Sizin Reklam Burada

Əsəd əmi

Əsəd əmiAdam var deyirsən belə şəxslə həmişə görüşüb həmsöhbət olum. Nə yaxşı insandı. Həlim xasiyyəti, gülər üzü, şirin söhbəti adamın həm əhvalını yaxşılaşdırır, həm də adamın ürəyini açır, könlünü qanadlandırır. Bəli, Əsəd əmi belə adamlardandı. Adətən xeyirxahlıq etməyi, ötəndən-keçəndən danışmağı, ürəyinə yatan adamlarla görüşməyi çox
sevərdi. Könlünə yatan adamlara belə məsləhət verərdi:
– Adamın yaxşılığı onun səxavəti ilə ölçülür. Bir şəxsdə ki, səxavət, puluna, malına qıymaq, adamlara əl tutmaq yoxdusa dildə nə qədər mehriban, xasiyyətdə nə qədər mülayim olsa da onun boyası tez meydana çıxır. Yəni “quru-quru qurbanın olum, yanmamış təndirə düşüm” aydınca görünür. Quru təsəlli və vədlə ac qarın doymur, çılpaq əyin isinməz – bunu hamı anlayır axı. Təbii ki, quru səmimiyyət heç kəsə lazım deyil. Bir də adamın ürəyində Allah məhəbbəti olacaq ki, onda qıyım olsun, kiməsə əl tutmaq yada düşsün, bunun insanlıq olduğu da xatırlansın. Axı bizim dədə-babalarımız, atalarımız xeyirxah olublar, vara-pula aşiq olmayıblar. Bunların sadəcə dünya şöhrəti olduğu düşünülüb, həm də malın-pulun adama kiməsə möhtac olmaması üçün lazım olduğu da unudulmayıb. Mən uzağa getmirəm, rəhmətlik atam olduqca xeyirxah və qəlbitəmiz adamdı. Bunu onu günahsız yerə tutulanda da gördüm, yəni adamlar həmişə adamın xeyirxahlığını və yaxşılıqlarını dilə gətirirlər. Belə adamın günahkar olduğunu qəbul edə bilmirdilər.

Bizim Apoy da beləydi. Hələ yadıma gəlmir ki, kimsə ondan narazı qalsın, şikayət eləsin, ya da ehtiyacı olanı görüb ona laqeyd qalsın. Yəni dediyim odur ki, mən bunları görə-görə gəlmişəm və o yaxşı kişilərin elədiklərinin mində birini eləyə bilmişəmsə buna da şükür. Bir də ay sizi sağ olasınız, adam yaşa dolduqca müdrikləşir, çox şeyə bələd olur, təcrübə qazanır. Buna görə də dediyi sözün yerini də, verdiyi məsləhətin əhəmiyyətini də yadından çıxarmır. Xoş o adamın halına ki, deyilən nəsihəti eşidə, faydalana. Yoxsa nəsihətə doğru-dürüst qulaq asmayandan nə fayda... Kişilərdə mərdlik əsl insan sifətidir. Belə adamlar düşmənlərinə də namərdlik eləməyiblər, heç vaxt qonşu haqqını unutmayıblar. Bizim yaşlılar danışırdılar ki, biri Qaçaq Yusifin dalınca ağzına gələni danışır. Biri də bunu olduğu kimi, Qaçaq Yusifə çatdırır. Bundan həmin danışan adamın da xəbəri olur. Bir dəfə kənddən kənarda həmin adam Qaçaq Yusiflə üz-üzə gəlir. Qorxsa da özünü birtəhər toxdadıb deyir:
– A Yusif, sən mənim başıma bir güllə vur.
Deyir:
– Bu, nə sözdü, səni niyə vurum ki?!
Deyir:
– Nə təhər... Bəs sənə xəbər vermədilər ki, filankəs dalınca belə sözlər danışdı?!
Deyir:
– Dedilər. Sən də ağbabalı deyilsənmi? Nə vaxt eşitmisən ki, mən qonşuluq haqqını pozmuşam? Yadına sal görüm, hansı kənddən kimin xətrinə dəymişəm? Əksinə, bu kəndlərin təəssübü mənim öhdəmə düşür. Odur ki, səndə mənim işim yoxdu, amma arxamca danışma. Deyəcəyini mərdi-mərdana üzümə de.

Bəli, kişilər belə olublar.
Əsəd əminin şirin söhbətlərindən doymaq olmazdı. Üstəlik, kişi sinədəftərdi, güclü hafizəyə malikdi, elə hadisə və olaylardan söz salardı ki, hamı heyrətdə qalardı. Odur ki, onun qonağı-qarası qapısından əksik olmazdı. Dostları başına toplanar, onun söhbətinə huşu-guşla qulaq asardılar. Belə xoşbəxt adamlardan biri də mən idim. Yaşlılar ona “Əsəd müəllim”, yaşca ondan kiçik olanlar “Əsəd əmi” deyirdilər. Adamlar arasında hörmət-izzət qazanmışdı. Əsəd əmi qohum-əqrəbanın uşaqlarının ali məktəblərə qəbul olunmasını da qeyri-adi bir sevinclə qarşılayardı. Onun sevindiyini gülər gözlərindən, üzündəki təbəssümdən görmək olardı. Eyni zamanda tələbə adı qazananlara xüsusi hədiyyəsi də olardı. Arada bir zarafatla mənə deyərdi:

– Baxıram sən bununla çox maraqlanırsan. Hər bir ali məktəbdə tələbə olanı dəyərləndirmək mənim ürəyimcədir. Digər tərəfdən bu uşaqlar mənim nəzərimdə hələ ana uşaqlarıdırlar. Belə uşaqları da bir şey verib sevindirmək lazımdr, ya yox?

Mənim gülümsədiyimi görüb Əsəd əmi də gülümsünərdi:
– Bəhanə edib-eləmə. Bax, iş-güc həmişə var, amma bizə gəlməyi unutma. Söhbətimiz tutur, bilirəm, sənə də lazım olan mövzular var. Demək, söhbət etməyə ehtiyac var. Qalır bu ehtiyacı ödəmək. Hə, arada bizim Söyünlülərdən də söz açarıq. Dağdan-bağdan danışanda bir-iki söz də mənim mənsub olduğum tayfadan – söyünlülərdən danışım, babaların ruhu şad olsun.

Aradan xeyli vaxt keçib. Əsəd əmi də dünyasını dəyişib. Bu da dünyanın pozulmaz bir qanunudur. Bu çərxi-fələyin dəyirmanında insan ömrü tez üyünür. İnsanın nə qədər ömrü var ki?! Olan ömür də sanki bir anda su kimi elə axıb gedir ki, adamın xəbəri olmur.
Saçının ağarması, üzünün qırışması, dişlərinin tökülməsi, ağrıların artması... daha nələr, nələr ömrün azaldığını adama xatırladır. Ona xatırladır ki, yaxşı əməllər işlət, xeyirxahlığını, mərdliyini əldən buraxma, yaxşı kişinin adı ölməz, namı yaşayar. Həmişə insanlığa baş əy ki, sən də bu adı yaşadasan – mən bunları Əsəd əmidən eşidib yadımda saxlamışam.

Əsəd əmi yaşasaydı indi 90 yaşı tamam olacaqdı. Bəli, Əsəd əmi müdrik el ağsaqqalı idi. Bu el ağsaqqalını yada salıb anmağı özümə borc bildim. Ruhu şad olsun.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər