Sizin Reklam Burada

Hələ də sovuşmayan bəla: pandemiya

Hələ də sovuşmayan bəla: pandemiyaMillət vəkili Aqil Məmmədov: “Zənnimcə, cərimələrin tətbiqi zərurətdən yarandı və bu yoluxanların sayını azaldacaq”

Artıq altıncı aydır ki, koronavirus pandemiyası dünyanı çalxalamaqda davam edir. COVİD-19-a yoluxanların sayı 6 milyon nəfər həddinə çatmaq üzrədir. 350 mindən çox insan isə pandemiyanın qurbanı olub. Mütəxəssislərin yekdil rəyinə görə, bu virus hələ qarşıdakı 1 il ərzində (ən azı!) bizi narahat edəcək. Düzdür, havaların gündən-günə istiləşməsi pandemiyanın yayılma ehtimalını bir qədər azaldır. Digər tərəfdən, bu fikrin elmi əsasları yoxdur. Deməli, ən yaxşısı qorunma üsullarına riayət etməkdir.
Ayrı-ayrı ölkələrin iqtisadiyyatına güclü ziyan dəydiyindən, təbii ki, uzun aylar insanlara “evdəqal” prinsipi ilə də yanaşmaq doğru olmazdı. Məhz bu səbəbdən Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələri “yumşaltmalar” metoduna keçdilər.

Bəs ardınca nə baş verir?

Milli Məclisin son iclaslarından birində fasilə zamanı parlamentin yeni deputatlarından Aqil Məmmədova yaxınlaşdıq. Ayaqüstü söhbət zamanı millət vəkilindən bəzi məsələlərə aydınlıq gətirməsini xahiş etdik. “Bilirsiz ki, pandemiya problemi hazırda bütün dünyanı narahat edir” – deyə Aqil müəllim söhbətə başladı: “COVİD-19 bu gün də gündəmdədir və yəqin ki, “xoşagəlməz qonaq” hələ bir müddət bizimlə olacaq. Yəni, bunu gözaltına almaq lazımdır. Mən deyərdim ki, cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın birbaşa rəhbərliyi ilə ölkəmizdə ilk mərhələdən pandemiyaya qarşı düşünülmüş, önləyici tədbirlərin görülməsi öz səmərəsini verdi. Özü də həmin tədbirlər mərhələ-mərhələ həyata keçirildi. Nəticə də göz qabağında idi. Təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sərt qaydalar uzun müddət davam edə bilməzdi.

Ona görə Azərbaycanda da digər ölkələrdə olduğu kimi “yumşaltmalar”a başlandı. Əslində bunun özü də normal və doğru qərar idi. Təəssüf ki, bir çox vətəndaşlarımız bunu yanlış anladılar və virusdan qoruyucu tədbirlərə biganəlik göstərdilər…”

Millət vəkili söhbət zamanı qaydalara riayət etməyənlər barədə inzibati tədbirlərin görüləcəyi ilə bağlı parlamentin qəbul etdiyi qərara da öz münasibətini bildirdi: “Əlbəttə, bir çox qadağaların aradan götürülməsi bu virusun heç də ləğvinə nail olunduğu demək deyildi. Açıq deyim ki, bizim cəmiyyət az qala bunu belə qəbul etdi. Özünüz də şahidsiniz ki, qoruyucu maskalardan istifadə edilməməsi, məsafə saxlanmaması və digər zəruri məsələlərə etinasızlıq qısa bir zamanda yoluxma hallarının artmasına gətirib çıxardı. Nəticədə, Milli Məclis qaydalara riayət etməyənlər barədə İnzibati Xətalar Məcəlləsinə cərimələrin tətbiqi ilə əlaqədar düzəlişlər etməyə məcbur oldu. Əslində belə cərimələr dünyanın, eləcə də Avropanın sivil ölkələrində də var. Özü də bizdən fərqli olaraq daha yüksək məbləğlərdə. Güman edirəm ki, bu yanaşma yoluxanların sayının azalmasında öz müsbət təsirini göstərəcək”.
Sonra millət vəkili ilə başqa mövzuya keçid edirik. Ölkə Prezidentinin bu günlərdə birinci xanımla qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş Qobu-3 yaşayış kompleksinə baş çəkməsi, diqqəti bir daha Qarabağ probleminin həllinə yönəltməsi, inamlı və nikbin ruhda fikirlər söyləməsi ilə bağlı Aqil müəllimin rəyini soruşuruq. O, deyir: “Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, belə çətin məqamda da sosialyönlü layihələri dayandırmır, vətəndaşlarımızın, xüsusilə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirir. Baxın, əgər 2019-cu ildə bu qəbildən olan insanlar üçün 5 min mənzil inşa edilmişdisə, bu il həmin rəqəmin 7-8 min civarında olacağı gözlənilir. Bura belələrinə dövlət müavinətinin, avtomobillərin verilməsini də əlavə etsək, onda qaçqın və məcburi köçkünlərə hansı səviyyədə qayğı göstərildiyini izah etməyə lüzum qalmayacaq.

Mən şəxsən cənab Prezidentin həmin tədbirdə etdiyi çıxışı diqqətlə dinlədim və çox böyük qürur hissi keçirdim. Fikirləşdim ki, nə yaxşı bizim Azərbaycan kimi müstəqil dövlətimiz var. Və bu dövlətin əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Cənab Prezident çox haqlı olaraq qeyd etdi ki, əgər o illərdə ölkəmizə ümummilli liderimiz başçılıq etsəydi, ermənilər bir qarış torpaq belə ala bilməzdilər. Bəli, dahi şəxsiyyətin yolunu artıq 16 ildən çoxdur ki, onun layiqli varisi İlham Əliyev davam etdirir. Ötən illər ərzində ölkəmizin hansı nailiyyətlərə imza atması isə cild-cild kitabların mövzusudur və sizlər bunun şahidisiniz.
-“Aqil müəllim, səhv etmirəmsə, “Qobu-3” yaşayış kompleksi bəzi xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqlənir, deyilmi?” – deyə həmsöhbətimə növbəti sualı ünvanlayıram. “Yaxşı məqama toxundunuz”- deyə, millət vəkilinin üzünə təbəssüm qonur. “Sualınıza cavab verməzdən əvvəl 2003-cü ili yada salmaq istəyirəm: möhtərəm Prezidentimiz o vaxt öz çıxışında qeyd etmişdi ki, beş ilə Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq. Ölkə başçısının iradəsi və qətiyyətliliyi sayəsində bu problem cəmi 4 ilə öz həllini tapdı. “Qobu-3” yaşayış kompleksi isə artıq qaçqın və məcburi köçkünlər üçün inşa edilən 111-ci qəsəbədir. O ki qaldı sualınızın konkret cavabına, sözügedən qəsəbədə yeni mənzillər tikilib, tam təmir olunaraq istifadəyə verilib. Fərqlilik ondadır ki, həmin ərazidə bir sıra infrastrukturlarla yanaşı, yeni iş yerlərinin açılması nəzərdə tutulur. Məsələn, xalçaçılıq və digər sahələr”...

Söhbətimizin sonunda millət vəkili son vaxtlar Ramil Səfərovla bağlı məkrli qonşularımızın və “sapı özümüzdən olan baltalar”ın sosial şəbəkədə başladıqları kompaniyaya da qısaca öz münasibətini bildirdi: “Ermənilər tarix boyu xain və eybəcər planlarını həyata keçirməyə çalışıblar. Zaman-zaman onlar buna nail olublar da. Ancaq hər şeyin bir sonu var. Düşünürəm ki, artıq ermənilərin hiyləgər nömrələrini dünya siyasətçiləri də, dünya ictimaiyyəti də yaxşı başa düşür. Ramil Səfərovla bağlı məsələnin Avropa İnsan Hüquqları Məhkəməsində yenidən qaldırılmasına heç ehtiyac da yox idi. Çünki bütün prosedurlar hüquqi müstəvidə həll olunub. Bununla bağlı Azərbaycan dövlətinin də üzərinə heç bir öhdəlik qoyulmayıb və qoyula da bilməz. Təkcə bir məsələni vurğulamaq istərdim ki, Ramil Səfərov sadəcə erməni məkrinin qurbanı olmuşdu, mənfur dığaların bayrağımızı tapdalamasına dözməmişdi… Qısaca desəm, bütün bunlar əslində erməni faşistlərin bizə qarşı törətdikləri yüzlərlə cinayətin fonunda baş verib. Mən fürsətdən istifadə edərək, öz həmvətənlərimizə bununla bağlı düşünüb-daşındıqan sonra fikir yürütməyi məsləhət görürəm. Ermənilər isə iki məsələyə diqqət yetirsələr yaxşı olar: Birincisi, Qarabağ torpaqlarında törətdikləri qətliamlar, soyqırımlar kimin ayağına yazılmalıdır? İkincisi, Avropa Məhkəməsində Çıraqov qardaşlarının işi ilə əlaqədar təzminatı niyə ödəməkdən imtina edirlər?”

Haqlı suallardır. Atalar burda yaxşı deyiblər: “Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır”…
atributinfo.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər