Eldəniz Səlimova cinayət işi açıldı - Baş prokuror elan etdi

Eldəniz Səlimova cinayət işi açıldı - Baş prokuror elan etdiMilli Məclisdə deputat Eldəniz Səlimovun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deputatlar çıxış edərək münasibətini bildirib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, yekunda Baş prokuror Kamran Əliyev səslənən fikirlərə münasibətini bildirib, sualları cavablandırıb.

Baş prokuror K.Əliyev deputat Erkin Qədirlinin sualına cavabında bildirib ki, həmin vaxt polis zabiti vəzifəsini icra etməyib, sadəcə zəng edib onu çağırıblar. Buna görə də faktla bağlı 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) yox, 309-cu maddənin 2-ci hissəsi (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda və bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb. Baş prokuror deyib ki, burada dövlətin nüfuzundan da söhbət gedir.

K.Əliyev deputat Qüdrət Həsənquliyevin əvvəllər E.Səlimova qarşı hansısa təhdidlərin olub-olmadığı barədə sualına cavabında bildirib ki, hələlik deputatla bağlı istintaq başlamadığı üçün onu dinləmək imkanı olmayıb:

“Təbii ki, bu kimi hallar araşdırılacaq. Belə hallar varsa, hüquqi qiymət veriləcək. Ancaq əgər belə hallar olsa da, bunun üçün qanuni yollar var”.

Baş prokuror deputat Tahir Kərimlinin tərəfləri barışdırmaqla bağlı çağırışına reaksiyasında bildirib ki, bu, artıq başqa məsələdir və barışıq məsələsi deyil.