Sizin Reklam Burada

QHT Şurasından daha konkret, daha səlahiyyətli - Agentlik hansı üstünlüklər qazandırır?

QHT Şurasından daha konkret, daha səlahiyyətli - Agentlik hansı üstünlüklər qazandırır?Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru


Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müasir dövlətçilik fəlsəfəsinin təməlini, ana xəttini təşkil edir. Bu iki istiqamətin dövlət quruculuğunda paralel şəkildə, vahid bir prosesin ayrılmaz tərkib hissəsi kimi irəliyə doğru aparılması da, şübhəsiz ki, təsadüfi deyil.

Çünki hüquqi dövlət quruculuğunun yolu şəffaf, qanunların aliliyinin təmin olunmasına nəzarəti həyata keçirmək potensialında olan güclü vətəndaş cəmiyyətindən, güclü vətəndaş cəmiyyəti quruculuğunun yolu isə, ayrı-ayrı fərdlərin təşkil etdiyi toplumun hüquq və azadlıqlarını subyektiv yanaşmalara yol vermədən təmin etmək imkanında olan hüquqi dövlətdən keçir.

Məhz bu baxımdan, dövlət müstəqilliyinin 30-cu ildönümünü yaşayan, vətəndaş cəmiyyəti anlayışının de-fakto mövcud olmadığı, yaxud formal xarakter daşıdığı bir sistemin içərisindən çıxan və hələ də bu sistemin bəzi neqativ təzahürlərindən xilas ola bilməyən Azərbaycan cəmiyyəti üçün vətəndaş cəmiyyətinin müstəqil hüquqi dövlət quruculuğunun tərkib hissəsi kimi, dövlət və milli maraqlar, strateji hədəflər müstəvisindən inkişafı müstəsna əhəmiyyətə malikdir.

Müstəqilliyinin ilk illərində işğal, xaos və hüquqi nihilizmin qaranlıqlarından keçərək, cəmiyyətin dağıntıları üzərindən real hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu mərhələsinə adlayan dövlətimizin qarşında çoxsaylı hədəflər və maneələr dayanırdı: Kənar təsirlərə qarşı iqtisadi-siyasi və hüquqi immunitetin formalaşdırılması, “güclü dövlət-güclü vətəndaş” anlayışının və bu anlayışın çiyin-çiyinə, həmrəylik içərisində olan iki mühüm istiqamətinin vahid platforma üzərindən inkişafı üçün olduqca mürəkkəb, ziddiyyətli, çoxsaylı resurs, vaxt, siyasi iradə, qətiyyət və təcrübə tələb edən prosesi başa çatdırmaq, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü təmin edilmiş Azərbaycan Respublikasını islahatlar yolu ilə yeni strateji hədəflərə doğru daşımaq!

Heç kimə sirr deyil ki, dövlət müstəqilliyimizin ilk illərində buraxılmış çoxsaylı boşluqlar, yüksək dövlət vəzifələrində təmsilçiliklərinə baxmayaraq idarəçiliyin ən bəsit mexanizmləri haqqında təsəvvürləri olmayan insanların cəmiyyətin müqavimət gücünü zəiflədən, ölkəni kənar təsirlər qarşısında gücsüz hala gətirən əməllərinin nəticələri sonrakı dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin intensiv şəkildə irəliyə doğru aparılmasına imkan vermədi. Azərbaycanın vətəndaş cəmiyyəti QHT adı altında fəaliyyət göstərən, reallıqda isə ayrı-ayrı güc mərkəzlərinin, onların geosiyasi təsir alətlərinin mexanizmləri kimi hərəkət edən institutların işğalına məruz qaldı. “Demokratiya və insan hüquqları” kimi dəyərləri dağıdıcı ideoloji silaha, təxribat alətinə çevirən, reallıqda isə Ermənistan, erməni diasporu və lobbisi ilə işbirliyi içərisində Azərbaycanı təslimçi sülhə sövq etmək istəyən ayrı-ayrı Qərb institutları ölkəmizdə marionet idarəçilik sistemi formalaşdırmaq üçün pozucu fəaliyyəti stimullaşdırır, de-fakto siyasi fəaliyyətlə məşğul olurdular.

Ölkəmizdə və bütün dünyada qanunla qadağan olunmasına baxmayaraq, bədnam Soros kimi fondlar, NDİ kimi institutlar onlarla işbirliyində olan, yaxud ələ alınmış şəxslər tərəfindən yönətilən QHT-lər vasitəsilə dağıdıcı siyasi qrupların maliyyələşməsində iştirak edir, onları təlimatlandırır və onlardan öz maraqları üçün Azərbaycan dövlətinə qarşı yararlanır, ölkədə qütbləşməni dərinləşdirməyə, siyasi qüvvələr arasında nifaq toxumu səpməyə çalışırdılar. Azərbaycanda “beşinci kolon” missiyasını icra edən marionet QHT-lərin təmsilçilərinin sonradan Ermənistanın xüsusi xidmət orqanları, erməni diasporu və ölkəmizə düşmən kəsilən qüvvələrlə eyni səfdə dayandıqlarını, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə milli maraqlarımıza zərbə vurmaq üçün törətdikləri iyrənc əməlləri hər kəs bilir və yaxın tarixdə, cəmiyyətin gözü qarşısında baş verənləri yenidən təkrarlamağa ehtiyac duymuram.

“Beşinci kolon QHT-ləri”nin 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycana qarşı həyata keçirilən çoxsaylı təxribat kampaniyalarının içərisində yer alan “qalıqları”nın həyata keçirdikləri utancverici missiya da daxili katarsis prosesinin başa çatdırılmasının vacibliyini ortaya qoyur.

Bununla yanaşı, ötən dövr ərzində “beşinci kolon QHT-ləri”nin, həmçinin onların ənənəvi himayəçi-idarəçilərinin yaratdığı “qarşıdurma” mühitindən, həmçinin bu vəziyyətdən öz maraqları üçün istifadə edənlərin, prosesi təhlil etmədən “hər şey gözəldir” deyənlərin qeyri-peşəkar davranışlarından sui-istifadə edərək, QHT sektoruna axışan, heç bir iş bacarmayan təsadüfi adamların, “passiv ziyanvericilərin” də vətəndaş cəmiyyəti quruculuğu prosesinə ciddi zərbə vurduqlarını nəzərə almağın vacib olduğunu düşünürəm.

Vətən müharibəsində əldə olunan tarixi qələbədən sonra aparılan təhlillər də vətəndaş cəmiyyəti institutları ilə bağlı dövlət siyasətinin dövrün tələblərinə uyğun təşkili, QHT sektorunun üzləşdiyi problemlərin çevik və effektiv həlli üçün bu sahədə yeni yanaşmaların vacibliyini və müvafiq institusional islahatların aparılmasının zəruriliyini ortaya çıxardı.

Nəticə göz önündədir: Dövlətin ictimai sektorla əməkdaşlıq mexanizmi kimi yaradılan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətləri, funksionallığı, formalaşması, eləcə də hüquqi statusu cəmiyyətin mövcud çağırışlarına və gözləntilərinə tam cavab vermir. Məhz bu səbəbdən, QHT Şurasının bütün müsbət təcrübəsini, əldə etdiyi faydalı nəticələri qoruyub saxlamaqla, mövcud reallıqlara və tələblərə uyğun daha işlək, effektiv bir mexanizmin yaradılması qaçılmazdır. Belə bir mexanizm isə, şübhəsiz ki, digər istiqamətlərdə həyata keçirlən institusional islahatlar müstəvisində özünü doğrultmuş, effektivliyi şübhə doğurmayan publik hüquqi şəxs statuslu Agentlikdir.

Bəs Şuranın Agentliyə çevrilməsinin əsas üstünlükləri nədir?

Əvvəla, Agentliyin hüquqi statusu konkret və aydın, səlahiyyətləri və müstəqilliyi isə Şuradan çoxdur. Bu baxımdan, həyata keçirilən dəyişiklik istisnasız olaraq QHT sektorunun fəaliyyət istiqamətlərini daha da genişləndirəcək, funksionallığını artıracaq və vətəndaş cəmiyyəti quruculuğu prosesinin yeni bir mərhələyə qədəm qoymasına zəmin yaradacaq.

Məlum olduğu kimi, QHT Şurası nə mərkəzi icra hakimiyyəti orqanı, nə qeyri- kommersiya qurumu, nə də publik hüquqi şəxs olmadığından, qeyri-müəyyən hüquqi statusa malik idi. Bu isə öz növbəsində qurumun fəaliyyətində müəyyən problemlər yaradır, QHT Şurasının vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ölkədə, regionda və dünyada baş verən proseslərə, yeni çağırışlara çevik reaksiya verməsinə mane olurdu. Şuranın yerində Agentliyin yaranması isə, ilk növbədə onun statusunda olan hüquqi boşluğu aradan qaldıracaq ki, bu da QHT sektorunda daha çevik mexanizmlərin tətbiqinə yol açacaq.

Agentliyin, hüquqi statusundan dolayı əlavə funksiya və səlahiyyətlərə sahib olması, həm QHT-lərin gözləntilərini qarşılayacaq, həm də vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin maliyyə resurslarının şaxələnməsi üçün yeni mexanizmlərin formalaşdırılmasına imkan verəcək.

Misal üçün, Agentlik publik hüquqi şəxs kimi kənar mənbələrdən əlavə fondlar cəlb etməklə QHT-lərin layihələrinə ayrılan vəsaitlərin həcmini əhəmiyyətli dərəcədə artıra biləcək. Bundan başqa, Korporativ Sosial Məsuliyyət öhdəliyi çərçivəsində QHT-lərlə özəl sektor arasında yeni əməkdaşlıq münasibətlərinin qurulmasına imkan yaranacaq və nəticədə ictimai problemlərin həllində özəl sektor daha fəal rol oynayacaq.

Digər tərəfdən, ictimai nəzarətin təşviqi və İctimai şuraların fəaliyyətinin dəstəklənməsi istiqamətində Agentliyə verilən müvafiq səlahiyyətlər, öz növbəsində idarəetmədə şəffaflıq və hesabatlıq əmsalının artmasına ciddi töhfə verəcək.

İctimai nəzarətin vacibliyi ilə bağlı ölkə başçısının dəfələrlə səsləndirdiyi fikirləri və etdiyi çağırışları hamımız yaxşı xatırlayırıq. Etiraf etməliyik ki, hazırda yaradılan bir çox ictimai şuraların fəaliyyətinin ciddi şəkildə təkmilləşdirilməsinə böyük ehtiyac var. Unutmaq lazım deyil ki, ictimai nəzarət həm də dövlət idarəçiliyinə institusional dəstək mühüm əhəmiyyətə malikdir.

Agentliyin yaradılmasında daha bir önəmli məqam, təsisatın idarəetmə mexanizmi ilə bağlıdır və bu mexanizm qərar qəbulu prosesinin daha çevik və effektiv olmasına imkan verir. Agentliyin digər bir üstünlüyü isə, onun idarəetmə orqanı və strukturunun Prezident tərəfindən müəyyən olunmasıdır. Və bu da, şübhəsiz ki, onun mötəbərliyini daha da artırır.

Agentliyin tərkibində idarə, filial və nümayəndəliklərin yaradılması üçün açıq mexanizmlər və qaydalar mövcuddur. Bu isə region QHT-lərinin keyfiyyətli xidmətlə təmin olunması üçün yeni imkanlar deməkdir. Digər tərəfdən, Agentliyin daxili audit sistemi üçün konkret mexanizmlər nəzərdə tutulub ki, bu da idarəetmədə səmərəliliyi arıtıran əsas amillərdən hesab olunur. QHT Şurası isə, məlum olduğu kimi belə bir imkana və səlahiyyətə malik deyildi.

Daha bir önəmli məqam: Agentlik ona verilən səlahiyyətlər çərçivəsində qrant verən qurumların QHT-lərə ayırdığı layihələrin səmərəliyini və nəticəliyini ölçə, ildə bir dəfə bu haqda hesabat hazırlayıb Prezident Administrasiyasına, həmçinin həmin qurumların özlərinə təqdim edə biləcək. Bundan başqa, ayrı-ayrı qurumlar tərəfindən qrant müsabiqələrinin keçirilməsi, layihələrin idarəedilməsi üçün vahid qaydaların hazırlanması mümkün olacaq ki, bu da şəffaflığın, əlçatanlığın təmin edilməsi ilə yanaşı, QHT-lərin maliyyə davamlığı üçün önəmli dəstək deməkdir. Qeyd edim ki, QHT Şurasının statusu və Əsasnaməsi bu funksiyaların icrasına imkan vermirdi.

Bütövlükdə, QHT sektorunda baş verən dəyişiklər ölkəmizdə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. İdarəetmədə çevikliyin, nəticəyə hesablanmış effektiv fəaliyyətin, şəffaflığın təmin edilməsi müasir, qalib Azərbaycanın gələcək inkişafının təməlini təşkil edir. Hakimiyyətin bütün qollarında, eləcə də mediada həyata keçirilən islahatların “beşinci sektor” adlandırdığımız Qeyri-Hökumət Təşkilatlarını da öz təsir dairəsinə alması, prosesin tam və əhatəli şəkildə irəliyə doğru aparılacağına, cəmiyyətin gözləntilərinin özünü doğruldacağına böyük ümidlər yaradır. Məqsəd cəmiyyət üçün faydalı olan nəticələrin əldə edilməsidir. Yeni yaradılan agentlik Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinə məhz bu kontekstdən yanaşacaq və ölçü vahidi həyata keçirilən layihələrin nəticəliyi, cəmiyyətə, dövlətə verdiyi fayda olacaq!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər