22 yaşlı şəhid - Səbuhi Əsədov

22 yaşlı şəhid - Səbuhi Əsədov27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixi üçün böyük günün başlanğıcıdır. Ali Baş Komandanın əmri ilə həyata keçirilən əks-hücum əməliyyatının başladığı gün. Bəlkə də heç kimin ağlına gəlməzdi ki, 2021-ci ilə gözəl Qarabağımızla girəcəyik. Lakin Ali Baş Komandanın və ordumuzun şücaəti ilə biz mümkünsüzü bacardıq. Bu döyüşdə biz 3000-ə yaxın Şəhid verdik. Neçə-neçə analar övladsız, neçə-neçə uşaqlar atasız,neçə yarlar öz yarını itirdi. Ancaq hər kəsin dilində “Vətən sağ olsun!” ifadəsi var idi.

Artıq bu əks-hücum əməliyyatının üzərindən 1 il keçir. Biz 1 ildir ki, Xudayarın “Vətən yaxşıdır” zümzüməsinə həbs olmuşuq. 1 ildir ki, əsgərlərimizin döyüşdə göstərdiyi qəhrəmanlığı heyrətlə təkrar-təkrar izləyirik və qürur hissi ilə danışırıq.

Qürur hissi ilə adından bəhs etdiyimiz qəhrəmanlardan biri də Cəbrayılın fəxri olan Əsədov Səbuhi Azər oğludur.

Əsədov Səbuhi Azər oğlu 1999-cu il yanvar ayının 19 un da Bakı şəhəri Suraxanı rayonunda dünyaya göz açıb. Əsədovlar ailəsinin son beşiyi, üç bacının bir qardaşı, nəsilin sevimlisi olub. Səbuhi 2005-ci ildə 85 nömrəli məktəbin birinci sinifinə daxil olub. Məktəb illərində Yunan-Roma güləşi ilə məşğul olub. Məşğul olduğu bu idman növü üzrə çoxlu sayda diplomları, Fəxri fərmanları, birincilikləri vardır. Məktəb illərində məktəbdə keçirilən bütün hərbi tədbirlərdə canla başla iştirak etmişdir.

Hətta tədbirlərin birində sinif rəhbərinə "vaxt gələcək Qarabağı özüm alacam demişdir". Səbuhidə olan vətən eşqi, vətən sevgisi məktəb illərindən bəlli idi. 2016-cı ildə 85 nömrəli məktəbi müəllimlərinin və məktəb yoldaşlarının sevgisini qazanaraq başa vurur. 2019 cu il iyul ayında çox böyük sevinc və qürur hissi ilə hərbiyə yollanır. Bu ərəfələrdə sosial şəbəkələrin birində "Kaş ki Qarabağın düz ortasına Azərbaycan bayrağın assam" yazmışdı. Hərbi xidmətdə öz istəyi və arzusu ilə kəşfiyyat bölüyünə könüllü olaraq yazılmışdır. And içmə mərasimində fəal iştirak etmiş,Fəxri fərmanla təltif olunmuşdur. Hərbi xidmətdə ikən əsgər yoldaşlarının, komandirlərinin sevgisini və hörmətini qazanmışdır. Səbuhi hərbi xidmətdə ikən 27 sentyabr 2-ci Qarabağ müharibəsi başlayır.

Səbuhi Mingəçevir də qulluq etməyinə baxmayaraq öz istəyi ilə könüllü olaraq Tərtərə yollanır. Tərtər, Talış kənd, Çaylı, Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edir. Tərtərdə ikən həm qohumu həmdə digər bölüyün komandiri ilə qarşılaşır. Ağır döyüşdən çıxdığını yoldaşlarının çoxunun şəhid olduğunu deyir lakin ondan xahiş edirki döyüşdə olduğunu ailə üzvlərindən heç kimə deməsin. 3 oktyabr da evə zəng edərək hər şeyin qaydasında olduğunu dönə-dönə döyüşdə olmadığını bildirir. 8 Oktyabr düşmənin Suqovuşana əks-hücumunun qarşısını alarkən dostu İdrisov Xəyal gözü önündə şəhid olur.
Səbuhinin ürəyi düşmənin yenidən bu əraziləri ələ keçirmək istəyinə dözməyir. Həm dostunun, həm də ata-baba yurdu Cəbrayılın qisasını almaq üçün özünün düşməndən qənimət olaraq götürdüyü qumbaraatanla düşməni susdurur. İlk cəhdində düşmən postunu yerlə yeksan edir. Lakin pusquda duran düşmən snayperi Səbuhini izləyirmiş. Onu sol gözündən nişan alaraq vurur. Səbuhi yerindəcə Şəhadətə yüksəlir.
Acı xəbər ailəsinə oktyabrın 10-u verilir.
Əsədov Səbuhi Azər oğlu 11 oktyabr Bülbülə şəhidlər xiyabanında dəfn olunur.

44 günlük müharibə sona çatdıqdan sonra Səbuhin döyüş komandiri Orxan Cəlilov Səbuhi haqqında bu fikirləri söyləmişdir:

“Mən 2019-cu ilin avqust ayında N nömrəli hərbi hissəyə gəlmişdim, bölüyü təzə tanıyırdım, Əsədov Səbuhi də həmin bölüyə kəşfiyyat bölümündən gəlmişdi. İlk tanışlığımız həmin vaxt olub. Səbuhi çox intizamlı, məsuliyyətli, hərbi tapşırıqları vaxtında və tez yerinə yetirən əsgər idi.

Fiziki hazırlığı ən yüksək səviyyədə idi. Səbuhi 4-5 döyüşdə iştirak etdi, Suqovuşan istiqamətində şəhid oldu. O, həmişə döyüşə can atırdı, ən qabaqda gedənlərdən biri idi.Döyüş zamanı bir neçə əsgərimiz şəhid olub düşmənin postuna yaxın ərazilərdə qalmışdı. Səbuhi mənimlə gederek şəhid qardaşların öz bölüyümüzə gətirməkdə mənə könüllü olaraq kömək etmişdir. Bizim bölükdə “kim daha çox erməni öldürəcək” yarışı gedirdi, Səbuhi də o yarışda olanların birincisi idi. Şəhid olana kimi öz qisasını dəfələrlə almışdı”.

“Səbuhi Suqovuşan istiqamətində snayperlə vuruldu. Sol gözündən vurulmuşdu. Döyüşün ortasında idik, düşmən postuna girməyimizə az qalmışdı. Ermənilərin səngərinə çatmağımıza haradasa, 15-20 metr qalmışdı, amma düşmən snayperlərlə bizi atəşə tuturdu. Həmin vaxt bizim tabordan başqa şəhidlər də oldu. Döyüş vaxtı qumbaraatanla düşmənin bizi atəşə tutduğu snapyerlər tərəfə atəş açılmalı idi ki, toz-duman yaransın və biz həmin postu alaq. Bu işi Səbuhi öz öhdəsinə götürdü.

Bu təhlükəli əməliyyat idi, Səbuhi isə dedi ki, bunu mən edəcəyəm. Qumbaraatanla qalxıb, dizi üstə gedərək əməliyyatı icra etmək özü-özünü ölümə atmaq deməkdir. Lakin o könüllü qalxaraq düşmən snayperlərinə tərəf qumbaranı atdı. İkincini atmaq istəyəndə bacarmadı, çünki düşmən snayperi onu gözündə vurdu, yerindəcə şəhid oldu. O bilirdi ki, şəhid olacaq, bunu bilə-bilə qorxmadan bu addımı atdı. O şəhid olandan sonra digər qumbaraatanı əsgər Əliyev Mahmud götürüb atışı davam etdirdi”.

Şəhid Səbuhi Əsədov göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" , "Suqovuşanın azad edilməsinə görə"və "Cəsur döyüşçü " medalları ilə (ölümündən sonra) təltif edilib.
Məkanın cənnət olsun.

Hüseynzadə Fidan
Müvəkkil Hüquq Mərkəzinin Qadın və Uşaq Hüquqları Departamentinin əməkdaşı