Ermənilərə qarşı şücaətlə döyüşən Əhməd bəy Vəkilov kim olub? (FOTO)

Ermənilərə qarşı şücaətlə döyüşən Əhməd bəy Vəkilov kim olub? (FOTO)Dünya dövlətçilik tarixinə müsəlman şərqinin ilk dünyəvi hüquqi dövlətinin yaradıcısı kimi həkk edilmiş Azərbaycan Cümhuriyyətinin yaradılması və fəaliyyəti bizim üçün tarixi örnəkdir. 1918-1920-ci illər qədim Oğuz türk yurdu olan Qərbi Azərbaycan və Naxçıvan ərazisi erməni-müsəlman qırğınlarının əsas mübarizə meydanlarından birinə çevrilmişdir. O, dövrün nəsillərə örnək olacaq qəhrəmanlarını minnətdarlıq duyğusu ilə anmaq bizim mənəvi borcumuzdur. Bu gün məhz bu qəhrəmanlardan biri haqqında Əhməd bəy Vəkilov haqqında söhbət açacağıq. Əhməd bəy Həsən bəy oğlu Vəkilov Naxçıvan Xanlığının Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Vəkilovun nəvəsidir.

Şərur-Dərələyəz qəzasının Çivə kəndi erməni-müsəlman qırğınlarının başlanması bölgədə xalq qəhrəmanı Balo bəy Vəkilovun(Əhməd bəy Vəkilovun əmisi Cəlil bəy Vəkilovun oğludur) rəhbərliyi ilə könüllü özünümüdafiə dəstəsinin yaradılmasına səbəb oldu. Bu dəstənin ən fəal üzvülərindən biri də Əhməd bəy Vəkilov idi. O, bütün döyüşlərdə Balo bəy Vəkilovla birlikdə şücaətlə iştirak etmişdir. Dəstədə İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Kərbəlayi Firudin bəy və başqa Vəkilovlar Kəllo və Məmili tayfaları ermənilərə qarşı şücaətlə vuruşurdu.

Ermənilərin hücumlarından birində Balo bəy, Əhməd bəy və Kərbəlayi Əşrəf bəy öz döyüş dostları ilə birlikdə böyük bir kötüyün içini oyub oraya çoxlu miqdarda barıt doldururlar. Sonra həmin kötüyü partladırlar. Ermənilər gurultunu eşidib vahimələnirlər. Ermənilər Çivəyə Osmanlı Türkiyəsindən top gətirildiyini düşünərək böyük bir ərazini qoyub qaçırlar. Sonralar ermənilər Çivəni bir neçə dəfə mühasirəyə alırlar. Ancaq müdafiəçilərin müqavimətini qıra bilmirlər. Ağır döyüşlərdən sonra Dərələyəzin müdafiəçiləri Çivə ətrafına yığışırlar. Bu zaman Vedibasar istiqamətində də qızğın döyüşlər gedirdi. Orada müdafiəçilərə Abbasqulu bəy Şadlinski başçılıq edirdi. Qüvvələr nisbətinin kəskin döyüşməsi ilə əlaqədar Dərələyəzin , Naxçıvanın (o cümlədən Vedibasarın) əhalisi geri çəkilməli olur. Əhməd bəy Vəkilov əmisi oğlu xalq qəhrəmanı Balo bəy Vəkilov və Çivə müdafiəçiləri də Naxçıvanın bütün əhalisi ilə birlikdə Arazın o tayına–Cənubi Azərbaycana üz tuturlar. Mərhum tarixçi alim Əli Əliyev özü bu hadisələrin canlı şahidi olmuş və "Biz əzablı bir ömür yaşadıq" xatirə memuarında Balo bəy Vəkilov və Çivə müdafiəçilərinin Cənubi Azərbaycana keçməsini təsvir etmişdir. Əhməd bəy Vəkilov ailəsi ilə birlikdə xalq qəhrəmanı Balo bəy Vəkilovla Arazın keçsələr də İran ərazisində xalq qəhrəmanı Balo bəy Vəkilovdan ayrı düşürlər. Onların ayrı düşdükləri ağır dönəmlərdə yaşadıqları həyacanlı günlər bir romanın mövzusudur. Bu ağır dönəmlərin şahidi olmuş Əhməd bəy Vəkilovun həyat yoldaşı Şəhrəbanu xanım da həyacanlı günləri ömrünün son günlərinə kimi yaddaşında yaşadmışdır.

Bir müddət Cənubi Azərbaycanda müdafiəçilər yenidən geri qayıdır. Bu zaman Əhməd bəy Vəkilovun atası Məşhədi Həsən bəy bu hadisələrin ağırlığına , xalqın faciəli vəziyyətinə dözmür, Naxçıvan şəhərində vəfat edir. Xalq qəhrəmanı Balo bəy Vəkilov geri qayıdandan sonra Bakıya gedir, Məhəmməd Əmin Rəsulzadə ilə görüşür. Məhəmməd Əmin Rəsulzadə onlara öz kəndlərinə qayıtmağı məsləhət görür. Bu dövrdə Dərələyəzin əhalisinin bir hissəsi Qarabağa köçür. Balo bəy və Çivə müdafiəçiləri isə öz kəndlərinə qayıdır. Yenidən döyüşlər şiddətlənir. Bu döyüşlərdə xalq qəhrəmanı Balo bəy Vəkilov və Çivə müdafiəçiləri o cümlədən Əhməd bəy Vəkilov özlərini məğlubedilməz qəhrəman kimi göstərirlər. Ermənilər Əhməd bəy Vəkilovun silahdaşı xalq qəhrəmanı Balo bəy Vəkilov başına mükafat təyin edirlər. Lakin ermənilər istəklərinə nail ola bilmirlər.

Azərbaycan Cümhuriyyəti hakimiyyətinə son qoyuldu və Azərbaycan Sovet hakimiyyəti quruldu. 1923-cü ildə bolşevik imperiya siyasətinin və yerli bolşeviklərin köməyi ilə əhalisi yalnız Azəraycan türklərindən ibarət olan Çivə kəndi Ermənistanın inzibati ərazi bölgüsünə daxil edildi. Əhməd bəy Vəkilov və xalq qəhrəmanı Balo bəy Vəkilovun mənsub olduğu vəkilovlar nəsli repressiyalara , təqib və təzyiqlərə məruz qaldı. Onların bütün mülkiyyəti evləri, torpaq sahələri , bağları alınıb kolxoza verildi. Vəkilovların bir hissəsi 37-ci il faciəsinin qurbanı oldu bir hissəsi isə el-obanı tərk etmək məcburiyyətində qaldılar. Əhməd bəy Vəkilov isə öz doğma kəndlərində qaldı. Əhməd bəy Vəkilovun ailəsini bəy nəslindən olduqları üçün 1940-cı ilə kimi kolxoza üzv olmağa qoymurlar. Nəhayət , Əhməd bəy Vəkilovu da 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycan ərazisindən deportasiya edirlər. Əhməd bəy Vəkilovun adı köçmə sənədinə qeyd edilsə də o, gedə bilmir. Hadisələrin ağırlığı və faciəliliyi onun da həyatla vidalaşmasına səbəb olur. Övladları isə öz doğma yurd –yuvalarından deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndinə köçməil olurlar.

Şübhəsiz ki, Azərbaycan xalqının tarixində silinməz iz buraxmış əsasən Qazax-İrəvan-Naxçıvan ərazilərində məskunlaşmış vəkilovlar nəslinin nümayəndəsi olan Əhməd bəy Vəkilovun parlaq xatirəsinə həsr edilmiş bu məqalə onun döyüş yolunun və keşməkeşlərlə dolu həyatının kiçik bir hissəsidir.

Sevinc İncəli