Fermerləri maarifləndirən layihə
“Bərəkət” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağlı istehsalat kooperativinin məhsullarının brendləşdirilməsi və keyfiyyət sertifikatının alınması istiqamətində maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrası başa çatıb. Layihə 2 ay müddətində Salyan rayonunun Qarabağlı kəndində icra edilib.
Layihə Salyan rayonunda yerləşən Qarabağlı istehsalat kooperativinin məhsullarının brendləşdirilməsi və İSO keyfiyyət sertifikatının alınması, "PECB Certified ISO 9001 Foundation" sertifikatının mahiyyəti, ISO 900 təməl bazası və Keyfiyyətin İdarəetmə Sisteminin (KİS) həyata keçirilməsi və idarəetmədə vacib elementlərinin, KİS-in müxtəlif modullarının, KİS siyasəti, prosedurları, rəhbərliyin öhdəlikləri, daxili auditin rolu və KİS-in tətbiqi üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi istiqamətində maarifləndirmə işini həyata keçirməklə, davamlı inkişafın təmin olunmasının mümkünlüyündən bəhs edir.
Layihənin məqsədi qeyd olunan coğrafi ərazidə ISO 9001:2015 standartının tələbləri, ISO 9001 standartın yeni 2015-ci il versiyası ilə 2008-ci il versiyası arasındakı fərqlər barədə məlumatın verilməsi, yeni standartın maddələrinin şərhi, KİS-in tətbiqi üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi və real nümunələr əsasında mövcud üstünlükləri göstərmək, elmi-nəzəri və praktiki cəhətdən əsaslandıraraq belə yanaşmanın öyrədilməsi, təbliği və tətbiqi komponentlərindən ibarətdir.
Layihə çərçivəsində “Biznesin inkişafında məhsul brendləşməsi və keyfiyyət sertifikatının rolu” adlı 500 nüsxədən ibarət kitab çap edilib. Kitab kooperativin üzvü olan fermerlərə paylanılıb.