Azərbaycan bəhailəri dini mərkəzi: “Haqq-ədalətin qalib gəlməsi üçün dua edirik”

Azərbaycan bəhailəri dini mərkəzi: “Haqq-ədalətin qalib gəlməsi üçün dua edirik”Azərbaycan xalqı sülhpərvər xalqdır. Bunun sübuta ehtiyacı yoxdur. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin son illərdə multikulturalizm və tolerantlıq, ölkəmizin humanitar dialoq platformasına çevrilməsi sahəsində gördüyü işlər, ölkəmizdə çoxsaylı xalqların və dinlərin azad və ahəng içərisində yaşaması bunun bariz nümunəsidir.

Azərbaycan bəhailəri dini mərkəzi tərəfindən Avrasiya.net-ə daxil olan müraciətdə deyilir ki, xalqımız 30 il ərzində ürək ağrısı ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması ümidi ilə yaşamışdır. Təəssüf ki, maraqlar və təəssübkeşliklər üzündən ədalətsizliyə göz yumulmuşdur. Bu gün dünyanın ən böyük ehtiyacı sülh və birlikdirsə, onun da açarı ədalətdir. Ona görə də ədalət yerini tutmalıdır ki, bölgəmizə və dünyaya sülh gəlsin.

Ölkəmizdə bəhailər də Azərbaycan vətəndaşı olaraq bu şərəfli tarix yazılan günlərdə Vətənimizin xidmətindədirlər, həm də yeni şəraiti nəzərə almaqla icma kimi fəaliyyətlərini davam etdirirlər.
İcma üzvləri uşaqlar və yeniyetmələrin də iştirakı ilə ailələri və digər insanlarla birlikdə Azərbaycanın əmin-amanlığı, haqq-ədalətin qalib gəlməsi, əsgərlərimizin öz evlərinə sağ-salamat qayıtması, Vətən uğrunda həlak olmuş əsgərlərimiz və mülki vətəndaşlarımız üçün dualar edir, başqa ölkələrdə yaşayan bəhailərə Azərbaycan həqiqətləri barədə məlumat verirlər. Həmçinin icma üzvləri əsgərlərimizin ailələrini ziyarət edir, onlara maddi və mənəvi dəstək olurlar. Böyüklərlə birlikdə bəhailərin yaşadıqları məhəllələrdəki uşaqlar da cəbhədəki əsgərlərə sevgilərini ifadə edən hədiyyələr, məktublar göndərir, dualar edirlər.

Ya Rəbb! Bu ölkə Sənin himayənin kölgəsindədir və bu xalq Sənin xidmətindədir. Ya Rəbb! Onlara Sənin səmavi inayətini bəxş eylə və Öz sonsuz fəzl və bol lütflərini onların üzərinə yağdır. Bu möhtərəm milləti şərəfli saxla, məlakutuna daxil olmağa qabil eylə.
Sən Qüvvətlisən, Qadirsən, Mərhəmətlisən və Sən Səxavətlisən, Rəhmlisən və sonsuz Fəzl Sahibisən.