Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilibBu gün Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, rayonumuzun mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında, inkişafında ağsaqqallarımız həmişə əhəmiyyətli rol oynayıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərdən qürurla söz açan rayon rəhbəri qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsində Qaradağ rayonundan olan oğullarımız da böyük qəhrəmanlıqlar göstəriblər. Belə mərd oğulların yetişdirilməsində ağsaqqallarımızın əməyi danılmazdır. Sonda Süleyman Mikayılov Azərbaycanın milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov ilk öncə Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Sonra o, Azərbaycan Ağsaqqallar Şurası haqqında, yerli təşkilatların tərkibi, Əsasnaməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək, bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi. 30 illik münaqişəyə 44 gün ərzində son qoyulduğunu, düşmən üzərində qazanılan böyük Qələbənin hərb salnaməsinə qızıl hərflərlə həkk olunduğunu qeyd edən Eldar İbrahimov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır. Daha sonra o bildirib ki, davam edən koronovirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi ilə bu gün Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin başçılığı altında ağsaqqalların fəaliyyəti və nüfuzu günü-gündən daha da artır.

Qaradağ rayonundan seçilmiş deputat Aydın Hüseynov tədbirdə çıxış edərək bildirib ki, rayonumuzun mərd övladları qəhrəmanlıqları ilə Azərbaycanın Vətən müharibəsindəki Qələbə tarixinə öz adlarını yazıblar. Bu Zəfərin qazanılmasında ağsaqqalların da böyük rolu olub. Ağsaqqallarımız həmişə gənclərə örnək olmaqla yanaşı, ictimai-siyasi işlərdə də fəal iştirak edirlər. Onlar rayonun bütün tədbirlərində diqqqət mərkəzində saxlanılır və qayğı ilə əhatə olunurlar. Milli-mənəvi dəyərlərimiz sayılan ağsaqqallara sağlam ömür arzulayan millət vəkili bildirib ki, həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verən, onları cəmiyyətin ən nüfuzlu üzvləri kimi qəbul edən ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğı hal-hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Sonra təşkilati məsələlər müzakirə olunub. Qaradağ Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ramin Məmmədov Şuranın sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və digər natiqlər Qaradağ Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.