracı 24,5 milyard ABŞ dolları təşkil etmişdir. Hindistan 'Dünya Əczaçılığı' olaraq, 200 -dən çox ölkəni generik dərmanlarla təmin edir, həmçinin ÜST -ün peyvənd tələbatının 70% -i Hindistandan alınır. Hindistan öz əhalisinə artıq 960 milyondan çox COVID-19 peyvəndi vurmuş və 90-dan çox ölkəni 66 milyon doza COVID vaksini ilə təmin etmişdir.

2021-ci ilin yanvar-iyul ayları ərzində Hindistan Azərbaycana keçən ilin eyni dövrü ilə müqayisədə 96% -dən çox artımla 15,8 milyon ABŞ dolları dəyərində dərman məhsulları ixrac edib. Bu dövrdə Hindistanın Azərbaycan bazarındakı payı 5,3% -ə qədər yüksəldi.