Qusarda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

Qusarda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib Qusarda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Musatafayev, rayon ağsaqqalları və ziyalıları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinə gedərək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Mərkəzin fəaliyyəti və burada yaradılmış şəraitlə yaxından tanış olmuş, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşlər.

YAP Qusar rayon təşkilatının akt zalında keçirilən konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Musatafayev tədbir iştirakçılarını salamlamış və bildirmişdir ki, Qusar rayonunda ağsaqqallara hər zaman böyük dəyər verilmişdir. Ağsaqqalların rayonuun mədəni-ictimai həyatında əhəmiyyətli rolu vardır. Qeyd edilmişdir ki, işğal olunmuş torpaqlarımızın azad olunmasında, böyük Qələbənin qazanılmasında Qusardan olan onlarla oğullarımız qəhrəmanlıqları ilə Azərbaycanın şanlı Zəfər tarixinə qızıl hərflərlə öz adlarını yazmışlar.

Bu Qələbənin əldə edilməsində ağsaqqalların da əməyi danılmazdır. Rayonun milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür arzulayan Elman müəllim əmin olduğunu bildirmişdir ki, Qusarın müdrik, ziyalı insanlarından seçiləcək Rayon Ağsaqqallar Şurasının yeni tərkibi təşkilatın işini daha da aktivləşdirəcək, yeni ruh, yeni nəfəs gətirəcəkdir.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxış edərək bildirdi ki, “Qarabağ Azərbaycandır!”, “Güc birlikdədir!” deyərək başladığımız 44 günlük Vətən müharibəsi, Dəmir yumruq əməliyyatı zamanı Azərbaycan xalqı, o cümlədən ağsaqqallarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya xalqımızın gücünü və iradəsini göstərdi. Bu birlik, bu həmrəylik, xüsusilə Ali Baş Komandanın iradəsi, qətiyyəti, Ordumuzun gücü və qüdrəti sayəsində Azərbaycan Vətən müharibəsində tarixi və möhtəşəm Qələbə qazandı. Qeyd edildi ki, şanlı Ordumuz tərəfindən azad olunmuş torpaqlarımızda artıq böyük quruculuq, abadlıq və yenidənqurma işləri gedir. Biz əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın fədakar əməyi və incə zövqü sayəsində Vətənimizin bu dilbər guşəsi tezliklə daha da gözəlləşəcək və inkişaf edəcəkdir.
Daha sonra Tahir müəllim bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında hal-hazırda böyük canlanma hiss edilir. Şurada təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini bu gün də ürəkdən dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.
Sonra təşkilati məsələlər müzakirə olundu. Qusar Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edildi.

Vahid Mehdixanlı Qusar Rayon Ağsaqqallar Şurasının sədri seçildi. Konfransda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırıldı.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov və digər natiqlər Qusar Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzuladılar.