Sizin Reklam Burada

Qanunverici hakimiyyət narkotizmlə mübarizədə yeni çağırışlara hazırdır

Qanunverici hakimiyyət narkotizmlə mübarizədə yeni çağırışlara hazırdırSon illər ərzində Cənab Prezident İlham Əliyev tərəfindən aparılan ardıcıl islahatlar məhkəmə-hüquq sistemini də əhatə etmişdir. Bu istiqamətdə əsas amil Cənab Prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı və ondan irəli gələn tədbirlər olmuşdur. Bu Sərəncamın əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması kimi konstitusion prinsiplərə riayət edərək cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza mexanizmlərinin genişləndirilməsidir.

Bildiyiniz kimi qeyd etdiyim Sərəncam Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir çox bölmə üzrə dəyişikliklər edilməsinə zəmin yaratmışdır və bu məsələlər Milli Məclisdə geniş müzakirələrə səbəb olmuşdur. Belə məsələlərdən biri də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan narkotik vasitələrin istifadəsi və saxlanmasına görə cəza tədbirlərinin dekriminallaşdırılması olmuşdur. Lakin, bu yöndə hüquq-mühafizə orqanlarımızın rəyi birmənalı şəkildə azadlıqdan məhrumetmə cəzasının məcburi stasionar müalicə tədbirləri ilə əvəz olunmasına qarşı olmuşdur. Buna əsas olaraq, bu sahədə cəza siyasətinin dekriminallaşdırılmasının tətbiq olunduğu ölkələrdə səmərəliliyin hələ də sübut olunmaması və ölkəmizin coğrafi mövqeyindən sui-istifadə edilərək tranzit kimi narkotiklərin digər ölkələrə daşınması hallarının artma riski gətirilir.

Bu sahədə tam dekriminallaşmadan danışmağın erkən olduğunu nəzərə alaraq, narkotiklərlə mübarizə siyasəti çərçivəsində insan hüquq və azadlıqlarının daha yaxşı qorunmasını təmin edə biləcək mexanizmlərə mərhələli keçid barədə düşünülməlidir. Çünki bu artıq mübarizənin qlobal çağırışına çevrilib. Buna istinad kimi, BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının mart ayında baş tutmuş 63-cü sessiyasının müzakirələrini gətirmək olar. Bu müzakirələrin əsas predmeti narkotiklərlə mübarizə siyasətində insan faktorunun əsas meyar təşkil etməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusilə narkoistifadəçilər üçün səhiyyə sisteminin əlçatanlığının təmin olunması və ümumilikdə mübarizə çərçivəsində sosial reinteqrasiya, müalicə və profilaktik tədbirlərin rolunun artırılmasıdır.

Narkotizmlə mübarizədə tətbiq olunan cəzalandırıcı üsulların tədricən humanistləşdirilməsinin iqtisadi və sosial cəhətdən bir çox müsbət nəticələri olacaqdır. Bunlar arasında cinayət məsulliyyətinə cəlb olunaraq həbs edilmiş insanların sayının azalmasını, maddi resursların cinayət-ədalət sistemindən səhiyyə sisteminə yönəldilməsini, insanların məhkumluq həyatının ağır nəticələrindən qorunmasını, narkotik istifadəçilərinin cəmiyyətdən təcrid olunmasının minimuma endirilməsini və onların QİÇS kimi xəstəliklərdən sağalmaq üçün müalicə almaqları məqsədilə daha az qorxduqları bir mühitin yaradılmasını, dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsini sadalamaq olar. Bu isə öz növbəsində narkotiklərlə mübarizənin sosial-iqtisadi inkişaf ilə sıx qarşılıqlı əlaqəsindən xəbər verir. Təsadüfi deyil ki, son zamanlar BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) başda olmaqla narkotiklərlə mübarizə sahəsində fəaliyyət göstərən bir neçə mötəbər qurumlar tərəfindən aparılan tədqiqatlar narkomaniya və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin sosial, iqtisadi, ekoloji və institusional sahələri əhatə edən bir çox Davamlı İnkişaf Məqsədi ilə qarşılıqlı əlaqədə olduğunu müəyyən etmişdir. Bunu nəzərə alaraq, bu mübarizəyə yanaşma bir problemin həllindən əlavə olaraq inkişaf mənbəyi kimi tanınmalı və bu mübarizə dövlətin davamlı inkişaf planlarına inteqrə edilməlidir.
Düşünürəm ki, ölkəmizdə də narkomaniya probleminin aktuallığını nəzərə alaraq, bu məsələ dövlət gündəliyində əhəmiyyətli yer tutmalıdır. Bu barədə daha öncəki illərdə müxtəlif yazılarımda qeyd etdiyim kimi narkotiklərə qarşı mübarizəyə sadəcə mübarizə kimi deyil, sosial və iqtisadi inkişafa töhfə verəcək bir amil kimi yanaşmaq lazımdır. Bunun üçün ilk növbədə lazımi hüquqi və institusional əsaslar yaradılmalı, problemin kökü öyrənilməlidir. Zənnimcə ilkin olaraq bu mübarizədə uğurlu nəticələr əldə etmiş ölkələrin yaratdığı hüquqi əsasları öyrənmək və ölkəmizdə tətbiq etmək məqsədəuyğun olardı.

Bütün bunlarla yanaşı, qeyd etmək istərdim ki, Cənab Prezidentimizin apardığı ardıcıl islahatlarda yeni tərkibdə Milli Məclisin artan fəallığını nəzərə alaraq, narkotiklərə qarşı mübarizəyə günümüzün tələblərinə cavab verən yanaşmanın formalaşmasında qanunvericilik hakimiyyəti böyük töhfə verə bilər.

Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər