03 iyl 17:19Sosial

Dünyanın ən xoş təkəbbürlü şəhəri- AĞDAMSIZ AĞDAMLI YAZIR

Dünyanın ən xoş təkəbbürlü şəhəri- AĞDAMSIZ AĞDAMLI YAZIR“Dostluq”da görüşməliydilər. Kino Fazil yenə hamını sevindirmişdi. İlk dəfə “Bobbi” filmi göstəriləcəkdi. İki saat əvvəl aldığı bileti cibinə qoydu. Vaxta hələ var idi. Velosipedlə dostlarından tez gəlmişdi.

Gopanın su budkasından qazlı suyu içib bulvara tərəf keçdi. Nədənsə bizimkilər bura “bilvar” deyərdilər. Amma bulvarda bir bulvar idi. Hündür Eldar şamları, sivri küknarlar, Xan Çinarlar ətrafı öz gölgəsinə alımışdı. Ortada isə dahi Üzeyir bəyin heykəli. Heykəli uşaq təfəkkürü ilə seyr edərkən pioner evindən “Qarabağ bülbülləri”nin cəh-cəh səsləri gəlməyə başladı. Tacir səsinə quvvət verib “Bayatı-Şiraz”ı oxuyurdu. Solda isə karuselin həzin cırıltısı eşidilirdi. Karuselin yanındakı çayxanaya tərəf bax-baxa cibindəki xırdaları yığıb 40 qəpik düzəltmişdi ki...

- Əliş, ay Əliş, ayıl də bu yuxudan bəs bazara getmirik...

Əliş hövlənək, yarıyuxulu, bir anlıq Ağdam bazarına gedəcəklərini düşünüb, yerindən dik qalxdı...

Onlar “Yaşıl” bazara getməliydilər...

***

Bu gün hər birimiz hətta bu “korona”nın virus şəkində yayıldığı, səksəkədən yuxumuzun ərşə çəkildiyi bir vaxtda belə yuxuları görüb sakitləşirik, elə bil yuxuda olsa da belə oraları gəzməklə özümüz də bir təskinlik tapırıq. O yuxunu isə ilahi nədənsə hər gün bizə qismət eləmir.

Birimiz bu şəhəri “dünyanın ən varlı şəhəri”, digərimiz “ruhlar şəhəri”, biz isə “dünyanın ən xoş təkəbbürlü şəhəri” adlandırdığımız Ağdama bu ildə həsrət dolu nəzərlərlə şəhərin on iki kilometrliyindəki Qaradağlı kəndindən boylanıb baxmağımıza şükür edirik. Taxıl məhsulları kombinatının hündür beton divarından, Üzərlik təpədə gözlə zornan seçilən hansısa dayaqlardan başqa heç nəyi görə bilmirk. Hər tərəf vəhşi şəkildə kortəbii yaşıllığa qərq olduğundan başqa heç nəyi-nə o imarətləri, nə o səliqəli, gen-bol küçələri, nədə ki uzaqdan belə seçilən Xan çinarları görmək mümkün olmur.

Bu gün isə Ağdamda dünyaya gəlməyən ağdamlıların sayı artmaqdadır. Ağdamsız ağdamlılar ailə-uşaq sahibidirlər. Ən azı iyirmi yeddi yaşları var. Və sözsüz ki, özlərini ağdamlı hesab edirlər. Lakin etiraf edək ki, bu uşaqların xeyli bir qismində nə o yerlərin şirin ləhcəsi, nə də ki o illərdəki qeyri-adiliyi ilə seçilən bir səmimiyyət formalaşıb. Əksəriyyəti vətəndaş kimi, samballı insan kimi, Vətən üçün, dövlət üçün layiqli övlad kimi yetişsələrdə, onların nə dərəcədə ağdamlı kimi yetişdiklərini zaman göstərəcək.

Şəhəri görənlərin, havasını udanların, suyunu içənlərin, məşhur bir nömrəlisində təhsil alanların, Laurannın musiqi məktəbində oxuyanların, Tağı kişinin kitab mağazasından kitab əldə etməyə sevinənlərin, ən nəhayət səhər-səhər bazarda təndir çörəyi ilə Xıdırlı qaymağını yeyənlərin sayı isə ilbəil azalmaqdadır. O havanı, o suyu, o dadı və o qaymağı harada axtarsaqda tapa bilmirik.

İyul ayı bir tərəfdən media günü, digər tərəfdən Ağdam kimi şəhərin erməni işğalçıları tərəfindən yerlə yeksan edildiyi gün kimi yaddaşımızda dərin iz buraxıb.Tərslikdən də iş elə gətirib ki, bizim üçün müqqədəs bayramın bütün atrubutlarla qeyd edən günün səhəri kövrək xatirələrimizi yada salmaqla kifayətlənirik. Sanki həmin günü yaşamırıq. Elə bil ki dünyanın sonu gəlir. Günləri aya, ayları illərə köçürməklə artıq 27 ildir ki, bir birimizi yola veririrk. 27 ildə yalnız bir dəfə “yağmasaqda guruldamışıq”. Yalnız bir dəfə...

İndisə paytaxtdakı “Dostluğ”un həndəvərində gəzişib düz 27 il əvvələ qayıdıram. Ölkəmizin ilk üçillik müstəqillik həyatını tarixçilər araşdırmalı olduğundan biz çox da dərinə gedib qan çıxmayan yerdən qan çıxarmaq fikrində deyilik. Yaralarımız nə qədər qaysaq bağlamış olsa da ağrı acımızı heç birimiz unutmamışıq, unutmayacağıq və heç bu fikirdə də deyilik. Onsuzda hər kəs öz günahının nə dərəcədə olduğunu, açıq etiraf etməsə də, gözəl bilir.

1993-cü ilin iyun-iyul aylarında rayon icra başçısının qanunsuz olaraq kənarlaşdırılması, cəbhə bölgəsində ordu birləşmələrinin məcburən yerdəyişməsi, yerli batalyonların geri çəkdirilməsi və sair kimi məsələlərin cavabını, daha doğrusu açmasını hər bir özünə hörmət edən ağdamlı yaxşı bilir.

Ağdamın işğalı deyərdim ki, Eldar və Allahverdi Bağırovların, Şirin Mirzəyevin, Yaqub Rzayevin və digər tanınmışların müəmmalı ölümüylə başladı. Altı min nəfər şəhid yerən rayonun mərkəzi 27 ildir ki düşmən tapdağı altındadır. Hələ nə qədər tapdaq altında qalacağını isə Allah bilir...

Ola bilsin yazı bir qədər pessimist ruhda alındı. Amma neynəməli. İndiki məqamda gözləməkdən və evdə oturmaqdan ağır iş yoxdur. Hər halda ümid edirəm ki, biz görməsəkdə övladlarımız qələbə gününü xoş ovqatla qeyd edəcək və yazdıqlarımızı oxuyub yəqin ki Ağdamı heç olmasa yazılarımızda yaşatdığımıza görə bir “sağ ol”da deyəcəklər...

Allah heç olmasa övladlarımıza Ağdamı, Şuşanı və bütün Qarabağımızı azad etməyi, yüksəkliklərə bayraq sancmağı və o füsunkar gözəllikləri görməyi qismət eləsin. Bu mənim ən böyük arzumdur.

P.S. Yazını indidən ona görə paylaşıram ki, Ağdamı, Şuşanı və bütün Qarabağı tək işğal günlərində deyil hər zaman, hər gün xatırlamalı, təbliğ etməli, yaşatmalı və azad etmək barədə düşünməliyik.

Vüqar Tofiqli
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.