25 iyn 22:59Sosial

Məhərrəm Ağalaroğlu: Karantin rejimini pozanlara qarşı cərimələr 3-4 dəfə artırılmalıdır

Məhərrəm Ağalaroğlu: Karantin rejimini pozanlara qarşı cərimələr 3-4 dəfə artırılmalıdır“Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində bəzi vətəndaşların məsuliyyətsizliyi – sosial məsafəni gözləməməsi, tibbi maskadan istifadə etməməsi və karantin qaydalarını pozması bu istiqamətdə görülən tədbirlərin effektivliyini azaldır.” Bu fikri Oxucu.info-nun baş redaktoru Məhərrəm Ağalaroğlu mətbuata açıqlamasında deyib.

O, bildirib ki, bəzi vətəndaşların tələb olunan qaydalara riayət etməməsi koronavirusa yoluxanların sayının sürətlə artmasına səbəb olur: “Virusa yoluxmuş bir nəfərin ictimai nəqliyyatda, marketlərdə və ya ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarında, ümumiyyətlə, ictimai yerlərdə tələb olunan qaydalara laqeyd yanaşması onlarla insanı COVID-19-a yoluxdura bilər.”

M.Ağalaroğlu vurğulayıb ki, koronavirusla mübarizədə ictimai qınaq sosial məsuliyyətsizliyin qarşısının alınmasında effektiv olsa da kifayət etmir: “Bu günlərdə ümumi istifadədə olan nəqliyyat vasitəsində işə gələrkən bəzi sərnişinlərin maska taxmadıqlarının şahidi oldum. Avtobus müvəqqəti qurulmuş polis postunda dayanan kimi tez sərnişinlər ciblərindən maskanı çıxararaq taxmağa başladılar. Postda avtobusa daxil olaraq maarifləndirici təbliğat aparan polis əməkdaşının “maskanızı taxın” tələbinə xanım sərnişinin cavabı belə oldu: “Xoşum gəlmədiyi üçün taxmıram.” Həmin şəxsə etirazını bildirən sərnişinlərdən biri ilə mübahisə edən maskasız xanım “özüm bilərəm, xoşum gəlmir, istəmirəm taxmıram” cavabını verdi. Demək istədiyim odur ki, ictimai qınaq da həmin xanıma təsir etmədi. Düşünürəm ki, sosial tələbləri yerinə yetirməyən, ictimai qınağa əhəmiyyət verməyən və ya yersiz münaqişəyə zəmin yaradan insanlar böyük məbləğdə cərimələnərlərsə, qaydaları pozan digər vətəndaşlar da koronavirusla mübarizə çərçivəsində tələb olunan qaydalara riayət edərlər.”

Baş redaktor hesab edir ki, koronavirusla mübarizənin effektivliyini artırmaq üçün cərimələrin məbləği mütləq şəkildə artırılmalıdır: “Bizdə cərimələr digər ölkələrlə müqayisədə aşağıdır. Düşünürəm ki, vətəndaşlarımızın sağlamlığı üçün zəruri olan və koronavirusla mübarizənin effektivliyinin artırılmasına xidmət edən qaydaların pozulmasına görə müəyyən edilmiş cərimələr 3-4 dəfə artırılmalıdır.”

Vətəndaşların karantin qaydalarına riayət etmələrinin vacibliyini vurğulayan M.Ağalaroğlu əlavə edib ki, insanlar ictimai yerlərdə, o cümlədən marketlərdə, ictimai nəqliyyatda, avtobus dayanacaqlarında, qapalı məkanlarda və insanların çox olduğu digər ərazilərdə tələb olunan qaydalara əməl etməyəcəkləri təqdirdə koronavirusa yoluxanların sayının çoxalmasına səbəb olacaqlar: “Biz bir məqamı dərk etməliyik ki, virusa yoluxacağımız təqdirdə təkcə özümüzün deyil, eyni zamanda, ailəmizin, doğmalarımızın, bir sözlə, bütün sevdiklərimizin həyatını təhlükəyə atacağıq. Bu səbəbdən də vətəndaşlarımız daha diqqətli olmalı, karantin qaydalarına riayət etməli və bu qaydaları pozanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır.”

Virusa yoluxanların sürətlə artacağı təqdirdə həkim, preparat çatışmazlığı ilə üzləşə biləcəyimizi vurğulayan M.Ağalaroğlunun qənaətinə görə, bunun qarşısının alınması üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli, karantin qaydalarına ciddi riayət etməliyik: “Əgər kimsə karantin rejiminin tələblərini pozarsa, zəruri tələblərə səhlənkar yanaşarsa, həmin şəxslərə digər insanlar laqeydlik göstərmədən mütləq şəkildə reaksiya verməli, qaydalara riayət olunmasını tələb etməlidirlər. Düşünürəm ki, cərimələrin məbləğinin artırılması da karantin rejiminə ciddi yanaşılmasına böyük töhfə verər. İnsanlar cərimələnməmək üçün tibbi maskalardan istifadə edər, sosial məsafə saxlayarlar.”
XƏBƏR LENTİ
SORĞU