Qürurlu, məğrur, ləyaqətini həmişə yüksək tutan millət fədaisi – Əhməd bəy Ağaoğlu

Qürurlu, məğrur,  ləyaqətini həmişə yüksək tutan millət fədaisi – Əhməd bəy AğaoğluXIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində bir çox cəhətdən sivilizasiyaya qovuşmuş Qərbin əksər sahələrdə geridə qalmış Şərqə ayrı-ayrı üsul və formalarla müdaxiləsi onu tədricən silkələdi. Dünya imperializminin qüvvətlənməsi fonunda hegemonçuluq siyasətinə qarşı yeni qüvvələr meydana çıxmağa başladı. Bu tarixi zərurəti həqiqətə çevirə biləcək ideya, hər şeydən öncə, artıq zamanın qabaqcıl məfkurələrindən birinə çevrilməkdə olan türkçülük və türk millətçiliyi oldu. Bu ideologiyanın təməlini, əsasını qoyanlar isə Qərbin ən intellektual potensialı toplaşmış universitetlərində təhsil alıb qayıtmış Əhməd bəy Ağaoğlu kimi əsl türk ziyalıları idi. Həmin dövrdə dünyada gedən prosesləri öz xeyrinə dəyişmək siyasətini ardıcıl olaraq həyata keçirən Rusiya imperiyasının müstəmləkəsi olan Azərbaycanda və digər türk dövlət və topluluqlarında millətçilik edənlər, bu ideologiyanı daşıyanlar üçün heç də asan olmayan siyasi şərait mövcud idi. Buna görə də Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Yusuf Akçura, Zəki Vəlidi Toğan, İsmayıl Qaspiralı kimi ziyalılar Türkiyəyə mühacirət etdilər.

Türkiyədə isə Azərbaycanda olduğu kimi ümmətçilik və millətçilik arasında kəskin fıkir dartışmaları gedirdi. Əslində bu dartışmanı Osmançılıqla yeniləşmə - Türkiyəçilik arasında mübarizə kimi xarakterizə etmək olar. Mübarizənin ikinci tərəfində çağdaş Türkiyənin qurucusu və dünyanın çox böyük dövlət və siyasət adamı Mustafa Kamal Atatürk dayanırdı. Azərbaycan ictimai-siyasi düşüncə tarixində önəmli rola malik olan Əhməd bəy Ağaoğlu türk dünyasının ideoloqu kimi Atatürkün mübarizə apardığı Qərbyönlü Türkiyə uğrunda mübarizlərdən biri oldu. Ağaoğlunun Atatürkə və onun apardığı böyük mübarizəyə münasibəti həm də Türkiyəni özünə daim örnək və arxa sayan Azərbaycan türkünün münasibəti idi.

Əhməd Ağaoğlu XX əsr Türk düşüncə və siyasi həyatında önəmli rol oynamış öndərlərdən biridir. Türk və ümumən İslam xalqlarının ancaq Qərb mədəniyyətinin prinsiplərini həyat tərzlərinə daxil edərək xilas olmaq inancı Əhməd Ağaoğlunu türk milliyyətçiliyinin öndər düşüncəli şəxsiyyətlərindən birinə çevirmişdir. Əhməd Ağaoğlunun düşüncələri zaman-zaman şahidi olduğu hadisələr və aldığı təhsillə formalaşmışdır.

Ə.Ağaoğlu xalqı hərəkata cəlb etmək üçün hər addımda cəhd göstərmişdir. Aramsız erməni hücumları türklərin təşkilatlanmasını sürətləndirmiş və Ə. Ağaoğlu "Difai" adlı təşkilat yaratmışdır. Lakin Rusiya tərəfindən ciddi təqib olunması Ə.Ağaoğlunun Azərbaycanı tərk edib Türkiyədə yaşamasına səbəb olmuşdur.

Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və tərəqqi partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. AXC dövründə Bakıda parlamentə üzv seçilir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və tərəqqi partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.
Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.

O, Cümhuriyyətlə bərabər, Anadolu və Rumeli Müdafaa-i Hukuk Cəmiyyətinin davamı olaraq qurulan Cümhuriyyət Xalq Partiyasının ilk nizamnaməsini tərtib edənlərdən biri olmuşdur.

Ə.Ağaoğlunun yazılarını tədqiq edərkən önəmli məqamların Azərbaycandakı yeniləşmə hərəkatı ilə bağlı olduğunun şahidi oluruq. Ağaoğlu Azərbaycanın iqtisadiyyatı haqda fikirləşərkən Fransada olduğu illərdə iqtisadiyyatla bağlı fikir cərəyanlarını yada salmış və bu sahədəki çalışmaları onu fərd azadlığına əsaslanan liberalizmə yönəltmişdir. Azərbaycanda milli mətbuat uğrunda apardığı çalışmaları göz qabağındadır. Dili toplum üçün önəmli ünsür hesab etmiş və bu düşüncəsindən heç vaxt ayrılmamışdır. Milli tərbiyə və milli şüur mövzularında isə cəmiyyətdə əxlaq nədir, necə olmalıdır suallarına cavab verməyə çalışmış, cəmiyyətdə əxlaqın önəmini hər fürsətdə dilə gətirmişdir. Bu səbəblə, Ə.Ağaoğlunu Azərbaycandakı yeniləşmə hərəkatının lideri adlandırmaq olar.

1906-1907-ci illər şimal türkləri arasında milliyyətçilik, türkçülük hərəkatının ən canlı dövrüdür. 1905-1907-ci illərdəki fəaliyyətlər ilk baxışda Rusiya Müsəlmanları adı altında aparılmışsa da, əslində bu, milli hərəkatdır.

1905-ci ildə İllarion Vorontsov-Daşkov Qafqaz canişini təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır. Canişinin dəstəyinə arxalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. İş o həddə çatır ki məsələ Rusiya İmperiyasının nazirlər komitəsində belə müzakirə edilir. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.

1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Halbuki müsəlmanların itkiləri qat qat artıq idi. Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılar belə gedirdi. Məhz əsl həqiqətləri insanlara çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək üçün Əhməd bəy Ağaoğlu "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalədən sonra bəzi erməni müəlliflər belə hadisələrlə bağlı mətbuatda yalan məlumatların yayıldığını etiraf etmişlər.

1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Adil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər.

Ə.Ağaoğlu "Türk Yurdu"nun ilk sayında "Türk Aləmi" adlı yazı silsiləsinə başlayır. Bu məqalələrdə Türk dünyasının parçalanmasından heyfsilənən Ə.Ağaoğlu məsələnin həll yollarını axtarır. Ə.Ağaoğlu sətirlərinə Türk dünyasının sərhədlərini cızaraq başlayır. Təbii ki, bu işin çox çətin olduğunu da bildirir. Ə.Ağaoğlu yenə bu ilk yazısında Türklərin dünyanın dörd tərəfinə yayıldığını, lakin müxtəlif səbəblərdən bu böyük sahədə bəzən öz kimliyini, səciyyəsini itirdiyini ifadə edir. Bu günkü hindlilərin, əfqanların, rusların, polyakların, əlcəzairlilərin, tunislilərin, misirlilərin damarlarında dolaşan qanın nə qədərinin Türk qanı olduğunun bilinmədiyini deyən Ə.Ağaoğlu. Türklərin bu şəkildə dünyaya paylandığını, digər millətlərə təsirini və digər dövlətlərə yardımını dilə gətirmişdir.

Ə.Ağaoğlu Türklərə Türk kültürünü, Türk tarixini, Türk mədəniyyətini xatırlatmaq, öyrətmək arzusundadır. Ə.Ağaoğlunun təfəkküründə Türklük və Türkçülük bir millətin oyanışı kimi təzahür edir. Bu dönəmdə Türklük və Türkçülük nəzəriyyələri araşdırılmırdı. Türklük və Türkçülüyü birləşdirici ünsür kimi istifadə edən ilk insanlardan biri Ağaoğludur.

1869-cu ildə Şuşada dünyaya göz açmış və Vətənində firəng Əhməd deyə adlandırılan Əhməd bəy Ağaoğlu hər şeydən əvvəl qürurlu, məğrur, heysiyyətini və ləyaqətini həmişə yüksək tutan millət fədaisi idi.

Əhməd bəyin ömrü - mübarizələrlə keçən, rastlaşdığı müqavimətlərə sinə gərən, əzab-əziyyətlərlə, itkilərlə, xəyal qırıqlığıyla dopdolu və bütün bunlara rəğmən daim tutduğu yolla dönmədən irəliləyən şərəfli və əyilməz bir həyatdır.

Yeniyetməlik dövründən Şuşadan ayrılmış və bir daha doğma şəhərə gələ bilməmiş Əhməd bu həsrəti həmişə qəlbində daşımışdır. Əhməd bəyi tanıyanların şəhadətinə görə, otuz ildən artıq Türkiyədə yaşasa da, ömrünün sonuna kimi Qarabağ ləhcəsiylə danışırmış.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Bu gün Şuşa erməni işğalından azad edilib. Tezliklə Azərbaycan hökuməti Şuşanın simasını özünə qaytaracaq. Türk dünyası mədəniyyətinin beşiyi sayılan Şuşada möhtəşəm parklar, meydanlar, küçələr salınacaq, məktəblər, universitet, mədəniyyət mərkəzləri tikiləcək. Artıq müəyyən ideya və təkliflər səslənir. Onlardan biri də Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən edilib. Baxçalı Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən ibtidai məktəb açılmasını təklif edib. Dövlət Baxçalı Azərbaycan himninin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Şuşada anadan olmuş Üzeyir Hacıbəyliyə məxsus olduğunu qeyd edib.

MHP lideri məhz buna görə də təməlqoyma mərasimin yanvarın 30-da keçirilməsini və inşa ediləcək məktəbə Üzeyir Hacıbəylinin adının verilməsini arzu etdiklərini bildirib.

Yaxşı olardı ki, Şuşada anadan olan milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınan, Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, publisist və tənqidçi, hüquqşünas və şərqşünas Əhməd bəy Ağaoğlunun da adı əbədiləşdirilsin. Şuşada ev muzeyi yaradılsın, tikiləcək tədris ocaqlarının birinə adı verilsin.

Elxan