Sizin Reklam Burada

El bir olsa...

El bir olsa...Koronavirusla mübarizə, karantin və onun doğurduğu sosial-iqtisadi problemlər artıq bir neçə aydır ki, sosial şəbəkələrin Azərbaycan seqmentində də əsas müzakirə mövzusudur. Son günlər isə müzakirələr daha intensiv xarakter alıb. Bir çox hallarda təhrif olunmuş faktlara, əsassız məlumatlara, COVİD-19 virusuna yoluxma hallarının, iqtisadi tənəzzülün qarşısının alınması, sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında yanlış, reallıqdan uzaq və bəzən də qərəzli şərhlərə söykənilərək irəli sürülən iddialar, aparılan müzakirələr, təəssüf ki, bir çox hallarda məqsədyönlü şəkildə ictimai rəyin çaşdırılmasına, görülən işlərin üzərinə kölgə salınmasına xidmət edir.

İddia olunur ki, Operativ Qərargah, həmçinin TƏBİB onlara həvalə olunan işin öhdəsindən gələ bilmirlər. İndiki halda, prosesdə iştirak etməyən, insanların həyatlarına, sağlamlıqlarına, sosial problemlərinin həllinə görə heç bir hüquqi məsuliyyət daşımayan şəxslərin bu və ya digər qurumu günahlandırmasından, ən müxtəlif iddialarla çıxış etməsindən asan heç nə ola bilməz. Real faktlara istinad etmək, nəinki Azərbaycanın, dünyanın ən nəhəng dövlətlərinin səhiyyə sistemlərinin, iqtisadiyyatlarının pandemiyaya hazır olmadığını, COVİD-19 təhlükəsinin bəşəriyyəti qəfil yaxaladığını nəzərə almaq, ölkəmizdə görülən işlərin müqayisəli təhlilini aparmaq, görünür müəyyən qədər zəhmət tələb etdiyi üçün bəziləri daha asan yola üz tutmağa üstünlük verirlər.

“Asan yola” üz tutanlar

Amma hadisələr hər kəsin, o cümlədən asan yola üz tutanların gözü qarşısında cərəyan edib. Ölkəmizdə koronavirusa qarşı mübarizənin ilk günlərindən vəziyyət Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən nəzarətə götürülüb və sistemli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Xüsusi xəstəxanaların müəyyənləşdirilməsi və onların texniki təminatı, yeni xəstəxanaların açılması, modul tipli xəstəxanaların quraşdırılması, yeni laboratoriyaların alınması, dünya ölkələri arasında kəskin mübarizə şəraitində süni nəfəs aparatlarının əldə edilərək Azərbaycana gətirilməsi, testlər, dərman preparatları ilə təchizat və zəruri olan digər məsələlər ən qısa zamanda həll edilib. Bütün bunların həyata keçirilməsi isə sosial şəbəkələrdə status paylaşmaq qəsər asan deyil. Görülən hər bir işin arxasında böyük maliyyə vəsaitləri, insan əməyi dayanır.

Son bir neçə ayın ərzində 20 mindən çox Azərbaycan vətəndaşı xaricdən ölkəmizə gətirilib, 4-5 ulduzlu otellərdə karantin təşkil edilib. Keçirilmiş testlərin sayına görə Azərbaycan hazırda dünyada öncüllər sırasındadır.
Məhz bu tədbirlərin nəticəsində dünyanın ən inkişaf etmiş, iqtisadiyyatı bizdən dəfələrlə böyük olan ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı.

Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlər və əldə etdiyi nəticələr dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib.
Pandemiyanın ilk günlərindən əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə milyardlarla vəsait ayrılıb. Bütün bunları və qeyd edilməyən bir çox məsələləri nəzərə aldıqda, Operativ Qərargahın və TƏBİB-in işin öhdəsindən gələ bilmədiyi barədə iddiaların son dərəcə qeyri-səmimi və reallığı əks etdirmədiyi aydın görünür.

Xəstə çox, həkim az...

Sosial şəbəkələrdə aparılan müzakirələrdə, xəstəxanalarda xəstələrin çox olduğu, həkimlərin isə çatışmadığı iddia olunur. Amma nəzərə alınmır ki, müxtəlif regionlar və ölkələrdə xəstəliyin pik dövrü ayrı-ayrı vaxtlara təsadüf edir. Avropada, ABŞ-da, eləcə də digər region və ölkələrdə hələ də pandemiyanın ağır fəsadları özünü göstərir. Bütün bu faktlarla tanış olmaq, yaxud yaddaşı təzələmək üçün çox da uzağa getmək lazım deyil. Sosial şəbəkələr İtaliya, İspaniya və digər ölkələrdə təcili tibbi yardımın müraciətlərə gedə bilmədiyini, insanların evlərində köməksiz qalaraq çox ağır duruma düşdüklərini, xəstəxanalarda yer çatışmaması səbəbindən yeni xəstələrin palatalarda deyil, dəhlizlərdə yerləşdirildiyini, onlara tibbi xidmətin göstərilmədiyini nümayiş etdirən minlərlə videogörüntü var. Maraqlıdır ki, bu gün sosial şəbəkələrdə ölkəmizdə həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa çalışan istifadəçilərin böyük əksəriyyəti bir neçə müddət öncə yuxarıda adlarını sadalamadığım və sadalamadığım ölkələrdəki vəziyyəti əks etdirən dəhşətli görüntülər paylaşırdılar... Zəhmət çəkib bu görüntüləri axtarmaq bir kənara qalsın, heç olmasa öz paylaşdıqlarına yenidən nəzər salsınlar...

Təxminən 10-15 gün öncə nəhəng iqtisadiyyata, təbii ehtiyatlara, insan resurslarına malik olan ölkələrdə mütəxəssis, avadanlıq, dərman qıtlığı səbəbindən xəstələr arasında seçim etmək məcburiyyətində qaldıqları, bəzi xəstələrin isə taleyin hökmünə buraxıldıqları sosial şəbəkələrin Azərbaycan seqmentində də geniş müzakirə olunurdu, insanlar baş verənlərdən təəccübləndiklərini və narahatlıq keçirdiklərini bildirirdilər. Bizim ölkəmizdə isə, Allaha şükür, belə hal müşahidə olunmur. Xəstəxanaya daxil olan bütün şəxslər müvafiq yerlə təmin olunur, onlara müalicə tətbiq edilir, onlara dövlət hesabına dərmanlar verilir və xidmət göstərilir.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, virusa yoluxma hallarının artdığı və xəstələrin sayının çoxaldığı şəraitdə mütəxəssislərin çatışmaması və xidmət keyfiyyətinin aşağı düşməsi bütün ölkələr üçün spesifik haldır. Şübhəsiz ki, belə halların baş verməməsi üçün Azərbaycan dövləti bütün mümkün vasitələrdən istifadə edir.

“E-TƏBİB” xəstələri siyahıya salmır” iddiası

Bu iddianın da digərləri kimi heç bir əsası yoxdur. Nəticələri pozitiv çıxmış şəxslər siyahıya alınır və dərhal “E-TƏBİB” portalına inteqrasiya olunurlar. Təyin olunmuş protokola əsasən, xəstəliyi yüngül və orta səviyyədə keçirən şəxslərə ev karantini təyin olunur, onlara müalicə yazılır, müalicənin icrasına nəzarət yerli poliklinikalar və sahə həkimləri həyata keçirirlər.

Bəzi xəstələrin qeudiyyatda olduqları ünvanla faktiki yaşayış yerləri arasındakı uyğunsuzluq yerlərdə poliklinikaların və sahə həkmilərinin də işini çətinləşdirir. TƏBİB xəstənin şəxsiyyət vəsiqəsində FİN-koda əsasən ünvanı qeyd edir və əgər xəstə digər ünvanda yaşayırsa və bununla bağlı vaxtında məlumat vermirsə, müvafiq orqanların məlumatsızlıq şəraitində ona lazımi yardım göstərməsi də təbii olaraq çətinləşir.

Unutmaq lazım deyil ki, yoluxma hallarının artdığı şəraitdə təcili tibbi yardım xidməti həddindən artıq intensiv və gərgin bir rejimdə işləyir. Və təbii olaraq bütün müraciət ünvanlarına vaxtında çatmaq, təəssüf ki, bir sıra hallarda mümkün olmur. Xəstəliyin ağırlığı, xəstələrin yaş həddi, əlavə xəstəliklərinin olub-olmaması və digər xüsusiyyətlər nəzərə alınır və ilk növbədə məhz belə xəstələrə ilk yardım göstərilir. Buna görə də xəstələrin hazırkı durumunun qənaətbəxş olduğu bəzi hallarda təcili Tibbi Yardımın müraciət ünvanlarına gec yetişməsi ehtimalı mümkündür.

Xəstə sayı gizlədilir?

Bəzi şəxslər koronavirusun olmadığını, TƏBİB-in yoluxmalarla bağlı açıqladığı rəqəmlərin isə saxta olduğunu iddia edirlər. Xəstəxanalarda xəstə sayının çox olduğu və bunun insanlardan gizlədildiyi bildirilir.
Hazırda xəstəliyin yayılması miqyası, gündəlik yoluxma sayının 500-550 nəfər arasında olması və ümumi yoluxanların sayının 17 mini ötməsi faktiki olaraq hər bir şəxsin qohumları, qonşuları, yaxınları arasında yoluxanların olması anlamına gəlir. Lakin mövcud vəziyyətə, gündəlik qaydada verilən statistikaya, mediada insanların xəstəlik hekayələrinin geniş yayıldığı bir dövrdə koronavirusun varlığını inkar etmək və bu fikri həm də açıq şəkildə sosial şəbəkələrdə bölüşmək ən ciddi məsuliyyətsizlikdir. Vaxtilə koronavirusun olmadığını iddia edən minlərlə insan indi ailə üzvlərinin, qohumlarının faciəsinə şahid olaraq necə bərk yanıldıqlarını görürlər. Məhz belə məsuliyyətsizliyin nəticəsidir ki, hazırda ölkədə insanların yoluxma sayı arzuolunmaz səviyyəyə gəlib çatıb. Məhz belə şəxslər ictimai qınaq obyektinə çevrilməlidir.
Aidiyyəti qurumların xəsətlərin sayını gizlətməsi barədə iddiaların heç bir obyektiv əsası yoxdur. Adətən belə mülahizələr prosesə qərəzli münasibət bəsləyən insanlar tərəfindən, faktlar və arqumentlər gətirilmədən dövriyyəyə buraxılır.

Sözardı

Son olaraq, bir məqamda diqqət çəkmək istəyirəm: COVİD-19 bütün bəşəriyyəti çətin sınaq qarşısında qoyan, az qala bütün dünyada həyatın sürətini minumuma endirən, nəhəng iqtisadiyyatlara tənəzzül təhlükəsi yaradan, 500 mindən çox insanın həyatına son qoyan pandemiyadır, sıradan bir respirator infeksiya, qrip deyil. Biz amansız və ünvanı, yeri bəlli olmayan bir düşmənlə qarşı-qarşıyayıq. COVİD-19-a qarşı mübarizə aparmaq müharibədən, ünvanı, yeri bəlli olan düşmənlə savaşdan daha çətindir. Məhz bu səbəbdən də, ittiham yolunu seçmək əvəzinə gücümüzü insanları marifləndirməyə sərf etsək, yoluxma hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektiv nəticəyə varmasına öz davranışları ilə mane olanları məsuliyyətli olmağa dəvət etməyimiz daha doğru və ümumi işin xeyrinə olar. Necə deyərlər, “El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar”.

Elçin Mirzəbəyli



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər