QHT sədri əhəmiyyətli təkliflərlə çıxış edib - Prezidentin köməkçisinin QHT sədrləri ilə keçirdiyi görüşdə

QHT sədri əhəmiyyətli təkliflərlə çıxış edib - Prezidentin köməkçisinin QHT sədrləri ilə keçirdiyi görüşdəDünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən 25 QHT-nin sədri ilə onlayn görüş keçirib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və səmərəli şəkildə çatdırılması, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq platformalarda ifşa olunması müvafiq dövlət qurumları ilə yanaşı QHT sektoru üçün də prioritet məsələdir. Buna görə də Şura daima QHT-lərin bu istiqamətdə olan təşəbbüs və layihələrini dəstəkləyir. İnanıram ki, Prezidentin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bugünkü görüşü beynəlxalq əməkdaşlıq sahəsində çalışan QHT-lərin fəaliyyətini daha da stimullaşdıracaq.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qətiyyətli və milli maraqlarımızı əsas tutan siyasət apardığını bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə ciddi nüfuza malik olan ölkəyə çevrilib. Hazırda dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin sədrlik etməsi beynəlxalq aləmin ölkəmizə göstərdiyi yüksək etimadın növbəti təzahürüdür.

Hikmət Hacıyev cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın hücum diplomatiyası siyasəti yürütdüyünü və bütün önəmli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyini deyib.

Prezidentin köməkçisi görüşün əhəmiyyətinə toxunaraq QHT rəhbərlərini dinləmək, onların beynəlxalq əməkdaşlıq istiqamətində fikir və ideyaları, həmçinin, layihə təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.

Görüşdə iştirak edən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Avrasiya.net-ə açıqlamasında bildirib ki, demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu prosesi də məhz bu dəyərlər üzərində bərqərar oldu və bu proses dinamik baş verdi.

QHT sədrinin fikrincə, artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır. Prezident İlham Əliyev son çıxışlarında bir neçə dəfə bu məsələyə toxunaraq ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin fəallığını önə çəkib. Əlbəttə ki, məqsəd vətəndaş cəmiyyətini dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT sədrləri ilə onlayn görüşlərinin keçirilməsi də bu istiqamətdə işin səmərəliliyini artırmaq məqsədi daşıyır. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır: "Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT-lərlə artıq üç belə görüş keçirilib. Sonuncu görüş beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən QHT-lərlə oldu və mən də DFJD sədri olaraq bu görüşdə iştirak etdim. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin moderatorluğu ilə keçirilən görüşdə hər bir QHT beynəlxalq əməkdaşlıq, xaricdə Azərbaycanla bağlı həqiqətlərin yayılması və s. istiqamətlərdə fikir və təkliflərini bildirdilər. Mən də qeyd etdim ki, beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır".

F.Hüseynzadə görüşdə bir neçə əhəmiyyətli təkliflərlə çıxış etdiyini də bildirib: "Təklif etdim ki, xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Həmçinin təklif etdim ki, xarici ölkələrdəki nüfuzlu bloggerlərlə Azərbaycanın təbliği üçün layihələr keçirmək olar. Daha bir təklifim bu oldu ki, Azərbaycanı sevən əcnəbiləri tapıb, onların potensialından xaricdə ölkəmizin müsbət imicinin formalaşdırılmasında yararlanmaq mümkündür. Xatırladım ki, bizim təşkilat tərəfindən bu istiqamətdə təkliflər paketi hazırlanıb. Biz artıq bu təkliflərimizi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və digər aidiyyəti qurumlara göndərdik".

QHT sədri belə faydalı görüşlərin keçirilməsinin QHT-lərin fəaliyyəti üçün həm də stimul olduğunu vurğulayıb. Qeyd edib ki, bu, eyni zamanda QHT-lərin məsuliyyətini artırır. Bütün bunları həyata keçirməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Çünki dövlət, idarəçilikdə vətəndaşları üçün nə qədər açıq olduğunu göstərir.