Saxta yolla verilən evlər jurnalistlərdən bu yolla alına bilər

Saxta yolla verilən evlər jurnalistlərdən bu yolla alına bilərJurnalistlərin binasında mənzil almaq üçün saxta sənəd verənlər də məsuliyyət daşıyır.

Avrasiya.net xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov jurnalistlər üçün tikilən ikinci binada KİV nümayəndələrinə mənzillərin verilməsi qaydaları və şərtlərinin pozulması faktlarına aydınlıq gətirərkən deyib. Vəkilin sözlərinə görə, həmin şərtlərdən kənar ev alan jurnalistlərin hər biri məsuliyyət daşıyır:

"Axırıncı iş yerində 5-6 ay işlədiyi müddətdə ev alıblarsa, onlara həmin evi verənlər də məsuliyyətə cəlb olunmalıdır. Jurnalistlərə ev bağışlanmaq müqaviləsi üzrə verilib. Dövlət bu halda həmin müqavilənin etibarsız, əhəmiyyətsiz sayılması əsasında məhkəməyə müraciət edə bilər ki, evi jurnalistlərin əlindən ala bilsin".

Qeyd edək ki, jurnalistlər üçün tikilən ikinci binada KİV nümayəndələrinə mənzillərin verilməsi üçün əsas qaydalar və şərtləri açıqlanmışdı. Ev almaq üçün namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.