Sizin Reklam Burada

Şamaxı – dünən, bu gün və sabaha doğru mətin addımlarla

Şamaxı – dünən, bu gün və sabaha doğru mətin addımlarlaŞamaxı haqqında çox alimlər, səyyahlar böyük fikirlər söyləyiblər, çox şairlər, yazarlar, aşıqlar, söz deyiblər, mahnı qoşublar, hələ bundan belə çox söz də deyəcəklər. Şamaxı durduqca nə bu sözlər bitəcək nə də verilən qiymətlər. Şamaxı haqqında yazımı şamaxılı mərhum şair Fikrət Sadığın məşhur “Şamaxı” şeiri üzərindən qurmaq istəyirəm.

Səni necə anmayım,
Atəşinə yanmayım....

Elə yerlər, elə məkanlar var ki, onlar haqqında danışan zaman bir neçə sözlə, cümlə ilə fikrini izah edə bilmirsən. Tarixin dərinliklərinə boylanan zaman bəzi yerləri asanlıqla görmək, müşahidə etmək olur. Amma elə yerlər, elə şəhərlər var ki, onlar haqqında fikir söyləmək çox çətin və məsuliyyətlidir. Azərbaycanımızda elə yerlər var ki, onlardan danışan zaman özünə çəki-nizam verməlisən, fikirlərini yüz ölçüb, bir biçərək ifadə etməlisən, ona görə yox ki, sən o yerdə anadan olmusan və ya ora sənə əzizdir. Ona görə ki, o yer özündə Azərbaycan tarixinin ən keşməkeşli dövrlərini, mədəni və ictimai hadisələrini əks etirir, yaşadır və bu günümüz üçün bir salnamə mahiyyəti daşıyır. Belə yerlərdən, belə məkanlardan, belə azsaylı şəhərlərdən biri də Şamaxıdır. Nələr çəkməyib bu şəhərin başı?! Fars, Ərəb, Xəzər, Monqol istilaları, Teymurilərlə, Səfəvilərlə mübarizələr sarsıda bilməyib bu şəhəri. Nadir şah Şamaxını Ağsuya köçürüb Yeni Şamaxı inşa etmək istəsə də şəhər öz əzmini və dəyanətini itirmədi, təslim olmadı. Yenidən var oldu, yenidən gücləndi. Ruslarla da mübarizə apardı, ermənilərlə də, xəstəliklərlə də. Şamaxı bu təsirlərdən zəiflədi, amma məğlub olmadı, sınmadı, yenə öz mərkəz funksiyasını qoruyub saxlaya bildi. Bir zəlzələ ilə bacarmadı qocaman paytaxt şəhəri. Zəlzələdən başqa heç bir təsir Şamaxıya ciddi ziyan vura bilmədi. Aramsız zəlzələlər Şamaxının tarixi abidələrini yerlə yeksan etdiyi kimi 10 əsrə yaxın Şimali Azərbaycanda sayılıb seçilən paytaxt funksiyasını şərəflə icra edən şəhərin bu üstünlüyünü əlindən aldı. Bütün bunlara baxmayaraq Şamaxı yenə də öz əzmini, dəyanətini və varlığını qoruyub saxlayaraq günümüzə qədər yaşadı, Sovet dövrü Azərbaycanın və SSRİ-nin sayılıb seçilən kənd təsərrüfatı və mədəni mərkəzi oldu, dünyaya və Azərbaycana tanınmış simalar bəxş etdi, bu gün də şərəflə bu yolu davam etdirir. Rəhmətlik Fikrət müəllimin sözü olmasın, bu şəhəri necə anmamaq və atəşinə yanmamaq olar…

Necə sevməyim səni,
Xəqanilər Vətəni....

Şamaxı tarix boyu özünün intellektual sərvəti olan alimləri, mütəfəkkirləri, şairləri, ədibləri, memarları, səyyahları, hərb və dövlət xadimləri ilə məşhur olub. Şamaxı ərazicə bir o qədər geniş olmasa da, dünyaya verdiyi fikir və ideya nəhənglərinin sayı və keyfiyyətinə görə Azərbaycanda lider şəhər olaraq qalır. Yetirdiyi dahi şairlər, ədiblər, mütəfəkkirlər, səyyahlar və dövlət xadimləri baxımından, alimlər, Şamaxını ancaq Şiraz şəhəri müqayisə edə bilərlər. Şamaxı mühitində kimlər yetişməyib…. Məşhur Şamaxılıları xatırlayarkən biz siyahını çox uzada bilərik, amma buna ehtiyac görmürəm. Aşağıda qeyd etdiyim silsilə bizə hər şeyi izah edir və qarşımızda böyük bir mənzərə yaradır. Xaqani Şirvani, Kafiyəddin Ömər, Fələki Şirvani, İmadəddin Nəsimi, Şirvanşah İbrahim Xəlilullah, Seyid Yəhya Şirvani, Ağa Məsih Şirvani, Seyid Əzim Şirvani, Mahmud ağa Məmmədzadə, Mirzə Nəsrullah Bahar Şirvani, Zeynalabidin Şirvani, Aleksey Çernyayevski, Məhəmməd Hadi, Zivər bəy Əhmədbəyov, Abbas Səhhət, Mirzə Bilal, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, general mayor Tərlan Əlyarbəyov, Ağasadıq Gəraybəyli, Əzizə Cəfərzadə, Fikrət Sadıq, Əlövsət Abdullayev, Məmmədağa Şirəliyev, Niyazi Nəcəfov, Nurqələm Mikayılov, Xəlifə İbrahimov, Qürbət Əziz, Əlikram Abdullayev, Alim Qasımov, Daşqın İsgəndərov, Daşqın Şikarov, general-leytenant Ayaz Həsənov və adını çəkə bilmədiyim yüzlərlə alim, mütəfəkkir, şair, ədib, sənətçi, memar, səyyah, diplomat, hərbçi və dövlət xadimi bu diyarın yetişdirmələridir. Babalarımız burda deyib ki, görünən şəhərə nə bələdçi. Bu şəhəri necə sevməyim axı...?

Mehr salmışam axı,
Heyran olmuşam axı...

Əsrarəngiz təbiəti, saf suları, səfalı dağları və tarixi abidələri ilə məşhur olan Şamaxı hər zaman ora qonaq gələnləri valeh edib. Şamaxı torpaqlarının təbii şəraiti və əlverişli mövqeyi qədim zamanlardan insanları özünə cəlb edibdir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fəaliyyət göstərir. Bu rəsədxana ən müasir avadanlıqlarla və MDB məkanında ən böyük, güzgüsünün diametri 2 metrə bərabər olan, teleskopla təchiz edilmişdir. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə zəngindir, belə ki: Qoşa minarəli Cümə məscidi (743-cü il), Pirmərdəkan məqbərəsi (XII-XIII əsrlər), Şahxəndan məqbərəsi (XV əsr), Kələxanı kəndindəki XVII əsrə aid səkkiz məqbərədən ibarət kompleks, Gülüstan qalasının (XI-XII əsrlər) xarabaları və sair abidələr böyük marağa səbəb olur. Pirqulu dövlət qoruğu və Safari Parkı da Şamaxı ərazisində yerləşir.
Bu əsrarəngiz təbiətli, qədim tarixli yurda necə heyran olmayasan axı...?

Nə gözəldir bu çağın,
Nə istidir qucağın...

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə yaşanan problemlər Şamaxıya da təsir etmiş, bazar iqtisadiyyatına keçid dövründə yaşanan çətinliklər Şamaxıda da öz izlərini buraxmışdır. Amma bunlar hamısı keçmişdə qalıb, biz isə bu gün və gələcək üçün yaşayır və mübarizə aparırıq. Son zamanlar ölkə rəhbərliyinin apardığı sosial-iqtisadi islahatlar, yenidənqurma və abadlıq işləri Şamaxıdan da yan keçməmişdir. Şamaxı zəngin tarixi keçmişini yaşatmaqla bərabər, günbəgün müasirləşir, abadlaşır və gözəlləşir desək heç də mübaliğə etmiş olmarıq. Təsadüfü deyil ki, ölkə başçısı cənab İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva Şamaxıdan diqqətlərini heç bir zaman əsirgəməmişdirlər. Heç bir araşdırma və dəqiqləşdirmə aparmadan deyə bilərəm ki, cənab Prezidentin ən çox səfər etdiyi rayon məhz Şamaxıdır.
Ö
lkə rəhbərliyinin Şamaxıya qayğısını sözlə yox, görülən işlərlə ifadə etsək, aşağıdakı mənzərənin şahidi olarıq.
Son illərdə Şamaxıda müasir standartlara cavab verən Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq muzeyinin yeni binası, “ASAN Həyat” mərkəzi kompleksinin binası tikilmiş, Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir olunmuş, neçə-neçə məktəb və uşaq bağçaları yüksək səviyyədə təmir edilmiş, bəziləri isə yenidən qurularaq istifadəyə verilmişdir. Yaxın zamanlarda istifadəyə veriləcək onlarla layihə isə öz açılış gününü gözləməkdədir. O günlər isə çox da uzaqlarda deyil.

Cənab Prezidentin birbaşa göstərişi ilə Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilərək yenidən qurulmuş, Şamaxı-Göylər-Padar, Həmyə-Cabanı-Əngəxaran, Şamaxı-Dəmirçi-Lahıc yolu yenidən qurularaq vətəndaşların istifadəsinə verilmişdir. İndi sənətkarlıq mərkəzi olan Lahıc qəsəbəsinə ən təhlükəsiz yol Şamaxıdan keçir.
Eyni zamanda son illər ərzində Şamaxı rayonunun qazlaşdırlması və elektrik xəttlərinin yenidən qurulması layihəsi icra olunmuş, ən ucqar kəndlərə belə qaz və elektrik xətləri yenidən çəkilmişdir.

Rayon iqtisadiyatının əsasını təşkil edən kənd təsərrüfatı da dirçəliş yolundadır. Son illər aparılan islahatlar nəticəsində üzümçülük Şamaxıda yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Şamaxıda keçən il ən yüksək səviyyədə “Üzüm və Şərab Festivalı” təşkil olunmuş və bu ənənənin əsası qoyulmuşdur. Bu inkişaf kənd təsərrüfatının digər sahələri olan bağçılıq, heyvandarlıq və arıçılıq sahəsində də əhəmiyyətli şəkildə hiss olunmaqdadır. Şamaxı rayonu ərazisində yeni inşa edilən və yaxın vaxtlarda istifadəyə veriləcək iri həcmli heyvandarlıq kompleksi bu inkişafın əyani sübutudur.
Ölkə başçısının birbaşa qayğısı nəticəsində 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuş, bununla bağlı olaraq Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Şamaxıda bir çox tədbirlər həyata keçirilmişdir.

Keçən il Şamaxıda baş verən zəlzələ zamanı da yanımızda, arxamızda olan ilk şəxs cənab Prezident və Mehriban xanım Əliyeva oldu. Bunu Şamaxılılar heç vaxt unutmayacaqlar. Ən yüksək səviyyədə təmir-bərpa işlərinin həyata keçirilməsi və yenidənqurma işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan Şamaxı rayonuna kifayət qədər vəsait ayrılmış və bu işlərin həyata keçirilməsi üçün istifadə olunmuşdur.

Ölkə Prezidenti İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdikdən sonra kompleksin əməkdaşları ilə görüşündə çıxışı zamanı bildirmişdir ki, Şamaxının tarixi siması qorumaqla müasirləşdirilir: "Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk. Bu yaxınlarda rayon icra hakimiyyətinə kifayət qədər böyük vəsait ayrıldı ki, infrastrukturla bağlı layihələr icra edilsin. Müasir sərnişin avtobusları, müasir təcili tibb yardımı maşınları, kommunal texnika gətiriləcək. Tapşırıq verilmişdir ki, Şamaxı şəhərinin bütün daxili yolları, kənd yolları əsaslı şəkildə təmir edilsin.” Bəli məhz bu göstəriş və sərəncamdan sonra Şamaxı şəhəri, onun qəsəbə və kəndləri üçün nəzərdə tutulan və sərnişin daşımanın keyfiyyətini artıracaq yeni iri tutumlu avtobuslar alındı. Artıq bu avtobuslar marşurut xəttləri üzrə sərnişinlərin istifadəsinə təqdim olunub. Eyni zamanda şəhər infrasturukturu üçün tələb olunan bütün texnika və avadanlıqlar Şamaxıya gətirilmiş və onların istifadəsinə start verilmişdir. Cənab Prezidentin Şamaxıya son səfəri zamanı müasir texnikalara şəxsən baxış keçirməsi, ayrılan vəsaitin necə xərclənməsinə diqqət etməsi onun Şamaxıya olan birbaşa qayğısının nümunəsidir. Cənab Prezidentin və Mehriban xanımın Şamaxının tarixi və müqəddəs yerlərindən olan “Pirsaat baba” türbəsinə, Avaxıl kəndində yerləşən və tariximizə yenidən qazandırılan “Pir Ömər Sultan” ziyarətgahına son səfərləri Şamaxıya, onun tarixinə və bütünlükdə isə Şamaxılılara qoyulan hörmət və ehtiramın nümunəsidir.

Bütün dünyanı başına alan “COVİD 19” pandemiyası dövründə də Şamaxılılar diqqətdən kənarda qalmadılar. Heydər Əliyev Fondunun dəstəyi, “RİİB” İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxıda ehtiyacı olan insanlara yardım sovqatları paylandı və bu iş bu gün də davam edir.

25 may 2020-ci il tarixində ölkə başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı cənab Prezident Şamaxıya və şamaxılılara bir daha diqqət və qayğısını göstərdi. Cənab Prezident çıxışında: “Mən göstəriş vermişdim ki, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir.” – deyərək Şamaxının daxili yollarının yenidən qurulması işinin də həll edilməsini aidiyyatı qurumlar qarşısında məsələ kimi qoydu. Bütün yuxarıda sadalananları və həyata keçirilən layihələri görən zaman Şamaxı haqqında qürurla deyə bilirik – Nə gözəldir bu çağın...!

Şamaxı və şamaxılılara ölkə rəhbərliyinin qayğısının bir nümunəsini də yenilənən idarəetmə sistemində görmək olar. Şamaxı rayonuna təyin olunan icra başçısı həm müasirliyi, həm mədəniliyi, həm innovativliyi, həm də islahatçılığı ilə ölkə rəhbərliyinin iradəsini nümayiş etdirir. Tahir Məmmədovun Şamaxıya icra başçısı təyin olunandan sonra ilk atdığı addım təhsil sahəsində islahatlardan başladı ki, bu da onun kimliyindən xəbər verirdi. Bir milləti yenidən inşa etmək istəyirsənsə ona təhsil verməlisən. Almaniya kansleri Otto fon Bismark Almaniyanın möhtəşəmliyini alman xalqının müəllimləri ilə bağlayırdı. O, Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edərək deyirdi: “BİZ QƏLƏBƏ ÇALDIQ ONA GÖRƏ Kİ, ALMAN MÜƏLLİMİ FRANSIZ MÜƏLLİMİNƏ ÜSTÜN GƏLDİ". Bəli, biz ermənilərə qalib gəlmək istəyiriksə Azərbaycan müəllimini ucaltmalıyıq, yalnız bu yol ilə qələbəmiz mümkündür. İllərlə təmizlik və iməcilik işlərinə cəlb olunan, kimlərəsə “haqq verən” Şamaxı müəllimi artıq dərslə, təlim-tədrislə məşğul olmağa başladı. Bu gün Şamaxı müəllimi öz adının ucalığını və şərəfini hiss edir.
İcra başçısı Tahir Məmmədovun apardığı kadr islahatları da öz bəhrəsini verməkdədir. Vəzifəyə təyin olunan gənc və perespektivli kadrlar Şamaxının inkişafı üçün yeni ideyalar ətrafında birləşərək yeni Şamaxının qurulması və inkişafı üçün əllərindən gələni edirlər, buna Şamaxı mühitinə bələd olan hər bir kəs şahiddir. Yolu düz olanın, yükü ağır olar deyiblər babalarımız. Əsas odur ki, yolunuz düzdür, bunu Şamaxılılar görür, alqışlayır və yüksək qiymətləndirirlər.

Bəs Şamaxıda problemlər yoxdurmu? Təbii ki, var. Problem o yerdə olmur ki, orda iş dayanıb və fəaliyyətsizlik hökm sürür. Hər bir yerdə problem var, problem o zaman olmayacaq ki, həyat dayanacaq. Amma problemdən problemə, məsələdən məsələyə də fərq var. Var təbii problemlər – bunların həlli bir başa icra hahimiyyəti başçısının işidir və buna görə o məsuliyyət daşıyır. Bir də var Şamaxının “köhnə problemi”, yəni az sayda narazıların, hər şeyə etiraz edənlərin aparılan işləri sabotoj etməsi. Son günlər Şamaxıda baş verən hadisələr fonunda deyə bilərəm ki, biz tükü-tükdən seçən şamaxılılar üçün bu oyunların mahiyyəti oyun başlayan gündən məlumdur. Şamaxını sevən insanlar, ziyalılar yaxşı bilir ki, kim kimdir, nə nədir. Ona görə də heç kim bu adamlara baş qoşmur və onların etdiklərinə fikir vermir. Onları dəstəkləyənlər isə ölkə xaricində “ordan-burdan” maliyyələşən, əxlaqsız metodlarla “mübarizə” aparan hoqqabazlardır. Onların nə sosial dayaqları var, nə də sözlərinin keçəri. Belə insanları dinləmək belə vaxt itkisidir. Belə bir deyim var, “Dəyirman öz işini görür, “çax-çax” baş ağrıdır”. Bu gün də bu məsələ aktualdır. Biz Şamaxılılar ölkə rəhbərliyinin ətrafında sıx birləşərək “çax-çax”lara fikir vermədən öz dəyirman funksiyamızı yerinə yetiririk, ölkəmizin, Şamaxımızın yenidən qurulmasına dəstəyimizi ifadə edirik. Söhbət Şamaxıdan və onun inkişafından gedirsə, şəxsi ambisiyalar kənara qoyulmalı, Şamaxının inkişafı və yüksəlişi üçün yaranan bu tarixi şansdan düzgün istifadə edilməlidir. Belə tarixi şanslar isə hər zaman ələ düşmür. Bir zamanlar Şamaxıda olan Aleksandr Düma yazırdı: «Şamaxı heç vaxt bu gündən sabaha salamat çıxacağını söyləyə bilməyəcək». Üstündən əsrlər keçib, baş verən zəlzələlər fonunda bəlkə də Düma hardasa haqlı idi. Ancaq unutduğu və bilmədiyi bir şey vardı. - Şamaxılılar hər dəfə zəlzələdən xaraba qalan bu şəhəri xarabalıqlar içindən dirçəltmək üçün özlərində qüvvə tapıblar. Dəfələrlə bu şəhəri inşa ediblər və onu tərk etməyiblər. Bu gün də belədir, sabah da belə olacaq. Şamaxını zəlzələlərə, epidemiyalara, yadelli istilalarına təslim etməyən mərd, əzmkar və arif şamaxılılar, Şamaxını özünü tanımayan üç-beş nəfər “hoqqabaza” da təslim etməyəcək.

Çünki biz Şamaxıya Fikrət Sadıq demişkən;

Mehr salmışıq, axı,
Heyran olmuşuq, axı,
Qüvvət almışıq, axı!
Şamaxı, ay Şamaxı!

Ruslan AĞAYEV
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin (QESAM) analitiki

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər