05 iyl 11:49Sosial

"Karantin qaydalarına cərimə qorxusu ilə deyil, şüurla əməl etmək lazımdır"

"Karantin qaydalarına cərimə qorxusu ilə deyil, şüurla əməl etmək lazımdır"Bilirsiniz, bütün ölkələr kimi bizim ölkəmiz də pandemiyaya hazırlıqsız yaxalandı və ilk başdan heç kəs dəqiq bilmirdi ki, bu proses nə qədər uzana bilər. COVID-19 pandemiyası sözün əsl mənasında elan olunmamış müharibəyə bənzəyir. Bu hadisə bütün hökumətlər və cəmiyyətlər üçün gözlənilməz idi. Lakin Azərbaycan hökuməti problemin miqyasını və ağırlığını ilk hiss edən və buna adekvat olaraq zəruri qərarlar qəbul edən hökumətlərdən biri kimi fərqləndi.

Bunu Avrasiya.net-ə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirus infeksiyasının fəsadlarına qarşı ilk gündən sistemli mübarizənin aparılması təşkil olundu. İnfeksiyaya yoluxma hallarının total miqyasda yayılmaması üçün ölkəmizə bütün zəruri tibbi ləvazimatlar, texniki avadanlıqlar vaxtında gətirildi: "Deyə bilərəm ki, biz karantin və sosial özünütəcrid rejiminin birinci mərhələsini həm hökumət, həm də cəmiyyət olaraq çox uğurla adladıq, keçdik. Bu da ilk növbədə məhz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə pandemiyaya qarşı mübarizə işlərini daim diqqətdə saxlaması və əhalinin sağlamlığının qorunması üçün real addımlar atması nəticəsində mümkün oldu. Azərbaycan hökumətinin koronavirus infeksiyasına qarşı effektiv mübarizəni təşkil etməsi hətta Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər beynəlxalq təşkilatların da diqqətini cəlb etdi. Bu mənada ÜST-ün rəhbəri Tedros Qebreisusun Azərbaycana və şəxsən Prezident İlham Əliyevə dəfələrlə öz təşəkkürlərini bildirməsi heç də təsadüfi deyildi. Azərbaycan COVID-19 infeksiyasına qarşı mübarizədə həqiqətən də kifayət qədər ciddi uğurlar əldə etmişdi. Lakin may ayının ortalarından etibarən karantin rejiminin tədricən yumşaldılmağa başlaması təəssüf ki, əks nəticələrlə üzləşməyimizə səbəb oldu".

Bir çox insanlarımız karantin rejiminin yumşalmasından sui-istifadə etdi. Sosial məsafə saxlamamaq, qapalı məkanlarda maska taxmamaq və digər zəruri qaydalara əməl etməməyin nəticəsində virusa yoluxanların sayı həndəsi silsilə ilə artmağa başladı. Hazırda gün ərzində ölkədə 500-600 nəfər civarında insan koronavirusa yoluxur. Bu çox təhlükəli artımdır: "Təəssüflə qeyd etmək istəyirəm ki, cəmiyyətimizin bir çox üzvlərində pandemiya ilə bağlı yanlış təsəvvürlər var. Məhz bu virusun mövcudluğuna və onun öldürücü xüsusiyyətinə inanmayan bir çox insanlar karantin rejiminə əməl edilməsinə səhlənkar yanaşdılar, sosial laqeydlik və eqoizm nümayiş etdirdilər. Belələri hətta cəmiyyətdə də əks-təbliğat aparır, insanları virusun mövcud olmadığına inandırmağa çalışırdılar. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarıdan çoxu maskadan istifadə etmirdi. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmurdu. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi qiymətləndirilməlidir. Hökumət də məhz bütün bu kimi neqativ halların qarşısının alınması üçün karantin rejimini yenidən sərtləşdirməyə və cərimələrin miqdarını artırmağa məcbur oldu. Ancaq burada əsas məqsəd heç də hamını ucdantutma cərimələmək deyil. Buna ehtiyac da yoxdur. Çünki əhalinin mütləq əksəriyyəti sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə və sanitar-gigiyenik şərtlərə əməl edilməsi, lüzum olmadan yaşayış yerinin tərk edilməməsi və bu kimi digər tələblərə əməl edir. Burada söhbət qaydalara uymayan, sosial laqeydlik və eqoistlik nümayiş etdirən şəxslərdən gedir. Cərimələrin artırılması da ilk növbədə məhz belələrinin məsuliyyət hissinin artırılmasına hesablanıb".

DADP sədri bildirib ki, ancaq hətta onlar da başa düşməlidirlər ki, karantin qaydalarına cərimə qorxusu ilə deyil, şüurla əməl etmək lazımdır. Bu gün təhsilindən, vəzifəsindən, sosial vəziyyətindən və siyasi mövqeyindən asılı olmayaraq hər kəs bilməlidir ki, bu gün tibbi maska taxmaq, sosial məsafəni qorumaq, gigiyena qaydalarına riayət etmək çox vacibdir. Ölkədə koronavirus infeksiyasının yayılması səbəbindən elan edilmiş karantin rejimində vətəndaşların xüsusi qoruyucu vasitələrdən istifadə etməsi ilk növbədə onların özlərinin və doğmalarının sağlamlığının qorunmasına xidmət edir. Bir daha vurğulamaq istəyirəm ki, hazırda hamımız karantin rejimində yaşayırıq. Karantin rejimi adi vəziyyət deyil. Pandemiyaya müharibə kimi baxsaq, karantin də məhz müharibə qanunlarına uyğun yaşam tərzi deməkdir: "Deməli, belə bir situasiyada, tibbi maska taxmaq, sosial məsafəni qorumaq, gigiyena qaydalarına riayət etmək hər birimiz üçün nəinki vacibdir, həm də məcburidir. Bu baxımdan, mən hesab edirəm ki, cərimələrin miqdarının artırılması karantin qaydalarınaa əməl etməyənlərin davranışına ciddi təsirini göstərəcək. Onlar da əvvəl, axır islah olunacaqlar".

Partiya sədrinin fikrincə, ancaq cərimələrlə bərabər, maarifləndirmə işləri də mütləq genişləndirilməlidir. Yalnız cərimələri artırmaqla maksimum müsbət nəticə əldə etmək olmaz. Cərimələrin tətbiqi və maarifləndirmə-təbliğat işi paralel surətdə aparılmalıdır. Bunlardan biri digərini tamamlamalıdır. Cərimələr insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Lakin maariflənmiş insanın qaydaları pozmasına ehtiyac qalmır. Çünki o başa düşür ki, qaydaları pozmaq olmaz, qaydalara anlayışla yanaşmaq və əməl etmək lazımdır. Bu halda cərimə üçün də zəmin yaranmır: "Baxın, maarifləndirmə işləri məhz bunun, bu nəticəyə nail olmaq üçün, belə bir kollektiv şüuru formalaşdırmaq üçün lazımdır. Odur ki, biz maarifləndirmə işinə prioritet kimi baxmalıyıq. Xüsusən də televiziyalar ciddi surətdə kütləvi maarifləndirmə işlərinə cəlb edilməlidir. Televiziyalar belə bir kritik məqamda müğənnilərə, şou əhlinə deyil, təcrübəli mütəxəssislərə: epidemioloqlara, virusoloqlara, mikrobioloqlara meydan verməlidir. Çünki bu həssas dönəmdə insanlarımızın müğənni sözünə yox, mütəxəssis sözünə ehtiyacları var".

Cavid
XƏBƏR LENTİ
SORĞU