Sizin Reklam Burada

Milli ideologiyamız –Azərbaycançılıq

Milli ideologiyamız –AzərbaycançılıqKönül Şəkiyeva

Türk əsilli Azərbaycan xalqının milli ideologiyası olan azərbaycançılıq Azərbaycan xalqının dərin və mükəmməl etnoqrafiq əsasları olan, XIX əsrin əvvəllərində formalaşmış, kifayət qədər mürəkkəb, ziddiyyətli bir təkamül tarixi olan türkçülük, müsəlmançılıq və müasirlik kimi üç üzvi tərkib hissəsinə malikdir.

Azərbaycançılıq ideologiyası əvvəlcə mifologiya, sonra isə din, daha doğrusu əski inanclardan qaynaqlanır. Azərbaycançılıq ideologiyasının ilkin mərhələsi olan miflər azərbaycanşünaslığın tərkib hissəsi, azərbaycanşünaslıq isə öz növbəsində türkçülüyün konkret tarixi-coğrafi məkanda formalaşan aparıcı istiqamətidir.

Azərbaycançılıq ideologiyasının türk mifik təfəkkürü ilə vəhdət məqamı “azad ruh” hissidir. Azad ruh türk qövmünün genetik enerji mənbəyi, dünyaya çıxış nöqtəsidir. Mifik təfəkkür və inanclarımızda kodlaşan azad ruh sonrakı ictimai-tarixi dövrlərdə də silinməz iz qoyması səbəbindən azərbaycançılığın təşəkkülünü coğrafi məkan kimi yalnız bu ölkənin ərazisi ilə məhdudlaşdırmaq doğru olmaz. Azərbaycançılıq şərq dünyası, qədim türk təfəkkürü, fars dilli mədəni-tarixi ərazi və ümummüsəlman elmi-nəzəri konteksti ilə bağlıdır. Müasir anlamda sərhədlərin olmadığı zamanlarda olan köçlər, müharibələr, yürüşlər və ticarət ilişkiləri nəticəsində tayfalar və xalqlar bir-biri ilə qaynayıb qarışırdılar.

Azərbaycançılıq mili düçüncəsinin və vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının –maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədər olan bütün ideallarının olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir.

Azərbaycançılıq istiqlalçılıq deməkdir. Azərbaycançılıq böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üçün başlanmış şanlı bir mübarizədir.

Hazırda Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifə xalqın düşüncəsini, fikrini düzgün, tarixən doğru istiqamətə yönəltməkdir. Bunun üçün tarixən əsaslandırılmış, ciddi elmi-nəzəri sistemə malik, eyni zamanda xalqın taleyi ilə qovuşuqda sınaqdan uğurla çıxan ideoloji konsepsiyasının olması zəruridir.

“Azərbaycançılıq” termini ölkənin siyasi həyatında yaxın illərdən başlayaraq istifadə olunur. “Azərbaycançılıq” real müstəqilliyə nail olmaq vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və mökəmləndirmək üçün vasitədir. İdeologiya kimi “Azərbaycançılıq” müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosial-mədəni və etnocoğrafi-siyasi cəhətlərini özündə birləşdirmişdir.

İmperiyaçılığa qarşı müqavimətdə formalaşan milli istiqlal ideologiyası olan azərbaycançılığın araşdırılması işinə son 30-40 ildə Yaşar Qarayev, Ramiz Mehdiyev, Səlahəddin Xəlilov, İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Əlikram Tağıyev, Rafail Əhmədov, Faiq Ələkbərov, Nadir Məmmədli və başqaları öz töhfələrini vermiş, tədqiqatlarında bu konsepsiyanı əsaslandırmaq istiqamətində müəyyən işlər görmüşlər.

Azərbaycançılıq ideologiyasının təkamül tarixi və təkamül mərhələlərini araşdırmazdan əvvəl, qısa da olsa ”İdeologiya nədir?”sualına cavab verək. İdeologiya yunan sözü olub, ideya - fikir və loqos – söz, anlayış tərkiblərindən ibarətdir, fikir haqqında təlim deməkdir. İdeologiya siyasi, sosial, hüquqi, əxlaqi, dini, estetik ideya və baxışlar sistemidir. İdeologiyada insanların ətraf varlığa münasibəti, ictimai münasibətlər, sosial problemlər, sosial qrupların və təbəqələrin vəziyyəti, onların maraqları, sosial-ekonomik inkişafın məqsədləri əks edilir.

İdeologiyanın vəzifəsi cəmiyyətdə birliyi və ümumxalq münasibətlərini qorumaq, onu bərqərar etmək, millətin tarixdə mövqeyini izah və təsdiq etməkdir. İdeologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən biri, xalqın kimliyini göstərən təfəkkür, gələnəklər və inanclar sistemidir. İdeologiya tarixin gedişi ilə yaranaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyən edən, bu prosesdə xalqın rolunu göstərən, onun doğruluğunu təsdiqləyən ən parlaq və obyektiv ideyaların bitkin bir sistemi və məntiqi yekunudur.

İdeologiya vahid Vətən hissi ilə birləşmiş toplumların tarixi birgəyaşayışından və ictimai fəaliyyətinin nəticəsi olan idealların birliyi əsasında formalaşır. Ona görə də, müasir ideologiya sivil ictimai sistemlərə qoşulmaq, onlarla birgəyaşayışa nail olmaq üçün, digər elm və nəzəriyyələrdən fərqli olaraq bu günün izahı ilə kifayətlənmir, gələcəyin yaradılması haqqında doğru fikir sistemi kimi çıxış edir. Belə bir doğru fikir sistemi, kökü Azərbaycan ərazisinin ilk sakininin təbiət qarşısında təəccübündən qidalanan, özündə Şərq və Qərb dəyərlərini birləşdirən azərbaycançılıqdır. Əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanan Azərbaycançılıq, milli özgürlüyümüz haqqında təlim, müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil hüquqi dövlət olması və demokratik cəmiyyət qurulması uğrunda mübarizəni özünə strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır.

Azərbaycançılıq nədir sualına cavab verən akademik İsa Həbibbəyli yazır: “Azərbaycançılıq - milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının - maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir. Azərbaycançılıq - milli ədəbiyyatın axarını ölkə maraqlarına doğru istiqamətləndirən mühüm ədəbi-ictimai təlimdir. Azərbaycançılıq - ədəbiyyatda əsas hədəf kimi milli-mənəvi özünüdərk və vətənpərvərlik ideyalarının parlaq bədii təcəssümüdür, xalqın hərtərəfli inkişafına xidmət edən ümummilli məfkurədir. Nəhayət, Azərbaycançılıq - ədəbiyyatda milli istiqlal və müstəqil dövlətçilik ideallarının təcəssümü olan əbədiyaşar təlimdir!” . (Həbibbəyli,2019)

Azərbaycançılıq ideologiyasının tədqiqinə xüsusi monoqrafiya həsr etmiş professor Nizaməddin Şəmsizadə qeyd edir ki, “Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan coğrafiyası kimi Azərbaycan ideologiyası da vahid Azərbaycan xalqına və onun bütün dünyaya səpələnmiş övladlarına məxsusdur. Onun adı – AZƏRBAYCANÇILIQdır”. (Şəmsizadə, 2008: 19-73)

Tədqiqatçı alim Rafail Əhmədov azərbaycançılıq ideologiyasının formalaşmasından bəhs edərkən yazır: “Azərbaycanın ancaq özünə aid ola bilən və bugünkü elmi-nəzəri ədəbiyyatda özünə “Azərbaycançılıq” kimi vətəndaşlıq hüququ qazanan saf Azərbaycan milli ideyasına çevrilənədək o, uzun bir tarixi inkişaf yolu keçmişdir” . (Əhmədov,1998: 136-142)

Azərbaycançılıq ideologiyasını araşdıran başqa bir tədqiqatçı Nadir Məmmədli göstərir ki, “Azərbaycançılıq ideologiyası Azərbaycan dövlətinin suverenliyi, xalqın milli şüur və mədəniyyətinin inkişafı, maarifçiliyə və sağlam demokratikləşməyə münasibət kimi prinsipial məsələləri özündə birləşdirir” .(Məmmədli,2019)

Azərbaycançılıq ideologiyasının araşdırıcıları içərisində N.Şəmsizadənin xidmətlərini xüsusi qeyd edən akademik Bəkir Nəbiyev yazır: ”Azərbaycan tarixində bəlli nəzəri-fəlsəfi təlim və cərəyanları, dövlətçilik tarixi və dövlət tiplərini fəlsəfi təfəkkürlə ümumiləşdirən, başlıcası isə XX əsrin əvvəllərində milli intibahın başında durmuş Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə kimi sələflərinin irsinə, bu barədə ümummilli liderimiz Heydər Əliyevin qənaətlərinə istinad edən alim öz konsepsiyasını irəli sürdü. Bu konsepsiyanın müxtəsər özəl tezisləri bundan ibarətdir: Azərbaycan xalqının milli ideologiyası Azərbaycançılıqdır. Azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir. Azərbaycançılıq türkəsilli Azərbaycan xalqının ideologiyasıdır. Onun üç təməli var: türkçülük, islamçılıq və vətənçilik. N. Şəmsizadənin şüarı belədir: “Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!” . (Şəmsizadə,2008: 74-113)

Azərbaycan xalqının milli ideologiyası olan Azərbaycançılıq haqda başqa bir tədqiqat işində oxuyuruq: “Azərbaycançılıq – Azərbaycan xalqının 1) dərin (və mükəmməl) etnoqrafiq əsasları olan, 2) XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmış və 3) kifayət qədər mürəkkəb, ziddiyyətli (nəticə etibarilə, uğurlu) bir təkamül tarixinə malik milli ideologiyasıdır ki, üç üzvi tərkib hissəsindən ibarətdir: 1) türkçülük, 2) müsəlmançılıq, 3) müasirlik (dünyəvilik)”. (Cəfərov, Sərdarov, Cəfərov,2016: 9-36)

Ədəbiyyat
Əhmədov, R. (1998). Azərbaycanın Türkçülük və Azərbaycançılıq problemləri, Azərbaycan Araşdırmaları Vəqfi, Bakı, Ay- Ulduz nəşriyyatı,136-142.
Məmmədli, N. (2019). Azərbaycançılıq milli inkişafın tükənməz ideoloji potensialı kimi, Ədəbiyyat qəzeti.
Şəmsizadə, N. (2008). Seçilmiş əsərləri I cild, Bakı, Elm nəşriyyatı, 19-152.
Cəfərov, N., Sərdarov, V. ,Cəfərov, A. (2016). Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları, Bakı, Elm və təhsil nəşriyyatı,9-36.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər