Komitə sədri şəhid məktəb direktorundan yazdı

Komitə sədri şəhid məktəb direktorundan yazdıSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Ali Baş Komandan İlham Əliyevin sərkərdə bacarığı, çevik düşüncəsi, diplomatik qabiliyyəti ilə rəşadətli Azərbaycan Ordusunun, xalqın birliyi sayəsində 30 illik Qarabağ intizarına son qoyuldu.

Lakin müharibənin öz qanunları var, təəssüf ki, işğaldakı torpaqlarımızın azad olunması şəhidlər vermədən mümkün deyildi. 44 günlük müharibədə bütün xalqımız, xüsusən də vətənpərvər gənclərimiz öz sözünü dedi. On minlərlə Azərbaycan gənci silaha sarılaraq düşmənin üzərinə yeridi və çox qısa müddət ərzində düşmən torpaqlarımızdan qovuldu.

Möhtəşəm tarixi qələbənin əldə olunması üçün silaha sarılan, döyüşən, şəhid olanların, yaralananların arasında isə Yeni Azərbaycan Partiyasının üzvləri də kifayət qədər oldu. Bu qəhrəmanlardan biri YAP Ağstafa Rayon Gənclər Təşkilatının sədri Elvin İmaməliyev idi.

Elvin 1989-cu il may ayının 9-u - Faşizm üzərində qələbə günündə Ağstafa rayon Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qırılı kəndində bitirdikdən sonra Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək elə doğulduğu kəndin məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilib. Elvin İmaməliyev 2020-ci il iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü olaraq orduya yazılan vətənpərvərlərdən biri olmuşdu. Sentyabr ayında müharibə başlayanda isə ön cəbhəyə yollanaraq, Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşub, şəhərin azadlığa qovuşmasının sevincini yaşayıb. Təəssüflər olsun ki, tam qələbəmizə cəmi 1 gün qalmış, noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq, şəhid oldu.

Elvin İmaməliyev kimi vətənpərvər gəncliyin yetişməsi gənclərə yönəlik starteji siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin gəncliyə ünvanlanmış aşağıdakı fikirləri bugünkü gəncliyi özündə ehtiva edir: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Bu tarixi fikirlərin zəngin fəlsəfi məna daşıması bu tezislərin həyata keçirilməsini şərtləndirən əsas amilə çevrilir. Heydər Əliyevin Azərbaycan gəncliyinə yönəlik siyasətinin əsasını milli vətənpərvərlik xətti təşkil edirdi. Lakin Heydər Əliyev kortəbii vətənpərvərliyin əleyhinə olduğu üçün Azərbaycan gəncliyini mükəmməl təhsil almağa, dünyada gedən prosesləri dərindən öyrənməyə, xalqa və dövlətə sədaqətlə və layiqli xidmət göstərməyə səsləyirdi.

Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla cəmiyyətə tətbiq edilməsi və davamlılığının təmin olunması məhz vətənpərvər Azərbaycan gəncliyinin yetişməsinə münbit şərait yaratdı.

Təsadüfi deyil ki, müqəddəs Vətən Müharibəsi zamanı şəhid Elvin İmaməliyev kimi intellektual, vətənpərvər gənclik Ali Baş Komandanın çağırışına ilk səs verənlərdən oldu.

Elvin İmaməliyevin, bütün şəhid qardaşlarımızın xatirəsi daima hər bir azərbaycanlı, o cümlədən YAP üzvü üçün əziz olacaq və hər zaman hörmətlə anılacaqlar.

Allah Şəhidlərimizə rəhmət eləsin!