"Şuşaya kəndirlə dırmandıq" - Döyüşçünün cəbhə xatirələri

"Şuşaya kəndirlə dırmandıq" - Döyüşçünün cəbhə xatirələriAzərbaycan ordusu təxminən otuz ildir Ermənistan ordusunun işğalı altında qalmış torpaqlarımızı azad etdi. Təbii ki, 3 min civarında şəhid verdi, minlərlə əsgərimiz yaralandı, amma düşməni vətən torpaqlarından qovub çıxarmağı bacardı.

Torpaqlarımızın azad edilməsində iştirak etmiş və ilk gündən döyüşlərə atılaraq, qələbə gününü Şuşada qeyd edən şanlı əsgərlərimizdən biri də Cəmildir – Cəmil Qəribov. Göyçayın Hüngütlü kəndində yaşayır. Ailənin tək oğludur, əlbəttə bir bacısı da var, amma çoxdan ailə qurub köçdüyündən bu gün valideynlərinin tək təsəllisidir.

“Neçə əsgər yoldaşım həlak oldu...”

Cəmillə qapıbir qonşusu və qohumu, körpəlikdən bir yerdə böyüdüyü ən yaxın dostu Fəridgildə söhbətləşdim. Ali Baş Komandan tərəfindən “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif edildiyini, üstəlik cəbhədə olduğu 90 gün üçün bəlli bir miqdarda pul da alacağını sevinclə dilə gətirən qəhrəmanımız deyir ki, bütün bunlar dövlətin müharibə iştirakçılarına qayğısını göstərir...

Cəmil deyir ki, ehtiyyatda olan hərbi qulluqçu kimi, orduya ikinci dəfə sentyabrın 21-də çağrılıb, ayın 27-də - torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatları başlayan kimi Cəbrayıl istiqamətində döyüşlərə atılıb. “İlk gün müharibənin zəhmi bir az qorxudurdu, özümdə narahatlıq, stres hiss edirdim. Çünki sutka boyu atışma gedirdi, hər an gülləyə tuş gələ və ya ani partlayacaq bombanın, raketin qurbanı ola bilərdim. Amma bütün narahatlıqlar 1-2 günə ötüb keçdi. Artıq müharibənin amansız qaydalarına uyğunlaşmışdım, nə bomba, nə güllədən qorxurdum, bütün istəyim irəli getmək, heç olmaya bir düşməni öldürüb heyfimi çıxmaq idi”, - deyir gənc qəhrəmanımız.

Cəmilin sözlərinə görə, onun üçün müharibənin ən böyük dəhşəti bir yerdə yeyib-içdiyi, söhbət etdiyi əsgər yoldaşını itirmək idi. “Neçə əsgər yoldaşım həlak oldu... Çiyin-çiyinə irəli şığıdığımız əsgər bir anın içindəcə şəhid olurdu, bu çox ağır idi. Xüsusilə də Cəbrayıl şəhərini alarkən çox şəhid verdik. Düşmən bu ərazidə çox güclü mövqe tutmuşdu, yəqin ona görə ki, şəhərin Azərbaycan ordusu tərəfindən azad edilməsinin erməni əsgərlərdə ruh düşkünlüyü yaradacağından qorxurdular. Amma Allahın izni ilə şəhəri azad etdik. Tək biz şəhid vermirdik, düşmən bizdən iki dəfə çox itkiyə uğrayırdı. Heç meyitlərini döyüş meydanındsan çıxarmağa səy də göstərmirdilər, zərbələrimizə tab gətirməyərək qaçırdılar” deyən müsahibimizə görə, müharibədə iştirak etdiyi 44 gün ərzində ən şiddətli döyüşü Füzulidəki “Vodoprom” deyilən ərazidə yaşayıb. Deyir burada düşmən işğal dövründə möhkəmlənmək üçün nə lazımdırsa etmişdi. Yerin altı da cəbbəxana idi, üstü də. Amma bu istehkam yüksək döyüş hazırlıqlı Azərbaycan ordusunun qarşısında bir neçə günə darmadağın olub, düşmən cəbbəxanası ilə birlikdə məhv edilib.

Hər gün 5-10 kəndi azad edirdik

Cəmilin dediklərindən: “Buranın coğrafi relyefi fərqli idi, iki dağ arasında uzanan dərə tuneli xatırladırdı. Təsəvvür edin: irəli getmək üçün həmin tuneli keçmək lazım idi, ora da düşmən tərəfindən bağlanmışdı. Döyüş boyunca ən çox şəhidi, deyərdim ki, elə orda vermişik. Bölükdə qonşu kənddən bir əsgər vardı - Toğrul. Çox yaxşı xasiyyəti vardı, ən azından eyni rayonlu - yerli kimi isti münasibət qurmuşduq. “Vodoprom”da döyüşə ağır yaralandı, güllənin altından çıxarsaq da, sonradan eşitdim ki, həkimlər xilas edə bilməyib, qan aparıb, şəhid olub. Amma çox qəribədir, “Vodoprom”u azad edəndən sonra cəbhə boyunca quş kimi uçurduq. Elə gün olurdu, bir sutkada 3, bəzən 5, hətta 10 kəndi təpələrlə birlikdə azad edirdik. Çünki düşmənin dirənişi qırılmışdı, tankı-topu, əllərindəki avtomatı belə ağırlıq etməsin deyə atıb qaçırdılar. Təsəvvür edin, Hadrut kimi iri şəhər tipli qəsəbəni bir göz qırpımında azad etdik. O qədər gözəl yerdir ki, Hadrut, küçələri asfalt, evləri-binaları gir yaşa, suyu, işığı, qazı yerində, dükanlar, aptekləri dolu. Hərbi hospital da vardı, bu da biz əsgərlərə lazımlıydı”.

Cəmil deyir ki, ordakı hər bir əsgər kimi onun da ürəyində bir arzu vardı: Şuşaya bayraq sancmaq. Deyir ki, Cəbrayılı, Füzulini, Hadrutu, yüzlərlə kəndi, dağı-təpəni azad etmişdilər, hamısı vətən torpağıdır, amma Şuşasız uğurlarında çatışmazlıq duyurdular. Ona görə də bütün fikirlərini Şuşanı azad etməyə kökləmişdilər. Əslində, Hadrutu azad edəndən sonra bu zəfər qalamıza gedən yol daha da qısalmışdı. Əsas məsələ Daşaltını ermənilərdən təmizləməklə yolu açmaq idi. Nəhayət, həmin an yetişdi, kəndə sarı hücum başladı. “Ərazisi çox keçilməz - dağlıq-qayalıqdır. Böyük kənddir, bir tərəfi üstündə Şuşanın yerləşdiyi sıldırımlı dağla əhatə olunur. Amma ermənilər təşviş içindəydilər, döyüş ruhları tamamilə ölmüşdü deyə Daşaltını azad etmək bizə çətin olmadı”, - deyir müsahibimiz.

Düşmən bizi oradan gözləmirdi

Cəmil Şuşanın təmizlənməsi prosesini belə nağıl edir: “İçi mən qarışıq, hər bir əsgərin arzusuna çatacağı an yetişmişdi – Şuşa şəhərinin azad edilməsi üçün hücuma başlamışdıq. Şuşaya əsasən bir yol vardı, o da Xankəndi istiqamətindən qalxırdı. Oranı isə erməni ordusu ağır texnika ilə bağlamışdı. Amma biz hücumda o yolu seçmədik, şəhərin arxa tərəfindən – dağın dik-sıldırım yamacından daxil olmaq haqda əmr aldıq. Kəndirlərlə qayalara dırmanmaq olduqca çətin idi, üstəlik üzərimizdəki silah çəkimizi bir az da ağırlaşdırırdı. Amma arzu elə hissdir ki, ona yetmək üçün heç bir çətinlik adama əngəl ola bilməz. Beləliklə, şəhərə əks tərfdən daxil olduq. Düşmən bizi oradan gözləmirdi, qəfil hücuma keçdik, pərən-pərən düşdülər. Silahla, əlimizdəki adi bıçaqlarla, hətta əlbəyaxa döyüşlə məhv etdiyimiz erməni leşləri küçələrdə sərilib qalmışdı. Qısa vaxtda Şuşanı azad elədik, ona görə də çox xoşbəxtəm. Ömrüm boyu da Şuşanı azad edənlərdən biri olduğum üçün fəxr edəcəyəm”.

Hə, qəhrəmanımız deyir ki, Şuşanın hər şeyi bir yana, havası çox təmizdir. Noyabrın 3-dən 27-dək – ordudan tərxis olunduğu günədək orada olub. Ermənilərin xaraba günə qoymasına baxmayaraq, Şuşa cənnətdir. “Bütün şəhəri gəzmişəm, minarəsi, içi uçurulub dağıdılmış məscidə getdim, məhşur həpsxanaya da baş çəkdim. Çox təəssüf ki, muzeylərimizi, tarixi abidələrimizi, ümumiyyətlə, bizə ain olan hər şeyi ya məhv ediblər, ya da özləninkiləşdirməyə çalışıblar. Məsələn, məscidin divarına xaç çəkiblər, bu olan şey deyil axı. Amma əvvəl azad etdiyimiz yerlərdən fərqli olaraq, Şuşada evlərin əksəriyyəti yerindədir. Bizə aid evlərdən də qalıb, işğal dövründə özləri də tikiblər. Beş, doqquz qatlı binalar gördüm, otel vardı. Ermənilər orada yaşayırdı axı, ağıllarına da gəlməzdi ki, Azərbaycan ordusu Şuşanı azad edib əsl sahiblərinə qaytaracaq. Şəhərdə kilsələri də var, elə bəzəyiblər ki, işıq saçır. Bununla da oranın xristian-erməni şəhəri olduğunu göstərməyə çalışıblar”, - deyən müsahibimizin sözlərinə görə, Şuşanın mövqeyi elədir ki, regionda hər yerdən yuxarıdadır. Şəhərin açıq bir yeridən baxanda Laçını, Xankəndini görmək mümkündür. “Xüsusilə də Xankəndini, böyük şəhərdir, gecələr şəhərdə işıqlar yananda elə qəşəng görünürdü ki...”, - təəssüflə əlavə edir.

Əsirlər Paşinyanı söyürdülər...

Müsahibimiz deyir ki, əslində ermənilər çox qorxaqdırlar, döyüşməmək üçün silahı atıb təslim olurdular. “Təsadüfən mülki adamlar da tuturduq. Məsələn, bir qadın tutmuşduq, deyirdi guya satıcı işləyir, hamı qaçıb, o qalıb. Sonradan bəlli oldu ki, yalan danışır, hərbçidir, özü də komandirin yaxınıymış. Bəzən hərbçiləri də əsir götürürdük. Hər biri bütün günahları erməni komandanlığında, xüsusilə də Paşinyanda görür, onu ən kəskin şəkildə söyürdülər. İnanmazsınız, kənardan baxan deyər biz onları məcbur edirdik Paşinyanı söyməyə, vallah yox, özləri söyürdülər. Biri vardı, deyirdi onu Qarabağa zorla gətiriblər döyüşməyə, hansı ki, gəlməmək üçün çox fırıldağa əl atıb, xeyri olmayıb. Onlar özləri deyirdilər ki, döyüşdükləri bu torpaqların Azərbaycanın olduğunu yaxşı bilirlər, amma nə etsinlər, siyasətçilər onları zorla ölümə məhkum edir”, - deyir Cəmil.

Qəhrəmanımız deyir ki, döyüşlərin getdiyi 44 gün ərzində torpağın üstündə, yağışlı havalarda bir qaya-filan tapıb altında növbəli şəkildə gözlərinin yuxusunu alıblar. Bu da təbidir, çünki dünyanın harasında olur-olsun, döyüş meydanında rahatlıq axtarılmır. Deyir ki, amma insafən, yemək-içməklərinə söz ala bilməzdi. Ön cəbhədə olsalar da, yeməklərini vaxtlı-vaxtında, həm də ən yaxşısından veriblər.

“O vaxt ermənilər bizim camaatı ayaqyalın qovmuşdular, amma biz bu vəhşiliyi etmədik onlara qarşı. Düzdür, mülki əhali biz yaşayış yerinə çatmadan ev-eşiyini atıb, əlbəttə imkanı olan nəyi vardı götürüb qaçmışdı, ancaq biz yenə də onların evlərini talan etmirdik. Kimsə nəsə götürsün, ağlına belə gətirmirdi, yəqin bu bizim milli xüsusiyyətimizdən irəli gəlir. Üstəlik, komandanlıqdan əmr vardı: mülki insanlara qətiyyən zərər vermək olmaz! Bir söz də deyim: müharibədə biz əsgərlərə ən çox dronlar kömək elədi. Səsi gələndə adamı vahimə basırdı. And olsun ki, dronun səsini eşidəndə ermənilər siçan deşiyi axtarırdı gizlənməyə. Tankdan düşüb qaçırdılar, bilirdilər ki, saniyələr sonra dron məhv edəcək onları. Özü də əvvəl səsi eşidəndə çaşıb-qalırdılar. Yəqin ki, dronun nə olduğunu ya bilmidilər, ya da müharibədə onunla üzləşəndə nə edəcəklərinə dair təlim keçməmişdilər. Bir onu bilirəm ki, müharibənin sonlarına yaxın ermənilər texnika tapmırdı bizə qarşı çıxarmağa, dronlar hamısını bir-bir dənləmişdi”, - deyir Cəmil.

Vüsal Tağıbəyli