Sizin Reklam Burada

Media və iqtisadi faktor

Media və iqtisadi faktorƏkrəm Bəydəmirli

ABŞ Konstitusiyasında KİV-lə bağlı məqamlar diqqəti cəlb edir. Həmin ölkənin Konstitusiyasına 1-ci Düzəlişdə deyilir ki, Konqres Söz və Mətbuat Azadlığını məhdudlaşdıran heç bir qanun qəbul edə bilməz. Bu düzəliş söz və mətbuat azadlığı baxımından medianı birmənalı şəkildə qoruyur. Bu o anlama gəlməməlidir ki, adı şəkilən ölkədə media ilə bağlı problem yoxdur. Cəmiyyətin tərkib hissəsi olan bu sahə problemdən qaçılmazdır.

Bu gün bir çox insanlar düşünür ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanan “Media haqqında” qanun qəbul edildikdən sonra dərhal bütün problemlər həll olacaq. Mənim qənaətimcə, bu yalnış yanaşmadır. Çünki Milli Məclisdə qəbul edilən qanunların böyük əksəriyyətinin Avropa standartlarına uyğunlaşdırılması prosesi başa çatıb. Ancaq qanunların icrasında ciddi problemlər var. Xırda çatışmazlığı nəzərə almasaq bütün qanunlar normal vəziyyətdə qəbul edilir. Deməli, ən ciddi problemlərdən biri qanunların icra mexanizmindədir.

Digər bir məqama diqqət yetirmək istərdim. Mediada rəngarəngliyin, sərbəstliyin olması zəruridir. Lakin atılan addımlar peşəkarlığa və əxlaqi dəyərlərə söykənməlidir. Çünki cəmiyyət yalnız ağ və qara rənglərdən ibarət deyil. Bu sərbəstliyi, rəngarəngliyi qorumaq üçün mediada iqtisadi faktor son dərəcə önəmlidir. Məhz buna görə reklam bazarı və özünütəzimləmə ilə bağlı bəzi məqamlara diqqət yetirmək istərdim.

Pandemiya şəraitində dünyada gedən iqtisadi proseslər diqqətdən kənarda qalmır. Təbii ki, bu faktorlar mediaya mənfi təsir edir. Lakin Azərbaycanda reklam bazarının mövcud iqtisadi inkişafa adekvat olmadığı ortadadır. Bu da hər zaman deyildiyi kimi, peşəkarlığın aşağı düşməsinə, medianın vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Deməli, burada özünütənzimləmə, azad reklam bazarının formalaşmasından başlamaq lazımdır. Medianın geniş fəaliyyəti üçün “Reklam haqqında” qanun layihəsi Azərbaycanın iqtisadi inkişaf tempinə uyğun hazırlanmalı və onun həyata keçməsi üçün mexanizmlər tapılmalıdır.

Əlbəttə, mövcud iqtisadi prosesləri, pandemiyanın yaratdığı çətinlikləri nəzərə almaqla Azərbaycanın reklam bazarına münasibət dəyişməlidir. Sivil bazar münasibətlərinin yetərincə formalaşmadığı postsovet məkanında reklam işi tək hüquqi bazanın çatışmazlığı və yaxud ona lazımi qədər riayət olunmaması ilə deyil, bu, yeni sistemin mahiyyəti və insanların təfəkkür tərzi ilə bağlıdır.

Hər zaman Azərbaycanın media qurumlarının təmsilçiləri reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Reklam bazarı ölkənin Ümum Daxili Məhsulunun 1 faizi həcmində olmalıdır. Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir.


Təbii ki, azad reklam bazarını formalaşdırmaq, iqtisadi rəqabəti gücləndirmək məqsədilə Reklam Şurasının yaradılmasına ehtiyac var. Bu qurumu necə yaratmaq, idarəetmə sistemini necə qurmaq olar? Bu artıq müzakirələrin mövzusu ola bilər. Bəziləri narahatlıq keçirir ki, belə qurumun yaranması reklam bazarının tam nəzarətə düşməsinə, bəzi media qurumlarının kənarda qalmasına gətirib çıxara bilər. Mənə belə gəlir ki, bu məsələ həmin qurumda təmsil olunacaq insanların hüququ məsuliyyətini necə dərk etməsindən, işə səmimi və vicdanlı yanaşmasından asılıdır.

İkincisi, ondan başlamaq lazımdır ki, “Reklam haqqında” qanun müasir dövrün tələblərinə uyğunlaşdırılsın. Rəqabət Məcəlləsinin prinsiplərinə tam riayət olunsun. Reklam bazarı ilə bağlı bəzi addımlar atarkən yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Sadəcə bəzi innovativ və ədalətli addımların atılmasına ehtiyac var.

Bu qanunun mahiyyətinə və azad iqtisadi mühitin yaradılmasına təsirini nəzərə alaraq “Reklam haqqında” qanun yenilənməlidir. Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərə müəyyən güzəştlərin tətbiqi səmərə verər. Həmin güzəştlər çox dəqiq, aydın, həm medianın, həm sahibkarın, həm də dövlətin strateji maraqlarına uyğun hazırlanmalıdır.

Nəhayət, Reklam Şurası sosial reklam məsələsini qaldıra bilər. Təəssüf ki, bu vaxta qədər xeyriyyəçilik mahiyyətli sosial reklam çox zəif inkişaf edib. Araşdırsaq görərik, elə şirkətlər var ki, sosial reklama nəinki vəsait ayırmır hətta bunu artıq hesab edirlər. Halbuki ətraf mühitlə, insan sağlamlığı ilə və yüzlərlə digər mövzu ilə bağlı sosial reklamlara ehtiyac hiss olunur.

Reklam bazarının, reklam mədəniyyətinin formalaşması yalnız mediaya lazım deyil. Bu cəmiyyətə, istehsalçıya, istehlakçıya lazımdır. Digər tərəfdən sivil reklam bazarının təşkili medianı təmiz iqtisadi gəlir götürməsinə şərait yaradar. Jurnalistikanı ən azından məmur asılılığından, iqtisadi sıxıntılardan xilas edər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər