Sizin Reklam Burada

Bir medalın iki üzü

Bir medalın iki üzüYaxud Həmrəylik Günü ərəfəsində həmrəyliyə vurulan zərbə

18 ildir fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi haqqında bu gün də birmənalı olaraq müsbət fikir söyləmək mümkün olmur. Zaman-zaman Komitə öz fəaliyyətində dönüş yaratmaq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları arasında əlaqələri genişləndirmək, ayrı-ayrı ölkələrdə mövcud olan və bir-birini qəbul etməyən diaspor təşkilatları arasında incikliyi aradan qaldırmaq istiqamətində fəallıq nümayiş etdirməyə cəhd göstərsə də, lakin bu müsbət tendensiya davamlı olaraq müşahidə edilməyib. Sanki bir atımlıq barıt effekti verib ki, bunun da müxtəlif səbəbləri var. Həmin səbəbləri bir-bir sadalamadan ən mühüm olanını qeyd etmək istəyirəm ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bir-birindən incik düşən, bir-birini qəbul etməyən diaspor təşkilatlarından birinə üstünlük verməsidir. İstər əvvəlki rəhbərlik zamanında, istərsə də hazırda bu neqativ hal davam etməkdədir. Odur ki, üzdə Komitə həmin incik təşkilatlar arasında barışıq yaratdığını göstərsə də, arxada tamam başqa proseslər gedir. Ən azı Diasporla İş üzrə Dövlət Komitəsinin saytında yer alan xəbərlərə diqqət yetirdikdə bu mənzərə aydın şəkildə ortaya çıxır.

Dəyişən rəhbərlik, dəyişməyən fəaliyyət

Bu problemi çox uzatmadan keçirəm yazıya hansı səbəbdən bu başlığı qoyduğuma aydınlıq gətirməyə. Məlum olduğu kimi 2002-ci ildə hazırkı Dövlət Komitəsi yaranarkən ona sədrlik Nazim İbrahimova həvalə edilmişdi. Daha dəqiq desək o zaman ümummilli lider Heydər Əliyev Nazim İbrahimovu Komitəyə sədr təyin etmişdi. Etiraf edək ki, Nazim İbrahimov Komitəyə rəhbərlik etdiyi ilk illərdə bu sahədə müsbət dəyişikliklərə nail oldu. Qısa müddətdə dünyanın müxtəlif ölkələrində onlarla yeni diaspor təşkilatları, bir qədər sonra isə bir neçə təşkilatları birləşdirən konqreslər, assambleyalar təsis edildi. Hətta günümüzdə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da məhz Komitənin təsis edildiyi ilk illərdə yaranan təşkilatlardır. Lakin sonrakı illərdə Komitənin fəaliyyətində indiki kimi diaspor təşkilatları arasında tərəf tutmaq, seçim etmək, rəhbərliyə daha yaxın olanları irəli çəkmək, onları təltif etmək kimi mənfi elementlər özünü büruzə verməyə başladı. Vəziyyət o həddə çatdı ki, hətta ayrı-ayrı təşkilat rəhbərlərinin təltif olunması prosesində adlarının siyahıya salınması zamanı onlardan rüşvət tələb edildiyi, bəzi təşkilatlar adına maliyyə dəstəyinin sənədləşdirildiyi, lakin həmin məbləğin bir-iki nəfər arasında bölündüyü barədə fikirlər gündəmə gəldi. Bütün bunlar tam araşdırıldıqdan və bir çox şübhələr təsdiqləndikdən sonra Nazim İbrahimov dövlət başçısı tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Onun yerinə Cənab Prezident Fuad Muradovu komitə sədri təyin etdi.

Səmimi deyirəm ki, Fuad Muradov da ilk aylardakı fəaliyyətində aktivlik nümayiş etdirərək diaspor təşkilatları arasında birlik, bərabərliyi təmin etməyə, Azərbaycan diasporunun gücünü daha da artırmağa çalışdı. Bir-birinin ardınca xarici ölkələrə səfərlər etdi, Koordinasiya Şuraları yaratdı. Uzun illərdən bəri Ukraynadakı diaspor təşkilatları arasında mövcud olan problemi, incikliyi aradan qaldırmaq üçün hər iki tərəflə görüş keçirdi, onları üzdə barışdırdı da. Onu da qeyd edim ki, həmin ərəfədə həm yeni rəhbərliyin, həm də Komitənin atdığı ilkin müsbət addımlara istinad edərək diaspor sahəsində müşahidə edilən müsbət tendensiyaları təqdir edən yazı da yazmışdım. Təəssüflər olsun ki, ümidlərimz doğrilmadı. Yenidən pərdə arxasında başqa oyunlar getdi. Bilərəkdən və ya bilməyərəkdən Komitənin fəaliyyəti Muradovun sələfinin fəaliyyətindən heç nə ilə fərqlənmdi. Hamıya eyni gözlə baxmaq prinsipindən uzaq düşən Komitə təşkilatlar, onların liderləri arasında fərq qoymağa başladı. Yenə də Azərbaycana, milli maraqlara xidmət etmək deyil, rəhbərliyə yarınmaq prinsipi ön plana keçdi. Bir sözlə Komitə, onun indiki və keçmiş rəhbərliyinin timsalında bir medalın iki üzünü gördük. Bir sözlə Komitədə rəhbərlik dəyişsə də, fəaliyyət dəyişmədi.

Fransa, Belçika, Niderland uğursuzluğu fonunda DİDK-in “fəaliyyəti”

Bəli, bir çoxları irad tuta bilər ki, Komitəyə ünvanlanan bu fikirlər doğru deyil, yaxud qərəzli yanaşmadır. Diasporla İş üzrə Dövlət Komitəsi pandemiyanın birinci dalğasında, yaxud 44 günlük Vətən müharibəsi zamanında fəal oldu. Əzizlərim, bunu sırf Diasporla İş üzrə Dövlət Komitəsinin ayağına yazmağınız məncə absurd yanaşmadır. Birinci halda, pandemiyanın ilk dalğasında soydaşlarımız ortaya bir insanlıq, xeyirxahlıq örnəyi qoyurdular. Hələ Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki təşkilatlara dəstək vermədən xeyli əvvəl bir çox ölkələrdə fəaliyyət göstərən təşkilat və cəmiyyətlərimiz fərdi qaydada bu xeyirxah işlə məşğul olur, soydaşlarımıza yardım əli uzadırdılar. Günümüzdə də təşkilatlar fərdi qaydada bu xeyirxah missiyanı müxtəlif mənbələr hesabına davam etdirirlər.
O ki, qaldı 44 günlük Vətən müharibəsi günlərində xaricdəki soydaşlarımızın aktivliyinə, hesab edirəm ki, bunu da sırf Komitənin adına bağlamaq doğru deyil. 44 günlük Vətən müharibəsi dövründə xaricdəki hər bir soydaşımız, hətta dünənə qədər Cənab Prezidentə qarşı olan “siyasi mühacirlər”in də qəlbi Azərbaycanla döyünür, hər kəs Qarabağ deyə hayqırırdı. Bunları birləşdirən, Qarabağ savaşında mütəşəkkil edən isə hansısa dövlət qurumunun fəaliyyəti yox, Cənab Prezidentin, Ali Baş Komandanın qətiyyəti, iradəsi, dönməzliyi və ard-arda qələbələrə imza atması idi. Diasporla İş üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyətindən o zaman söz aça bilərdik ki, Fransa Senatı, yaxud Belçika, Niderland parlamentində Azərbaycan əleyhinə qəbul edilən sənədləri önləyə bilərdik. Yaxud hansısa ölkənin parlamentində Azərbaycanın xeyrinə qərar qəbul edilməsinə nail olardıq. Təbii ki, bunların heç birini müşahidə etmədik. O zaman DİDK-in uğurlu fəaliyyətindən də danışmaq məncə yersizdir.

QHT səviyyəsindən kənara çıxa bilməyən Dövlət Komitəsi

DİDK rəhbərliyinin fəaliyyətində bu müddət ərzində müşahidə edilən digər bir mənfi cəhət isə ondan ibarətdir ki, Komitə hələ də QHT, daha dəqiq desək Gənclər Təşkilatları Milli Şurası səviyyəsindən kənara çıxa bilməyib. Artıq bir neçə ildir ki, Komitə gənclərin yay düşərgəsi adlı tədbir keçirir və həmin tədbirə xarici ölkələrdə təhsil alan və ya fəaliyyət göstərən gəncləri cəlb edərək onlara Qarabağdan, Azərbaycanın apardığı haqq işi uğrunda mübarizədən danışır. Halbuki həmin gənclərimizə bunları anlatmaq yersizdir. Çünki onlarda problemlərimiz, ermənilərin təcavüzkar siyasəti barədə kifayət qədər məlumat var. Olmazmı ki, hər il yüzlərlə azərbaycanlı gənci bir yerə yığıb bunun üçün milyonlarla manat sərf etmək (onu da dəqiqləşdirmək lazımdır həmin vəsair necə xərclənir) əvəzinə hər dəfə yay düşərgəsinə 10-15 ölkədən qeyri-azərbaycanlı olan gənci dəvət edib onlara problemləri anlata və onların timsalında Azərbaycanın müxtəlif ölkələrdə müdsafiəçilərini təşkil edəsiniz? Nə vaxta qədər öz dərdimizi yalnız özümüzə anlatacağıq? Sizə elə gəlmirmi ki, Fransa, Belçika, Niderland uğursuzluqlarının kökündə məhz atılan bu kimi yalnış addımlar dayanır.

Düşməni sevindirən addım

Nəhayət, gəlirəm DİDK rəhbərliyinin həftə sonu, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində həmrəyliyə hesablanmış, lakin həmrəyliyə zərbə vuran tədbirinə. Daha dəqiq desək Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor fəaliyyətində xidmətləri olan şəxsləri təltif etməsinə. Əvvəla onu qeyd edim ki, təltif edilənlər sırasında kifayət qədər bu medalı haqq edənlər var və onları ürəkdən təbrik edirəm. Ancaq elə Komitə rəhbərliyinin özünə də bəllidir ki, adları siyahıda olan bəzi diaspor nümayəndələrimiz nəinki həmin medalı, hətta medalın qutusunu belə almağa layiq deyillərdi. Söhbət burada diaspor üzvü kimi fəaliyyətdən gedir. Əgər indiki Komitə rəhbərliyi də təltifetmə prosedurunda sələfinin səhvini təkrar edirsə, deməli bu məsələdə də bir medalın iki üzü ilə rastlaşırıq. Təəsüf ki, hər iki üz də eynidir.

Mənim qənaətimə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində DİDK topu tam doqquzluğa vurdu. Təbii ki, mənfi mənada. Ümummilli liderin bizə miras qoyduğu bu gün ərəfəsində DİDK həmrəyliyə töhvə vermək əvəzinə, kimlərinsə, hansısa künc-bucaqda hazırladığı siyahı ilə həmrəyliyə zərbə vurdu. Uzun illər Azərbaycan uğrunda xaricdə mübarizə aparan diaspor fəallarını incik saldı. Artiq ona yaxın təşkilat rəsmi şəkildə DİDK-in bu seçiminə etirazını bildirərək Komitənin təltiflərindən də imtina edib. Düzdür, onların əsasm istinad və inam, güvənc yeri Azərbaycan dövləti və onun prezidenti Cənab İlham Əliyevdir. Ancaq bütün halda düşünülməmiş şəkildə, kimlərinsə maraqlarına xidmət edən bu siyahı ümumi işimizə zərbə vurmuş oldu. Elə əzəli və əbədi düşmənlərimiz olan erməni lobbisinə də bu lazım idi və son prosesləri düşməni sevindirən addım kimi xarakterizə etmək olar.

P.S. Xahiş edirəm yazıya etirazını bildirmək istəyənlər real faktlarla çıxış etsinlər. Komitəyə yarınmaq üçün gəlişi xoş olan fikirlər səsləndirməsinlər.

Süleyman İsmayılbəyli
Əməkdar jurnalist

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər